“Ərimin ölümüylə bağlı prokurorluqda yetərli faktlar var, amma…”

Baş Prokurorluq. Foto: Meydan TV

Zəminə Əhmədova: “Biz adam deyilik? Bizi öldürüb, qanımızı batırmaq olar?!”

Şəmkir sakini Zəminə Əhmədova deyir ki, bir həftə sonra həyat yoldaşının ölümünün ili tamam olacaq. Lakin hələ də onun ölümündə təqsiri olan şəxslər cinayət məsuliyyətinə cəlb olunmayıb. Zəminə Əhmədova həyat yoldaşının ölümünə görə polis əməkdaşlarını ittiham etsə də, təqsirli saydığı şəxslərin cəzasız qalmasında prokurorluğu günahlandırır.

“Prokurorluğun əlində başqa sübutlar da var, araşdırmır”

Şəmkirdə iş adamı Arzu Cabbarovun ölümüylə bağlı araşdırmalar bir ilə yaxındır ki, Baş Prokurorluğun İstintaq İdarəsində gedir. İstintaq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə aparılır. Amma ailəsi əmindir ki, o, intihar etməyib. Həyat yoldaşının sözlərinə görə, ölümündən öncə xəstəxanaya aparılarkən Arzu Cabbarovun özünün göndərdiyi səsli mesaj da bunu deməyə əsas verir.
Zəminə Əhmədova Meydan TV-yə bildirib ki, həyat yoldaşına qarşı törədilən cinayətin üstünün açılması, onun ölümündə rolu olan şəxslərin cəzasını alması üçün çoxsaylı sübutları prokurorluğa təqdim ediblər. Lakin ortada nəticə yoxdur.

Arzu Cabbarovu xəstəxanaya aparanda göndərdiyi səs yazısından məlum olur ki, özünün damarlarını kəsməsi haqda deyilənlər yalandır, polislər ona xəsarət yetirib o vəziyyətə salıb. Prokurorluğun əlində başqa sübutlar da var. Hadisənin baş verdiyi evin yanındakı iki qonşudan kamera görüntüləri götürülüb. Saat 5-dən sonrakı görüntülər götürülüb. Niyə? Çünki saat 5-də qədərki görüntülərdə polis əməkdaşı Firuz İbrahimovun əvvəldən gəlib o evə girdiyi, yoldaşıma tələ qurulduğu görünür. Prokurorluq niyə bunu araşdırmır? Hadisədən dərhal sonra evdəki qan ləkələrinin üstünü boyayıblar. Prokurorluq yeni boya məsələsinə də əhəmiyyət verməyib”, – Zəminə Əhmədova narazı qaldığı məqamları sadalayır.

“Anten məlumatları niyə çıxarılmır?”

Onun sözlərinə görə, iş üçün vacib olan başqa məsələlər də var ki, araşdırılmayıb. Məsələn, hadisə vaxtı həmin evdə olmuş Yeganə Yusifova adlı qadının sonradan bir həftə Şəmkir rayon Polis Şöbəsində polislərin nəzarəti altında saxlanması iddiası. Şikayəti deyir ki, bu məsələnin araşdırılması üçün vəkili prokurorluğa vəsatət verib, Yeganə Yusifovanın telefon anten məlumatlarıyla bağlı məlumatların alınmasını istəyib:

“Yeganə Yusifova şübhəli və ya təqsirləndirilən şəxs deyil, hansı hüquqi əsasla onu polis şöbəsində 7 gün saxlayıblar? Prokurorluq niyə bu məsələni araşdırmır? Vəkilimiz vəsatət verib ki, anten məlumatları çıxarılsın, lakin çıxarılmır. Niyə? Biz adam deyilik? Bizi öldürmək, qanımızı da batırmaq olar? Yeganə özü də mətbuata müsahibəsində bunu təsdiqləmişdi. Onun valideynləri də təsdiqləyiblər ki, hadisədən sonra qızları evə gəlmişdi. Axşam saat 21 radələrində polis əməkdaşları Firuz və digərləri gəlib onu evdən aparıblar. Bir neçə gün sonra evə yuyunmağa gələndə üstündə xəsarətlər olub. Soruşublar ki, bu nədi? Deyib ki, polislər döyüb ki, ekspertizadan üzərində xəsarətlər olması haqda rəy alınsın. Sonra da rəsmiləşdirsinlər ki, guya Arzu döyübmüş onu. Hadisədən sonra Yeganə Yusifovanı bir müddət də Gəncədə gizlətmələri barədə sübutlar var”.

