Ərəstun Oruclu: Qarabağ münaqişəsinin həllində Qərbin rolu getdikcə azalacaq


”İşğala məruz qalan Azərbaycan rəhbərliyi Rusiyanın ünvanına bir söz deməkdən belə çəkinir”


Azərbaycan prezidenti İlham Əliyevin Almaniya səfəri və keçirdiyi görüşlər, kansler Angela Merkellə birgə səsləndirdiyi açıqlamalar bir sıra suallara yol açdı. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluyla söhbətimizdə sual yaradan məqmalara cavab almağa çalışdıq.



– Ərəstun bəy, Almaniya kansleri Angela Merkel ötən ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinin Rusiya və Ermənistandan asılı olduğunu deyirdisə, bu dəfə birbaşa Kremlin açar rolu oynadığını vurğuladı. Hər iki açıqlama fərqlənir, bu fərqi necə şərh edərdiniz?

– 2015-ci ilin yanvarın 21-də Almaniya kansleri Angela Merkelin “Dağlıq Qarabağ münaqişəsinin arxasında Rusiya və Ermənistan dayanır” açıqlaması Azərbaycana dəstək ifadəsi idi. Ancaq İlham Əliyev elə həmin brifinqdə həmin açıqlamanı bir növ təsdiqləmədi. Yəni Almaniya rəhbəri Azərbaycan torpaqlarının Rusiya və Ermənistan tərəfindən işğal olunduğunu deyir, işğala məruz qalan Azərbaycan rəhbərliyi isə Rusiyanın ünvanına bir söz deməkdən belə çəkinir.


– Elə iyunun 7-də keçirilən brifinqdə də İlham Əliyev dedi ki, dost ölkə olan Rusiyanın vasitəçiliyi səmərəlidir…

– İyunun 7-də keçirilən brifinqdə səsləndirilən fikirlər artıq başqa məsələdir. Kansler Merkelin “Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir” açıqlaması Azərbaycana mesajdır ki, siz Rusiyadan qopmaq istəmirsiniz, o zaman məsələni Moskvayla həll edin, bizdən nə istəyirsiniz?! İlham Əliyev də cavab verir ki, bəli, Rusiya dostdur və biz onunla həll edəcəyik. Əslində, ATƏT və AŞPA-ya sədrlik edən bir dövlətin başçısının həmin açıqlaması göstərir ki, münaqişənin həllində Qərbin rolu getdikcə azalacaq.


– Bu gedişatın fəsadları və təhlükəsi nədən ibarət ola bilər?

– İlham Əliyev həmin brifinqdə bir demarş etdi, dedi ki, problemi Rusiyayla həll etməyə gedirlər. Onsuz da Rəsmi Bakı Rusiyayla tərəfdaşdır, burda yenilik yoxdur, Moskvayla məsələni necə müzakirə edəcəkləri aydındır. Aprelin 1-4 tarixindəki hərbi əməliyyatlar zamanı Kremlin mövqeyini gördük, Rusiya birmənalı olaraq Azərbaycanı dayandırdı.



Hazırda ATƏT-ə rəhbərlik Almaniyadadırsa, Azərbaycan necə Rusiyaya üz tuta bilər, paradoks deyilmi?

– Formal müzakirə davam edəcək. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həyata keçirilir və eləcə də davam edəcək. Qərbin asanlıqla münaqişənin həllindən kənarlaşıb, məsələni Rusiyanın səlahiyyətinə ötürəcəyini düşünmürəm. Amma Azərbaycanın tərəfdaşı rolunda çıxış etməyəcək, ən azı Almaniya bu rolda olmayacaq.



Deməli, təşəbbüs yenidən Rusiyanın nəzarətinə keçir?

– Azərbaycan hökuməti Rusiyaya bağlı olduğundan təşəbbüs onsuz da Kremlin əlindədir. Merkelin də dediyi elə o idi.



