Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb
2024-cü il noyabrın 7-də Eritreya sularında girov götürülmüş 18 nəfər azərbaycanlı dənizçinin Azərbaycana qaytarıldığı bildirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“18 nəfər Azərbaycan vətəndaşı dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində tərəfimizdən aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətirilib. Bu prosesdə yaxından dəstək göstərən Türkiyənin Eritreyadakı səfirliyinə dərin minnətdarlığımızı bildiririk”, – məlumatda deyilir.
“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycan dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərindəki 18 azərbaycanlı 3 gəmi heyəti ilə birlikdə 2024-cü il noyabrın 7-də Eritreya tərəfindən girov götürülmüşdü.
Gəmilər Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş etmişdi.
Azərbaycan XİN-nin məlumatında deyilirdi ki, keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreyanın müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılmışdı.
Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər idi.