Ərəstun Oruclu: Rusiya aqressivləşib, daha ciddi problemlər yaradacaq

Ərəstun Oruclu

Ərəstun Oruclu

''Qərbin indiki mərhələdə Rusiyaya qarşı yürütdüyü siyasət kökündən yanlışdır''

Hazırda dünya siyasi gündəmini ABŞ və Avropa Birliyi ölkələri ilə Rusiya arasında yaşanan diplomatik gərginlik təşkil edir. Meydan TV hazırda mühacirətdə yaşayan siyasi icmalçı Ərəstun Oruclu ilə bu və digər məsələlər barədə söhbətləşib

- Ərəstun bəy, dünyanın siyasi gündəmi ABŞ və Böyük Britaniya başda olmaqla Avropa Birliyi ölkələri ilə Rusiya arasındakı diplomatik gərginlikdir. Hətta ABŞ Dövlət Departamentinin rəsmisi Hizer Noyert bildirib ki, Rusiya sabiq kəşfiyyatçı Skripalın həyatına sui-qəsdi etiraf etməli və təcavüzkar davranışına son qoymalıdır. Bu mənada başlanmış gərginlik dünya üçün hansı təhlükələr yaşada bilər?

- Əvvəla, sabiq kəşfiyyatçı Skripalın zəhərlənməsi məsələsində bir məntiqsizlik və dolaşıqlıq görünür. Aydın deyil ki, vaxtilə mühakimə olunmuş və Böyük Britaniyaya dəyişdirilmiş keçmiş hərbi-kəşfiyyat polkovnikini seçki ərəfəsində zəhərləmək Rusiyanın nəyinə lazım idi? İki ehtimal ortaya çıxır: Birinci, ola bilsin, doğrudan da, Rusiyanın Skripalın zəhərlənməsində əli yoxdur. İkinci, Rusiya daxilində prezident Putinə qarşı olan qüvvələr məqsədli şəkildə bu olayı törədiblər ki, seçkidən sonrakı mərhələdə birinci şəxs üçün problem yaratsınlar. Gördüyümüz kimi kifayət qədər ciddi problem də yaranıb. Ardınca martın 25-də Kemerovoda yanğın nəticəsində 42-si uşaq olmaqla 64 nəfərin ölməsi də, fikrimcə, sıradan bir hadisə deyil. Bu yanğının kriminal xarakterli olması, Moskvadakı Puşkin meydanında martın 27-də az sayda olsa da, keçirilən aksiyada Putinin istefasını tələb edilməsini də bura əlavə etsək, Rusiyanın daxilində çox mürəkkəb, çoxşaxəli və çoxmüstəvili siyasi proseslərin getdiyini deyə bilərik. Bunların da hələlik bütün konturlarını tutmaq mümkün deyil. Qərb bu məsələdə yeni bir addım atmayıb, sadəcə, bəhanə lazım idi və istifadə etdilər. Faktiki olaraq, bütün cəbhəboyu Rusiyaya qarşı diplomatik sanksiyalar tətbiq olundu, daha ciddi sanksiyalar isə hələ qarşıdadır. Bütün bunların fonunda Rusiya hakimiyyətinin bir qədər də zəifləməsi üçün ideal şərait yaranıb. Dövlət Departamentinin rəsmisinin açıqlamasına gəlincə, Moskvanın nəyisə etiraf edəcəyinə inanmıram. Hətta keçmiş kəşfiyyat polkovnikini Rusiya zəhərləyibsə belə, etiraf olmayacaq. Mənim suallarım yenə də yuxarıda xatırlatdığım iki ehtimalın üzərində dayanır. Bir daha təkrar edirəm, istisna deyil ki, Rusiyada hakimiyyət daxilində ciddi mübarizə gedir və Kremlin həmin sui-qəsddə əli yoxdur. Bunlar əlbəttə ki, ehtimallardır və hər iki ehtimal da real ola bilər.

 - Yəni Rusiyada elə qüvvələr varmı ki, Böyük Britaniya imperiyasının paytaxtı Londonda belə tanınmış adama qarşı sui-qəsd həyata keçirə bilsinlər?