Bundan əlavə, Merkel ümid edir ki, alman fondları bundan sonra Azərbaycanda işləyə biləcək. Ancaq bunun üçün qanuvericilikdə dəyişikliklərə ehtiyac var…




Əslində, Merkelin ifadəsini ümidsiz kimi dəyərləndirirəm. Hətta Azərbaycan hökuməti alman fondlarına desə ki, gəlin işləyin, artıq onların fəaliyyəti üçün hüquqi baza yoxdur. Çünki Azərbaycanda yerli və xarici təşkilatların fəaliyyət məkanı hüquqi baxımdan o qədər daraldılıb ki, ya parlament qanunlara vaxtilə etdiyi düzəlişləri ləğv etməli, yaxud yenidən dəyişdirilməlidir, bunu isə etməyəcəklər.



Nə üçün?

– Əgər İlham Əliyev deyirsə ki, hədəfdə özüdür, bu bəyanatın fonunda qanunvericiliyə dəyişiklik edib QHT-lərə fəaliyyət azadlığı vermək məntiqsiz olardı. Azərbaycan hökumətinin də demokratik fəaliyyət üçün şərait yaratmaq kimi zərərli vərdişləri yoxdur.



Ancaq prezident alman şirkətlərini ölkəyə dəvət etdi…

– Alman şirkətlərini dəvət etmək ayrı məsələdir, burda fərdi və ikinci planda olan dövlət biznes maraqları var. Amma indiki hüquqi şəraitdə və dövlətlərarası münasibətlər fonunda alman şirkətlərinin də gələcəyinə inanmıram. Hansısa orta şirkətlər gəlib kiçik investisiyalar qoyacaqlar, lakin böyük şirkətlərin böyük layihələrindən söhbət gedə bilməz. Çünki bu kimi layihələr investisiya qoyulan ölkənin hüquqi və siyasi durumuna bağlıdır. Hüquqi durum məlumdur, siyasi durum da dünən bəyan edildi, Rusiya Azərbaycana dost və müttəfiq ölkədir. Almaniyada bu bəyanatı vermək o deməkdir ki, Almaniya və Qərb bizə yaddır. Düzdür, bu prosesi Amerika nizamlaya bilər, çünki həlledici gücdür. Amma mən Vaşinqtonla Berlin arasında hansısa bir mövqe fərqinin olduğunu düşünmürəm, xüsusən də Dağlıq Qarabağ və Azərbaycana münasibət məsələsində. Əslində, bu, çox pis bir hadisədir. Fakitiki olaraq Əliyevin Rusiya barədə bəyanatı Bakının Moskvaya yaxınlaşması istiqamətini xatırladır.



İlham Əliyev mayın 27-də də hədəfdə özünün olduğu haqda bəyanat verdi. Dünən isə “Şpigel” jurnalı “dünyanın ən korrupsioner dövlətlərtindən birinin rəhbəri Berlindədir” başlıqlı yazı dərc etdi. Deməli, Əliyev hədəfdə olduğu barədə dedikərində haqlıdır…

– Aydınlaşdırmağa ehtiyac var ki, söhbət hansı və kimin hədəfində olmaqdan gedir?! Müasir dünyada korrupsioner hökumət həmişə hədəfdədir və hamının hədəfindədir. Bir tərəfdən korrupsiyanı ləğv etməyi tələb edənlərin, digər tərəfdən də həmin korrupsiyadan çıxan milyardlarla pulları ələ keçirmək istəyənlərin. Bu da təbiidir, başqa cür ola da bilməzdi. “Şpigel”in yazdıqları isə mənim üçün təəccüblü deyil. Berlində səsləndirilən məlum bəyanatdan sonra “Şpigel” başqa cür yaza bilməzdi.



Konkretləşdirək, dediyiniz bəyanat Azərbaycanın daha da Rusiyayla sıx münasibət qurması anlamına gəlmirmi?

– Təbii ki, Ramiz Mehdiyevin son məqaləsini də nəzərə alsaq, o zaman söhbətin hakimiyyətin xarici siyasət kursundan getdiyi aydındır.



Hakimiyyətin xarici siyasət kursunu Mehdiyev, yoxsa Əliyev müəyyənləşdirir?

– Onu bilsəydim, mütləq deyərdim.


– Sizin üçün də sualın cavabı yoxdur?

-Yoxdur.

Ana səhifəVideoƏrəstun Oruclu: Qarabağ münaqişəsinin həllində Qərbin rolu getdikcə azalacaq