Zəminə Əhmədova. Foto: Meydan TV

Şikayətçinin sözlərinə görə, Yeganə Yusifova ilə yanaşı, polislərin özlərinin də səs yazıları var. Lakin onları araşdıran, hüquqi qiymət verən yoxdur.

Məni şantaj edirdilər ki, dərinə getmə, uşaqlarını saxla…”

Zəminə Əhmədova iddia edir ki, hələ hadisədən xeyli əvvəl Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları onun ərindən pul almağa çalışırdılar. Hadisə günü Arzu Cabbarovun o evə gətirilməsində də məqsəd bu olub. Onun sözlərinə görə, öncədən hazırlanan plana əsasən, tələ qurulub, Arzu Cabbarov Yeganə Yusifova vasitəsilə çağırılaraq gətirilib:

“Evi nəzarətdə saxlayan polislər də gözləyiblər, uyğun vaxtda içəri daxil olublar. Təbii ki, aralarında mübahisə yaranıb. Yoldaşımı döyüblər, daha sonra ona xəsarət yetiriblər. Hələ xəstəxanaya çatdırılandan sonra baş verənlərlə bağlı da müəmmalar var. Özü xəstəxanaya rahat şəkildə daxil olan adam az sonra necə olur ölür, qəribədir. Özü də deyir ki, “məni sındırmaq istədilər, sındıra bilmədilər”. Nə deməkdir bu? Sonradan mənim özümü də şantaj edirdilər ki, “bu işlə bağlı çox dərinə getmə, uşaqlarını saxla”.

Zəminə Əhmədova həyat yoldaşının ölümündən keçən bir il ərzində müxtəlif dövlət orqanlarına onlarla məktublar yazıb göndərib, dəfələrlə məmurların qəbuluna gedib. Deyir ki, daxili işlər naziri Vilayət Eyvazovun Qərb zonasına səfərləri zamanı bir neçə dəfə onun qəbulunda olub:

“Axırıncı dəfə heç axıra qədər dinləmədən, bir qədər də acı şəkildə dedi ki, bu məsələ araşdırılıb, polislərin təqsiri yoxdur, özü özünü öldürüb, bu məsələ qapanıb. Mən durub otaqdan çıxdım, sonradan bir əməkdaş arxamca gəldi. Nədi araşdırılan, mənə desinlər görək? Şəmkir polisinin Yeganə Yusifova ilə əlaqələri araşdırılıbmı, Vilayət Eyvazov? Araşdırılıbsa, nə ortaya çıxıb? Mən demirəm, adamın özü, valideynləri deyirdi bunları”.

Zəminə Əhmədova Baş Prokurorluğun rəhbərliyinin də qəbulunda olub. Onun sözlərinə görə, martda Baş prokurorun müavini onu qəbul edib:

 “Mənə dedilər ki, istintaq davam edir, nəticəni gözləyin. Artıq bir il olur, nə vaxta qədər? Bu cinayətin üstünü açmaq, təqsirkarları cəzalandırmaq üçün prokurorluğun əlində yetərincə faktlar var. Amma işdə adı keçənlər polislərdir deyə, uzadırlar”.

Prokurorluq və DİN nə deyir?

Prokurorluqdan Meydan TV-yə bildirilib ki, Arzu Cabbarovun ölüm faktı üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsilə istintaq hərəkətləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, Zəminə Əhmədovanın həyat yoldaşının ölümündə polis əməkdaşlarının iştirakıyla bağlı şikayəti üzrə araşdırma aparılıb, onun iddiaları təsdiqini tapmayıb.

Hadisədən sonra Daxili İşlər Nazirliyinin Regional Mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, 2022-ci il mayın 7-də saat 17:50 radələrində Yeganə Yusifova Polis Şöbəsinə müraciət edərək, tanışı Arzu Cabbarov tərəfindən təhqir olunaraq döydüyünü bildirib və kömək istəyib. Müraciətlə əlaqədar polis əməkdaşları hadisə yerinə gedərkən, həmin qadınla onun şikayətçi olduğu şəxsin mübahisəni davam etdirdiyini görüb:

“Polis əməkdaşları vətəndaş Arzu Cabbarovla profilaktiki söhbətlər apararaq, onu sakitləşdirməyə çalışıblar. Lakin Arzu Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək, polisin qanuni tələblərinə tabe olmayıb, evin qapısındakı pəncərənin şüşəsini sındıraraq həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib. Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Arzu Cabbarov dərhal əməliyyat edilsə də, əməliyyatdan az sonra vəfat edib. Hazırda fakt Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindərir, araşdırmalar davam etdirilir”.

Ana səhifəBölgə“Ərimin ölümüylə bağlı prokurorluqda yetərli faktlar var, amma…”