 - Əlbəttə. Təəssüf ki, Azərbaycanda siyasi təhlilçilər Rusiya hakimiyyətində ciddi ikitirəliyin olduğunu əksər hallarda nəzərə almır. Birincilər Putin və ona yaxın oliqarxiyadır və həmin oliqarxların da əksəriyyəti onun şəxsi dostlarıdır. İkincilər hərbi-sənaye kompleksidir və ora da çoxsaylı böyük strukturlar daxildir: Müdafiə Nazirliyi, bu sahəni kurasiya edən dövlət rəsmiləri, Baş Kəşfiyyat İdarəsi, çoxsaylı müdafiə sənayesi obyektləri, banklar və digər qurumlar. Zəhərləndirildiyi iddia edilən Skripal da vaxtilə həmin qurumlardan birinin – Baş Kəşfiyyat İdarəsinin əməkdaşı olub. Tamamilə mümkündür ki, Baş Kəşfiyyat İdarəsi də, elə eynilə Xarici Kəşfiyyat İdarəsi kimi belə bir əməliyyatı gerçəkləşdirə bilsin. Bu iki qurumun ayrı-ayrı missiyaları və fəaliyyət dairələri olsa da, texniki baxımdan hər ikisi üçün bunu törətmək problem deyil.

 - Dediklərinizdən belə anlaşılır ki, bunlar Vladimir Putinin nəzarətindən çıxıb ona qarşı dayanıblar, doğrudanmı?

 - Onların nə vaxtsa Putinin nəzarətində olduğunu düşünmürəm. Onlar hətta Stalinin hakimiyyətinin son illərində də onun nəzarətində olmayıblar. Rusiya hərbi dövlətdir və 300 illik hərb təcrübəsi, hərb tarixi var. Belə dövlətdə hərbi maşın, yəni güc strukturu olaraq ordu, ümumilikdə hərbi sənaye kompleksi heç bir vaxt tam nəzarətdə olmayıblar və ola da bilməzlər.

 - Həmin qüvvənin məqsədi Putini hakimiyyətdən götürüb Rusiyanı gücləndirmək, yoxsa zəiflətməkdir?

 - Burda söhbət hakimiyyət uğrunda mübarizədən gedir, onların məqsədi hakimiyyəti götürməkdir. Hərbçilərin hakimiyyəti götürmək cəhdi son 25-30 ildə dəfələrlə olub, məsələn, 1991-ci ilin 19 avqust QKÇP olayı, yaxud 1993-cü ildə Yeltsini devirmək cəhdi. O zaman Yeltsin orduyla danışığa getdi və nəticədə tanklar Dumanın binasını atəşə tutdular. 2012-ci ildə Rusiyada hərbi sənayenin modernləşməsi proqramı qəbul edildi ki, bu proqram üçün də təxminən 750 milyard dollar vəsait ayrılması nəzərdə tutulmuşdu. Sənəd 2014-20-ci illəri əhatə edirdi. Söhbət 1 ildə təxminən 107-108 milyard dollar vəsaitdən gedirdi. O zaman neftin qiyməti də yüksək idi və bu proqramın qəbulu hərbçilərin neft gəlirlərindən payı kimi izah edilirdi. Sonradan həm Ukrayna olayları, həm də neftin qiymətinin xeyli aşağı düşməsi böhrana səbəb oldu. Məsələ ondadır ki, Azərbaycan kimi Rusiyanın da neftdən, qazdan başqa gəlir mənbəyi yoxdur. Oliqarxiya ordu ilə bölüşməyi arxa plana keçirib və təbii ki, bu da daxili münaqişə yaradıb. Hərbçilərin hakimiyyətə gəlməsi generalların gəlib vacib idarəetmə yerlərində oturması anlamına gəlməsin. Onların müəyyən bir mülki fasadı olacaq, amma real idarə edən hərbçilər olacaq. Təxminən 70-80-ci illərdə Türkiyədə olan modeli buna misal göstərmək mümkündür. Ancaq bu model nə dünya, nə qonşu dövlətlər, nə də Rusiyanın özü üçün yaxşı heç nə vəd etmir. Son əsrin tarixinə baxsaq görərik ki, çox az istisnalarla hərbçilərin idarəçiliyi uğurlu nəticələrə gətirməyib.

 - Deməli, məqsəd demokratik Rusiya yaratmaq deyil?

- Rusiya demokratik ölkə ola bilməz, ən azı bu gün bunun üçün zəruri olan potensialı yoxdur.

- Qərbin Rusiyaya münasibətdə məqsədi nədir?

 - Burda da vəziyyət kifayət qədər mürəkkəbdir. Əvvəla, ABŞ və Avropa Birliyi heç də əvvəlki münasibətlər müstəvisində deyil. Donald Trampın Amerikanın önə çəkilməsi siyasəti Avropa Birliyini qane etmir və artıq Brüssellə Vaşinqton arasında soyuq münasibətlər mövcuddur. Ölkələrdən çıxarılan Rusiya diplomatlarının siyahısına baxanda incə bir məqam nəzərə çarpır: Amerikadan 60 diplomat çıxarılıb, Avropa Birliyi ölkələrindən barmaqla sayılacaq qədər. Böyük Britaniyadan 23 diplomat və bu da aydındır, çünki Skipiralı orda zəhərləyiblər. Vaşinqtonun da motivi aydındır, Tramp bir qədər Rusiyadan məsafələşməyə çalışır və göstərmək istəyir ki, Rusiyaya qarşı daha kəskin addım ata bilər, Obamadan da sərt. Hətta bununla bağlı digər ölkələrə çağırış da etdi. Avropa Birliyi ölkələri barmaqla sayılacaq qədər az sayda diplomatı çıxarmaqla yalnız müttəfiqlik xatirinə bu işdə iştirak etdiklərini büruzə verirlər. Düşünmürəm ki, Almaniyada Rusiyanın kəşfiyyat şəbəkəsi Böyük Britaniyadakından kiçikdir, məncə, əksinə, daha güclüdür. Almaniya 30 diplomat çıxarda bilərdi, amma 4 diplomatla kifayətləndi. Əslində, Avropa dövlətləri həm də Rusiya ilə münasibətlərin tam korlanmasında maraqlı olmadıqları mesajını verirlər. Digər tərəfdən, istər Avropa Birliyi, istərsə də ABŞ prinsip etibarı ilə eyni məqsədi güdür: Rusiyanı maksimal dərəcədə zəiflətmək. Bu mənada elə son addımlar da Rusiyanı beynəlxalq təcridə salmaqdır.

 - Bu siyasət nə dərəcədə effektivdir?

 - Mən hesab edirəm ki, effektiv deyil. Rusiyaya qarşı yürüdülən bu siyasət dəyişməlidir, çünki o, yanlışdır. Rusiya dizi üstə dayanıb üzr istəyən, yaxud öz hədəflərindən geri çəkilən dövlətlərdən deyil. Əksinə, Rusiya aqressivləşəcək, daha da ciddi problemlər yaradacaq. Təəssüf ki, Qərbdə hətta tanınmış təhlilçilərdən də belə düşüncəsiz analizlər görmüşəm ki, guya Rusiyanı sıxdıqca, sosial-iqtisadi problemlər artacaq, etirazlar güclənəcək və ölkə inqilab mərhələsinə qədəm qoyacaq. Hər iki halda, inqilab olacağı, yaxud olmayacağı halda, çox təhlükəli gedişdir. Birinci, Rusiya kimi dövlətdə xaos yaranacaqsa, birmənalı olaraq ordu hakimiyyəti götürəcək. Rusiya nüvə dövlətidir, nüvə dövlətində xaos, inqilab nəin həmin dövlətə, bütün dünyaya təhlükədir. Bu baxımdan, Qərbin hesablaması səmərəsiz və əks-effekt verə biləcək yanlış hesablamadır. Digər tərəfdən də, Rusiya əhalisi əsrlər boyu imperialist sentimentlərə köklənib, bu ölkədə təbliğat maşınının da hansı istiqamətdə işlədiyi görünür, telekanallar bu gün şovinzm təbliğatına köklənib və rus cəmiyyəti əsasən bunu qəbul edir. Putinə nə qədər adamın səs verdiyini gördünüz. Saxtakarlığı kənara qoyaq, bunlar oldu, amma real səsverənlər də yetərincə idi. Məsələ ondadır ki, Rusiya cəmiyyəti həmişə xarici təhdid amili ilə qidalandırılıb, məhz bu təhdid altında hakimiyyətin ətrafında sıx birləşib. Sabah Putini hərbçilər əvəz edəcəksə, bu halda daha sərt idarəetmə və xarici siyasət olacaq. Məsələn, demokrat sayılan Aleksey Navalnıy baxışlarına görə ultramillətçidən heç nə ilə fərqlənmir. Rusiyanın siyasi reallığı belədir. Ona görə Qərbin indiki mərhələdə Rusiyaya qarşı yürütdüyü siyasət kökündən yanlışdır və bunun da əsas səbəbləri son 1-2 ayda Vaşinqtondakı dəyişikliklərdir.

- Söhbət hansı dəyişikliklərdən gedir?

- Faktiki olaraq, Tramp administarsiyasına neokonservatorlar siyasi cərəyanının daxil olması davam edir. Onların ən parlaq və ən təhlükəli nümayəndəsi isə milli təhlükəsizlik müşaviri postuna gətiriləcəyi elan olunmuş Con Boltondur. Yaxud yeni dövlət katibi Mayk Pompeo təyin edilib. Con Boltonun yazdığı kitabın adı belədir: “İranla danışmağın yolu onu bombalamaqdır”. Belə adamlar kiçik Corc Buş zamanı ABŞ siyasətini yönəldib ki, bunun da nəticələri İraqda, Əfqanıstanda və digər ölkələrdə bugünədək baş verənlərdir. Bu gün onlar yenidən hakimiyyətə qayıdırlar və bu, hər yerdə anlaşılan narahatlıq doğurur, çünki onlar əsl dağıdıcı zümrədir. Bu mənada Dik Çeynini, Donald Ramsfeldi, Kondoliza Rayssı xatırlamaq yetər. Bu adamların hakimiyyətə gəlişi Vaşinqtonun siyasətini sərtləşdirəcək və bu sərtlik də artıq özünü ilkin işartılarla göstərir.

- 18 il hakimiyyətdə olan Putin yaxın 6 ildə hakimiyyətdə qalsa, nə dəyişəcək?

- İstər Rusiyada Putin, istərsə də Azərbaycanda Əliyev hakimiyyətdə qalsın, heç bir şey dəyişməyəcək. Bu tip liderlərin nəyisə dəyişmək üçün səbəbi yoxdur, onların bütün fəaliyyəti şəxsi hakimiyyət, şəxsi varlanmaqdır ki, bunu da rahat həyata keçirirlər. O zaman hansı səbəbdən bunlar nəyisə dəyişməlidir?

 - Nəhayət, Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisinə gələk. Seçki prosesi çox sakit keçir, bu mənada yaxın 7 ildə Əliyev hakimiyyətindən hansı gözləntiləriniz var?

 - Dünyada baş verən son siyasi gəlişmələr fonunda Azərbaycanda 7 il yox, elə bircə il irəliyə danışmağa dəyər. Ona görə ki, artıq Vaşinqton-Bakı münasibətlərində müəyyən soyuqluq görünür, çünki Azərbaycan istəmədən belə yuxarıda qeyd etdiyim həmin siyasətin burulğanına düşüb. Məsələ ondadır ki, Tramp administrasiyasının xarici siyasət kursunun əsas çaları onun anti-İran istiqamətidır. Bu mənada yaxın 1 ildə İrana qarşı çox sərt siyasət yürüdüləcək, söhbət bəlkə də hərbi müdaxilədən gedəcək. Avropa Birliyi bunu dəstəkləməyəcək, yalnız İsrail və Böyük Britaniya dəstəkləyə bilər. Türkiyə sual altındadır, Rusiya isə İranın müttəfiqidir. Beləliklə, Yaxın Şərq çox böyük müharibəyə cəlb oluna bilər. Hazırda ABŞ hakimiyyətinə yerləşən “neokonlar” kürd muxtariyyatları üzərində düşünürlər, amma bu da faktdır ki, Suriya və İraqda bu plan tam iflasa uğradı. Bu iki ölkədən İrana qarşı istifadə etmək artıq mümkün olmayacaq. Qalır Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri. Çox güman ki, Azərbaycandan da istifadə etmək istəyəcəklər, amma bu, qeyri-mümkündür. Azərbaycan hakimiyyətinə təminatlar versəydilər, bəlkə də buna razılaşardı. Ancaq bu, geosiyasi konyunktura baxımından qeyri-mümkündür. Öz ərazisindən İrana qarşı hər hansı addımın atılmasına icazə vermək yalnız Əliyev hakimiyyətinin yox, Azərbaycanın sonu demək olardı. Təsəvvür edin ki, hansısa təcavüzkar Azərbaycanın ərazisində raket toplayıb 30 milyon azərbaycanlının da yaşadığı İranı vurmağa başlayır. Belə bir işə razılıq vermək artıq Azərbaycan xalqının milli maraqlarına qarşı atılmış tarixi cinayət olardı. Əliyev hökuməti bunu yaxşı anladığından müxtəlif manevr etmək istəyir, çünki İran və Rusiya ilə qonşuluqa olub, bunu etməyin hansı nəticələri olacağını təsəvvür etmək çətin deyil. Belə bir plan varsa, deməli, bir müddətdən sonra Vaşinqtonun Bakıya təzyiqləri artacaq. Gördüyümüz kimi, çoxlu məchulları olan mürəkkəb bir durum mövcuddur ki, Əliyev hakimiyyətinin də indiki şəraitdə əsas vəzifəsi özünü xilas etməkdir.

- Bəs xilas edə biləcəkmi?

- Bunu zaman göstərəcək, hərçənd mən düşünürəm ki, Əliyev hakimiyyəti özünü xilas edə bilməyəcək. Çünki Rusiyaya qarşı sərt tədbirlər bu dövləti özünün “yaxın xaric” saydığı postsovet məkanında möhkəmlənməyə sövq edəcək. Rusiyanın bu istiqamətlərdə siyasətini həyata keçirmək imkanları genişdir, Azərbaycan olsun, ya da Ermənistan, hər iki ölkədə nüfuzlu Rusiyanın “beşinci kolon”u var. Məsələ burasındadır ki, Rusiya özünün cənub cinahını möhkəmləndirib, İranı qorumaq üçün ona birbaşa çıxış əldə etməlidir. Belə bir mürəkkəb situasiyada hakimiyyəti əldə saxlayıb istədiyi kimi idarə etmək planlarının işləyəcəyinə şübhə edirəm. Mümkündür ki, biz bir ildən sonra regionda və Azərbaycanda tamamilə fərqli siyasi mənzərə görəcəyik. Artıq dünya siyasəti elə bir mərhələyə çatıb ki, 1 ildə bir çox məsələ aydınlaşmalıdır, sular durulmalıdır. Əks təqdirdə dünya qlobal müharibəyə sürüklənə bilər ki, bu da heç kimin marağında deyil.

 - Seçki prosesini necə, izləyirsinizmi?

 - Ürəkbulandırıcı olduğundan o barədə danışmaq belə istəmirəm. Heç bir seçki prosesi yoxdur. Ən təəssüf doğuran odur ki, Azərbaycan cəmiyyətində olan-qalan dəyərlər sisteminin də sürətlə dağıdılması gedir. O çıxışları ki, Əliyevin alternativləri edir, bu, artıq gülünc yox, ağlamalıdır. Siyasətin söyüş-təhqir müstəvisinə keçməsi ağrılı, ürəkbulandırıcı və təhlükəli bir bəladır. Ümid edək ki, bütün bu biabırçılıq tezliklə öz məntiqi sonluğuna çatacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nq5atf

Ən çox baxılan