Əri tərəfindən baltalanmış qadın: Uşaqlar qəndlə çörək tapanda sevinir

5 uşaqla təmirsiz mənzildə yaşayan qadın işsizlikdən və imkansızlıqdan əziyyət çəkdiyini deyir

Source:
45286


5 uşaqla təmirsiz mənzildə yaşayan qadın işsizlikdən və imkansızlıqdan əziyyət çəkdiyini deyir

Səadət Rəhimova İmişlidəki 4 otaqlı, təmirsiz mənzilində 5 uşağı ilə birgə yaşayır. Həyat yoldaşı 7 ay öncə həbs edilib, 10 il cəza alıb. Həbs edilmə səbəbinə gəlincə, 39 yaşlı İmişli sakini o günləri xatırlayanda hələ də əl-ayağının əsdiyini söyləyir:

“İşləmirdi, 5 uşağa baxa bilmirdik. Elə olurdu günlərlə ac yatırdıq. Bezdim, bir gün evə gələndə dilləndim ki, belə olmaz, bir iş tap, çalış, evə pul gətir. Əsəbiləşdi, baltanı götürüb cumdu üstümə. Boyun nahiyəmə xəsarət yetirdi. Ürəyi soyumadı, bıçaqla üzümə də zərbə vurdu”.



16 illik birgə həyat, 5 uşaq, şəraitsiz mənzil…

Səadət Rəhimova ilə Xəyal Qurbanov xala qızı, xala oğludurlar. Aralarında 4 yaş fərq var, Səadət böyükdür. Onlar 16 il öncə nişanlanıblar. Ailələr imkansızlıqdan toy edib, cehiz ala bilmədiyi üçün cütlük qoşulub qaçıb. 16 illik evlilik həyatlarında 5 uşaqları olub. Böyüyünün 15, ən kiçiyinin isə 3 yaşı var. İllərlə evsiz qalan ailə bir müddət fermada yaşayıb, işləyiblər, sonra heyvanlar üçün nəzərdə tutulan daxmaya köçüblər. Daxma şəraitsiz olduğundan İmişli Rayon İcra Hakimiyyəti ailəyə 4 otaqlı mənzil verib.

Onlar 4 ildir ki, dəmiryolunun kənarında, əvvəllər məcburi köçkünlərin yaşadığı, şəraitsiz dövlət binasında məskunlaşıblar. Hadisə də elə burada olub.

Qənd nədir ki, alıb uşaqlarımın çayına qata bilmirəm

“Gözümü açanda xəstəxanada idim. Otaqda polis var idi. Məni kimin bu vəziyyətə saldığını soruşanda dedim. 14 il iş düşürdü. Sonradan şikayətimi geri götürdüm. Lənkəran Şəhər Məhkəməsinin qərarı ilə həyat yoldaşım 10 il həbs edildi. İndi Bakıda, həbsxanada yatır”.

Xəyal Qurbanovun həbsindən sonra ailənin vəziyyəti daha da ağırlaşıb. Səadət Rəhimova heç yerdə işləmir. Son iki ayda aldığı ünvanlı sosial yardım da kəsilib. Təkcə, 12 yaşlı sinir xəstəsi olan qızına görə ayda 80 manat alır. Həmin vəsaitlə 6 nəfərlik ailə yarıac-yarıtox dolanır:

Səadət Rəhimova
Səadət Rəhimova

“Adicə qənd nədir ki, mən onu alıb, uşağımın çayına qata bilmirəm. Günlərdir ancaq yavan çörəklə dolanırdıq. Bu səhər anam bir az şəkər göndərmişdi. Onu suya qatıb, bəh-bəhlə yeyib, getdilər. Bu, bizim ən yaxşı yeməyimizdir. 2-3 qəndi ağ suya qatıb, içinə çörək doğrayıram. Uşaqlar çox sevirlər. Sevməyib nə edəcəklər, yavan çörəkdən yaxşıdır. İndinin özündə də evdə qənd və çörəkdən başqa heç nə yoxdur”.

