Onlar bildiriblər ki, yaxınlarının öz ölkələrinə qayıtması istiqamətində işlər görülmür
2024-cü il noyabrın 7-də Eritreya sularında girov götürülmüş 18 nəfər azərbaycanlı dənizçinin ailə üzvləri şikayətçidirlər.
Onlar Meydan TV-yə bildiriblər ki, “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycan dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərindəki yaxınlarının öz ölkələrinə qayıtması istiqamətində işlər görülmür.
“Üç aydır ki, həyat yoldaşım da olmaqla 18 azərbaycanlı 3 gəmi heyəti ilə birlikdə Eritreya tərəfindən girov götürülüb. Səbəb olaraq da göstərilir ki, külək olduğu üçün gəmilər sahilə yanaşıb. Deyilənə görə, üç aydır ki, danışıqlar gedir. Amma hələ də heç bir nəticəsi yoxdur”, – dənizçilərdən birinin həyat yoldaşı Meydan TV-yə deyib.
Həyat yoldaşına nəsə edəcəkləri qorxusu ilə onun və özünün kimliyini açıqlamayan şikayətçi deyir ki, dəfələrlə “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialına gediblər:
“Hər dəfə gedib, soruşanda, deyirlər ki, az qalıb, danışıqlar gedir, həll olunacaq. Hadisəni ictimailəşdirsələr də, əməli iş görmürlər”.
Digər bir şikayətçi isə deyir ki, hazırda Eritreyada girovluqda olan həyat yoldaşı onlarla gec-gec telefon əlaqəsi qura bilir:
“Orada şəbəkə olmadığı üçün ailə üzvümüzlə danışa da bilmirik. Həyat yoldaşım həftədə bir dəfə, on gündən bir peyk telefonu ilə zəng edir, onda da sadəcə, bir-iki dəqiqə danışa bilir. Təsəvvür edin ki, onlar bilmirlər ki, başlarına nə iş gələcək. Heç bir məlumatları yoxdur, onlara heç nə demirlər. Onlar yalnız saxlanıldıqlarını bilirlər. Hər dəfə zəng edəndə, bizdən soruşurlar ki, nə xəbər var, nə oldu, biz nə vaxt buraxılacağıq? Həyat yoldaşım deyir ki, onları elə gəmidə saxlayırlar. Qida ilə təmin edirlər. Hamı narahatdır, idarəyə müraciət olunur, hamıya da eyni cavab verilir ki, danışıqlar aparılır”.
“Caspian Marine Services B.V.” şirkətindən Meydan TV-nin sorğusu cavablandırılmayıb.
2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.
Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.
2025-ci il yanvarın 8-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb.
“Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir. Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib”, – XİN-in mətbuat xidməti bildirib.
Yanvarın 14-də “Caspian Marine Services B.V.” şirkətindən bildirilib ki, gəmilərinin sərbəst buraxılması prosesi uzanır.