Ərini öldürməkdə təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxıldı

Source: Meydan.TV

Ona qarşı irəli sürülən maddələr Amnistiya Aktına düşüb

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən 26 yaşlı Sevda Babayeva 8 ay sonra məhkəmə zalından azadlığa buraxılıb.

Dekabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hakim Cavid Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, Sevda Babayevanın ittiham olunduğu maddə dəyişib.

O, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunsa da, məhkəmə ittihamı Cinayət Məcəlləsinin 123-cü (zəruri müdafiə həddini aşmaqda adam öldürmə) maddəsinə tövsif edib.

Gənc qadına bu maddə ilə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Maddə 8 noyabr – Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktının təsiri altına düşdüyünə görə Sevda Babayeva məhkəmə zalından azadlığa buraxılıb.

Hakimlər belə nəticəyə gəlib ki, hadisə baş verərkən Sevda Babayeva özü də əri tərəfindən zorakılığa məruz qalıb.

O, özünü müdafiə edərkən həddi aşıb və nəticədə ölüm hadisəsi baş verib.

Hökmdən əvvəl Sevda Babayeva məhkəmədə son sözünü deyib: “Mən onu bilərəkdən öldürməmişəm, özümü müdafiə eləmişəm…”

Hazırda 1 yaş 6 aylıq bir övladı olan Sevda Babayeva məhkəmədə ifadə verərkən demişdi ki, 1994-cü il təvəllüdlü Elvin Əsgərzadə ilə təxminən 7 il bir-birini seviblər.

Valideynləri isə bu izdivaca razı olmayıb. Amma o, Elvini sevdiyini bildirərək onunla ailə qurmaqda israrlı olub.

Onlar hadisədən il yarım əvvəl evləniblər.

Qadının sözlərinə görə, evləndikdən bir müddət sonra aralarında mübahisələr, davalar yaranmağa başlayıb. Səbəb isə həyat yoldaşının evə, ailəyə münasibətinin dəyişməsi olub.

Sevda Babayeva deyir ki, Elvin evin problemlərilə maraqlanmır, onu tez-tez döyür, təhqir edirdi.

“Hamilə olduqları dövrdə iki dəfə kirayə puluna görə evdən çıxarıldıqlarını deyən qadının sözlərinə görə, sonda məcbur qalıb, valideynlərinin yanına yerləşiblər: “Atamın həyətində bir ev də vardı, orada yaşamağa başladıq. Ondan sonra uşağın yeməyini, geyimini də almırdı. Fəhlə işləyirdi, bilinmirdi ki, qazancı hara gedir. Üstəlik, döyürdü, valideynlərimin ünvanına nalayiq sözlər işlədirdi”, – deyə o bildirib.

“Valideynlərimə də heç nə deyə bilmirdim. İstəmirdim ki, ailəm dağılsın. Həm də özüm seçib getmişdim, şikayətlənə də bilmirdim. Uşağın pal-paltarını, yeməyini valideynlərim alırdı. Döyülmək, söyülmək bir yana, qadınlarla münasibətlərə görə də aramızda mübahisələr olurdu. Mənə deyirdi ki, “əcəb eləyirəm”. Axır vaxtlar davranışlarında başqa fərqlər də hiss eləyirdim. Düzdür, istifadə elədiyi yerdə görməmişəm, amma şübhələnmişdim ki, narkotikə qurşanıb”, – o belə deyib.

Hadisə gününə gəlincə, Sevda Babayeva bildirib ki, həmin gün də əri onu döyürdü. Buna görə mətbəxə qaçıb, lakin əri də arxasınca gəlib: “Başımı mətbəxdəki şkafa vurdu, məni boğmağa başladı. Çırpınırdım, canımı qurtarmağa çalışırdım. Necə oldu ki, onu vurdum, indi də xatırlaya bilmirəm. O çıxıb getdi. Bir qədər sonra mən atamgilə gedəndə gördüm ki, qapının ağzında uzanıb, qan axır. Sanki nə baş verdiyini onda dərk elədim. Qışqırıb atamgili çağırdım” .

Təcili Yardım çağırılsa da, təxminən yarım saat sonra gələn həkimlər onun artıq öldüyünü bildirib.

Sevda Babayevanın vəkili Elnur Salmanov da müvəkkilinin özünü müdafiə edərkən bu hadisəni törətdiyini bildirib.

Vəkil ona qarşı irəli sürülmüş qəsdən adam öldürmə ittihamının Cinayət Məcəlləsinin 123-cü maddəsinə tövsif edilməsini istəyib.

Vəkil bildirib ki, müvəkkili çoxsaylı zorakılıqlara, təhqirlərə dəfələrlə dözüb.

Sonuncu dəfə də o, özünü müdafiə etməyə çalışarkən Elvin Əsgərzadəni bıçaqla vurub.

Ekspertizanın rəyində də Sevda Babayevanın üzərində həmin gün yetirilməyə uyğun xəsarət izləri, o cümlədən boynunda qançırlar olduğu əksini tapıb.

Elvin Əsgərzadə ürək nahiyəsindən aldığı 1 bıçaq zərbəsindən ölüb.

Ekspert həmçinin onun hadisə günü narkotik maddə olan tiryək qəbul etməsi haqda rəy verib.

Zərərçəkmişin hüquqi varisi qismində məhkəmədə iştirak edən Elvin Əsgərzadənin atası Pənah Əsgərov gəlinindən şikayətçi olduğunu bildirib və Sevda Babayevanın cəzalandırılmasını istəyib.

Ana səhifəXəbərlərƏrini öldürməkdə təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxıldı