Ərəstun Oruclu: “Ramiz Mehdiyev Qərbə “gəlin, bizimlə danışın” deyir

Xədicə İsmayıl: “Ramiz Mehdiyevin Marqarita Simonyanın ortaya çıxardığı ekspertlərin əlinə baxması bir az ürəyimi ağrıtdı”

Source:


Xədicə İsmayıl: “Ramiz Mehdiyevin Marqarita Simonyanın ortaya çıxardığı ekspertlərin əlinə baxması bir az ürəyimi ağrıtdı”

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsində Qərbi, xüsusən ABŞ-ı ikili standartlarda, rəngli inqilablarda və “beşinci kalon” yaratmaqda qınayır. Bununla bərabər, bir sıra adlar çəkilib, konkret olaraq, AXCP, Müsavat Partiyası, politoloq Eldar Namazov, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl, “Azadlıq” qəzeti ittihamlara hədəf olub.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir ki, Ramiz Mehdiyevin məqaləsində yeni heç bir şey yoxdur, mahiyyətcə, onun Tehranda səsləndirdiyi fikirlər, sabiq səfir Morninqstarın çıxışına olan reaksiyanın davamıdır: “Budəfəki məqalədə yalnız bir yeni detal cəlb edir, Dövlət Departamentinin sözçüsünün çıxışına münasibət. Məsələ ondadır ki, bundan əvvəl Milli Məclisin sədri Oqtay Əsədovun, vidte-spiker Bahar Muradovanın, XİN-nin mətbuat xidmətinin rəhbəri, Milli Məclisin komitə rəhbəri Əli Hüseynovun reaksiyaları olmuşdu. Bunların hamısı və nəticədə Ramiz Mehdiyevin məqaləsi Qərbə mesajdır ki, gəlin, bizimlə danışaq. Mesajların sərtliyinə gəlincə, yəqin düşünürlər ki, bu sərtliklə müəyyən divident əldə etmiş olurlar. Yəni müəyyən “əl yeri” qoymuş olurlar ki, Qərb artıq danışıqlara gələndə, bir növ hazırlıqlı gəlsin. Amma mən bütün bunları çağırış hesab edirəm. Ramiz Mehdiyev göstərmək istəyir ki, Azərbaycanda söz sahibi mənəm, gəlin, mənimlə danışaq”.

Politoloq iki gün əvvəl prezident İlham Əliyevin “Rusiya-24” televiziyasına müsahibəsində Moskvaya xoşməramlı mesajlarını xatırladaraq bildirdi ki, bu cür xoşməramlı münasibət həmişə olub, bu, yenilik deyil: “Çünki Rusiyadan qorxurlar. Amma meylləri Qərbədir. Xüsusən Ərdoğan-Putin anlaşması və bunun arxasınca Qroznıda vəziyyətin gərginləşməsi fonunda, Moskvanın gələn il Qafqazda 20-yə yaxın hərbi təlim keçirəcəyi mesajı bölgədəki geosiyasi vəziyyətin hansı istiqamətə gedəcəyinin göstəricisidir. Bu fonda da rəsmi Bakı təmsilçilərinin hamısı xorla Qərbi ittiham etməklə Avropanı aldatmaq istəyirlər ki, gəlin, bizimlə danışın”.

“Hakimiyyətin meylli necə Qərbə ola bilər ki, Avropayönümlü təşkilatları təzyiqə məruz qoyurlar” – sualına cənab Oruclu belə cavab verdi: “Bunu mübadilə vasitəsi kimi edirlər, yəni filankəslər həbs edilib, gəlin, bizimlə danışın”.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl da haqqında yazılanları oxuyub: “Maraqlısı budur ki, indiyə qədər haqqında jurnalist araşdırmaları etdiyim məmurların heç biri məni yalan yazmaqda günahlandırmayıb, əksinə, Ramiz müəllimin birbaşa tabeliyində olan Əli Həsənov, onun ailə biznesi haqqında yazdıqlarımın həqiqət olduğunu deyib. Ramiz müəllimə rəhbərlik edən İlham Əliyevin ailəsinin bulaşdığı korrupsiya faktları ilə bağlı araşdırmalarım da indiyə qədər faktoloji baxımdan şübhə altına alınmayıb. Alına da bilməz, çünki faktları yoxlayıb, sonra yazıram. Ramiz müəllimin mənim fikrimi ifadə etməyimlə bağlı problemləri var. Fikrini azad ifadə etməyi bacaran hər kəsi özü və təmsil etdiyi hakimiyyət üçün təhlükə görən Ramiz müəllimin psixoloji sarsıntısını anlaya bilərəm. Amma mənim fikrimi ifadə etməyimi Azərbaycan əleyhinə yönəlik fəaliyyət kimi təsvir etməsini onun yaşına və sovet təfəkkürünə bağışlamaqdan başqa çarə görmürəm. Mən Azərbaycan hökumətinin Azərbaycan insanının əleyhinə fəaliyyətini tənqid edirəm. Bunu etməkdə davam edəcəyəm. Təəssüflə qeyd etməliyəm ki, dünyada, onun proqressiv kəsimində zülmün, o cümlədən Azərbaycan hökumətinin havadarları hələ ki daha çoxdur. Amma Ramiz müəllimin məqaləsində qırmızı xətlə keçən bir məsələ var – onun demək olar ki, bütün istinad mənbələrinin Rusiya təbliğatından qaynaqlanması. Məsələn, Ramiz Mehdiyevin istinad yeri Erik Draytser adlı psevdopolitoloq İranın “PressTV” və Rusiyanın “RussiaToday” kanallarının şərhçisidir. Rusiya mətbəxində bişən repressiyaların başqa istinad nöqtəsi ola bilməzdi. Düzü, bu mövzudan zəhləm gedir, amma Ramiz Mehdiyevin Marqarita Simonyanın ortaya çıxardığı ekspertlərin əlinə baxması bir az ürəyimi ağrıtdı. Draytseri rusdilli auditoriyaya ekspert kimi məhz xanım Simonyan sırıyıb.

“Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev də Ramiz Mehdiyevin fikirlərini qəbul etmir: “Təmsil etdiyim “Azadlıq” qəzeti jurnalist peşəsininbaşlıca prinsipi olan həqiqətə xidmət edir. Bu mənada ölkədə mövcud olan problemlərdən yazmağı özümüzə borc bilirik. Qəzetin funksiyası elə bundan ibarətdir. Bütün mədəni dünyada da mətbuat orqanı bu funksiyanı yerinə yetirir. Baş verən hadisələr, gedən proseslər haqqında obyektiv məlumatlar yaymaq. “Azadlıq” qəzeti bu işlə məşğuldur. Qəzetimiz heç bir sifariş yerinə yetirmir, jurnalist prinsipinə uyğun olaraq fəaliyyət göstərir.

Rahim Hacıyev hesab edir ki, vətəndaşların obyektiv informasiya almaq hüququ var: “Biz onların obyektiv informasiya hüququ almalarına kömək etməyi özümüzə borc bilirik.

“EL” Hərəkatının sədri Eldar Namazov ölkədə olmadığından münasibətini öyrənmək mümkün olmadı.

Ana səhifəXəbərlərƏrəstun Oruclu: “Ramiz Mehdiyev Qərbə “gəlin, bizimlə danışın” deyir