Ərinə 19 bıçaq vurmaqda günahlandırılan qadının məhkəməsi keçirilir

Öldürülən şəxs sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur

Source:


Öldürülən şəxs sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur

Aprelin 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi məhkəmə prosesi davam etdirilib.

Məhkəmədə olan Meydan TV əməkdaşının məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə X. İsgəndərovanın vəkili Abuzər Mütəllimov vəsatətlə çıxış edərək məhkəmə tərkibinə etiraz edib. O bildirib ki, məhkəmə dövründə hakimlər qərəzli olduqlarını göstərirlər, verilən vəsatətlər rədd edilir, baxılmamış saxlanılır: “Biz protokollarla tanış olmaq istəyirik. Lakin buna imkan verilmir və bizim hüququmuz pozulur. Deyirsiniz ki, məhkəmənin sonunda protokollarla tanış olun. Bu qanun pozuntusudur”.

X. İsgəndərova da vəkillərinin verdiyi vəsatəti müdafiə edib. Prokuror və zərərçəkən şəxsin hüquqi nümayəndəsi isə vəsatətin təmin edilməməsini məhkəmədən xahiş ediblər. Hakimlər müşavirədən sonra vəsatəti baxılmamış saxlayıblar.

İclasda Xalidə İsgəndərovaya sərbəst ifadə vermək təklif olunub. Lakin o, ifadə verməkdən imtina edib. Bundan sonra onun ibtidai istintaq zamanı verdiyi ifadələr elan edilib. Xalidə İsgəndərova ifadəsində hadisə baş verən gün evdə olduqlarını deyib: “Mən Füzulidən pul istədim. O da mənə 50 manat pul verdi. Lakin mən avtobusa verməyə xırda pul istədim. Dedi ki, gedib qarajdakı maşından gətirəcək. Fizuli qarajda olanda səs-küy gəldi. Biz də qaraja getdik. Gördüm ki, Füzulini bıçaqlayıblar. Onu vuran oğlan da orda idi. Fizuli ona dedi ki, arvad-uşaqla işi olmasın. Bu zaman həmin şəxs Füzulini yerə yıxıb bizə tərəf gəldi. Qızım Əmanənin arxasına keçib bıçağı boğazına dirədi ki, pul verin. Mən də evdə pul olmadığını dedim və qızıllarımı verdim. Dedi: “Səs-küy salsanız, qızı öldürəcəyəm”. Qapını açaraq qızı üstümə itələdi. O gedəndən sonra qızım qaçaraq təcili yardıma zəng elədi, bu zaman baldızım oğlu Orxan maşınla evin yaxınlığında olan Su Tikinti Xəstəxanasına apardı”.

Hakim bildirib ki, Xalidə İsgəndərova şahid kimi bir neçə dəfə dindirilib. Dindirmələr zamanı onun və qızı Əmanənin ifadələrində ziddiyyətlər olub.

Məhkəmə prosesi aprelin 14-də davam edəcək.

Bu iş üzrə məhkəmənin hazırlıq iclası keçən il noyabr 3-də keçirilib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili cinayət işində kobud qanun pozuntuları olduğu üçün işin ibtidai istintaqa qaytarılmasını istəmişdi. Məhkəmə vəsatəti təmin etmiş, işi ibtidai istintaqa qaytarmışdı.

Məlum hadisə 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında, qarajının önündə 19 bıçaq zərbəsi vurulmaqla amansızlıqla qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova saxlanılıb. Onu da qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub.

Ana səhifəXəbərlərƏrinə 19 bıçaq vurmaqda günahlandırılan qadının məhkəməsi keçirilir