Yaxınlıqdakı mağazaya 500 manata yaxın borcum var

S.Rəhimova çox çətinliklə günü başa vurduqlarını söyləyir. Deyir, anası və bacısı olmasa, acından ölərlər:

“Dolana bilmirəm. İşləməyim də mümkün deyil. Körpəm var, bundan əlavə, 12 yaşlı qızım Zəhra ruhi xəstədir. Onu nəzarətsiz qoyub, harasa çıxa bilmirəm. O gün qonşuya çıxmağımla başını odun peçinin içinə salıb, üz-gözünü yandırıb. Yaxınlıqdakı mağazaya 500 manata yaxın borcum var. İndi mənə nə qənd, nə də çay verir. Bacım Bakıda yaşayır. Arada qənd, çay, şəkər göndərirdi. İndi qurtarıb, deyə də bilmirəm. Sonuncu dəfə “nə qədər mən sənə kömək etməliyəm?”, – dedi. İndi ona nəsə deməyə heç üzüm gəlmir”.

Hələ də yaşadığım hadisənin şoku içindəyəm

Səadət Rəhimova başına gələn hadisədən sonra psixoloji dəstək almayıb, müalicə edilməyib. Odur ki, aldığı travmanın nəticələrini bu gün də yaşayır. Deyir, gecələr yuxusu qarışır, tez-tez diksinib oyanır:

“Gündüzlər də qorxu içindəyəm. Evdəki bütün kəsici alətləri gizlətmişəm. Lazım olanda bir bıçağı çıxarıb işlədib, sonra yenə gizlədirəm. Hadisə uşaqların gözü önündə olub. Məncə, elə onların da köməyə ehtiyacları var. Yaşayışımızı da görürsüz. Neftin binasıdır, əvvəl məcburi köçkünlər yaşayırdı, onlara ev verilib, köçürüləndən sonra bizə verdilər. İndi binada yerlilər, evsiz-eşiksiz olanlar, ehtiyaclı ailələr yaşayır. Ona görə qonşular da bir-birinə əl tuta bilmir”.

Az qalıram baş götürüb gedəm

Nə qədər təmirsiz və şəraitsiz olsa da, Səadət Rəhimova bugünkü evindən razıdır. Deyir, əvvəl yaşadığı yerlərə baxanda, bura çox yaxşıdır:

“Pis vəziyyətdə olsa da, əvvəlkindən qat-qat yaxşıdır. Təmir etsək, əməlli başlı ev olar. Edə bilmirəm, imkan yoxdur. İmkan yoxdur decək, yeməyə çörək tapmırıq, qaldı ev təmir etdirək. Arada o qədər bezirəm ki, az qalıram baş götürüb gedəm. Anam deyir, bala, sən getsən, bu qədər uşağa kim baxacaq? İcra bayramlarda ət verirdi, son vaxtlar onu da kəsib. Vallah, az qalıram özümü öldürəm”.

Gəlsin, araşdıraq

Meydan TV məsələyə münasibət öyrənmək üçün İmişli Rayon Sosial Müdafiə Fondu ilə əlaqə saxlayıb. Səadət Rəhimovanın aldığı sosial müavinətin niyə kəsilməsi ilə maraqlanıb. Fondun Nofəl Atakişiyev adlı əməkdaşı bildirib ki, əgər Səadət Rəhimovanın yardımı kəsilibsə, o zaman onlara müraciət etsin:

“Birinci gün bizim idarəyə gəlsin. Ərizə ilə müraciət etsin. Biz araşdıraq, görək həmin xanımın yardımı nə səbəbə dayandırılıb. Hər bir halda bizə müraciət etməlidir”.

Ana səhifəBölgəƏri tərəfindən baltalanmış qadın: Uşaqlar qəndlə çörək tapanda sevinir