Ərəstun Oruclu: Hakimiyyət Azərbaycan xalqına yad bir kütlə kimi baxır

”Azərbaycan hakimiyyəti çox etibarsız və sürüşkən imicə malikdir”

Source:


”Azərbaycan hakimiyyəti çox etibarsız və sürüşkən imicə malikdir”


Amerikada mühacir həyatı yaşayan politoloq Ərəstun Oruclu ilə gündəmin siyasi olaylarının sual doğuran məqamlarının bir qismini müzakirə etdik.


– Ərəstun bəy, “Turan” İA-nin direktoru Mehman Əliyev həbs olunanda yalnız müxalifət deyil, Mətbuat Şurası, Yazıçılar Birliyinin rəhbər şəxsləri, ictimai xadimlər, hakimiyyətə yaxın sayılan hüququ müdafiəçiləri də narazılıqlarını büruzə verib, prezidentə müraciət etdilər. Paralel olaraq beynəlxalq qeyri-hökumət təşkilatları, Avropa Birliyi və digər qurumlar etiraz bəyanatları yaydı. Ancaq ABŞ Senatında sanksiyalar təşəbbüsü müzakirəyə çıxarılandan bir neçə gün sonra onun haqda həbs-qətimkan tədbiri dəyişdirilərək azad edildi. Bu situasiyanı necə izah edırsiniz?

– Mehman Əliyevə qarşı irəli sürülən ittihamın heç bir hüquqi əsasının olmadığı şübhəsiz idi. Bu, vətəndaş cəmiyyəti nümayəndələrinin, jurnalistlərin, müxalif fəalların ənənəvi qaydada ittiham olunaraq həbs edildiyi həmin maddələrdən biri idi. Ölkə başçısının da Mehman Əliyevin həbsindən xəbərdar olmadığını düşünmürəm. Əksinə, məlumatıma əsasən, Mehman Əliyevin həbsinə də tapşırığı dövlət başçısı verib. Yəni prezidentə “beşinci kolon” vasitəsilə müəyyən sənədlər təqdim ediblər, bu sənədlər Rusiyada hazırılanmış saxta və qurama olub. Eynilə Rauf Mirqədirovun həbsində olduğu sxemdən istifadə olunub. Həmin sənədləri orjinal fakt kimi İlham Əliyevin qarşısına qoyub imza atdırıblar, bununla da ondan Mehman Əliyevin həbsinə qərar alıblar. Mehman Əliyev o miqyasda jurnalist və ictimai xadim deyil ki, kimsə onu  özbaşına həbs etsin. Vergilər Nazirliyi isə bilavasitə İlham Əliyevin özünün nəzarətində olan qurumdur. Deməli, tapşırıq da İlham Əliyevin özündən gəlib. Əgər prokurorluq bu qərarı qəbul etmiş olsaydı, müəyyən mübahisələr etmək olardı və yaxud DİN həbs etsəydi, “Ramiz Mehdiyevin rolu var” demək olardı. Sadəcə, Ramiz Mehdiyev bu işi “Seyid Əhməd əli ilə” görüb. Qaldı bu həbsə reaksiyaya, əlbəttə reaksiya çox sərt oldu və həm də elə bir dönəmə düşdü ki, sərt reaksiyaya səbəb yalnız Mehman Əliyevin həbsi deyildi. Bu, illərdir dolmaqda olan “kasanı daşıran” son damla oldu. Azərbaycan hakimiyyəti iki, üç, beşbaşlı siyasət yürüdür, bütün tərəflər qarşısında götürdüyü öhdəlikləri pozur.


– Hansı öhdəlikləri nəzərdə turtursunuz?

– Söhbət təkcə insan hüquqları və demokratiya öhdəliklərindən yox, siyasi tərəf öhdəliklərindən gedir. Azərbaycan hakimiyyəti çox etibarsız və sürüşkən imicə malikdir. Bir tərəfdən Qərblə tərəfdaşlıq siyasəti yürütməyə çalışır, əlaltından lobbiçilərdən istifadə edərək, “çirkli pullarla” Avropa, Amerika siyasətçilərini ələ almaqla məşğul olur, digər tərəfdən Rusiya vasitəsilə hakimiyyəti qorumağa cəhd edir. Beləliklə, hakimiyyətin ənənəvi tərəfdaşları və hətta ona lobbiçilik edənlər də bütün bu qaydasız davranışdan yoruldular. Bir daha təkrar edirəm, Mehman Əliyevin həbsi “kasanı daşırdı”, səbəb də yalnız bu həbs deyildi, jurnalistin həbsi başqa saxlanılanlarla tam müqayisəyə getmir. Məsələ həm də bundadır ki, Mehman Əliyev heç vaxt radikal olmayıb, o, liberal mövqeyi olan şəxsdir. Hətta biz onu hakimiyyətin guya, islahatlar aparacağı barədə açıqlamalarına görə tənqid də etmişik. Hərçənd, mən düşünmürəm ki, Mehman Əliyev hakimiyyətin islahat aparacağına inanırdı. O, sadəcə bu yolla hakimiyyətə mesajlar verirdi. Yəni istəniləın halda Mehman Əliyev o dərəcədə radikal deyildi ki, qollarına qandal vurasan və bunu bütün cəmiyyətə göstərəsən. Hakimiyyət bu həbsi belə şəkildə həyata keçirməkdə bir çox marağı güdürdü.


–    Bəlkə konkretləşdirəsiniz?

–  Bir tərəfdən Rusiyanın sifarişlərini məmnuniyyətlə yerinə yetirdiyini göstərmək istədi və göstərdi də. Başqa tərəfdən cəmiyyətdə qorxu, xof mühitini gücləndirmək məqsədi güdürdü, sosial-iqtisadi vəziyyətin sürətlə ağırlaşdığı bir dönəmdə insanları bir qədər də qorxutmağa çalışırdı. O biri tərəfdən dünyaya mesaj verirdi ki, çox cəsarətlidir, istədiyi addımı ata bilər. Amma yüngül bir “şapalaq” hakimiyyəti geri addım atmağa, əsl mahiyyətini göstərməyə kifayət etdi.


– Mehman Əliyevin həbsinin “kasanı daşırdığını”, hakimiyyətin tərəfdaşlarının da yorulduğunu dediniz. Bəs onun azad olunması bu yorğunluğu götürdümü?

– Xeyr, düşünmürəm. Mən heç vaxt Qərb barədə çox nikbin olmamışam ki, demokratik dəyərlərə, insanların hüquqlarının tapdanmasına ürəkdən yanıblar. Qərbin maraqları var, amma problem ondadır ki, artıq bu maraqlar da təmin olunmur.


– Həmin maraqları konkretləşdirə bilərsinizmi?

– Azərbaycan bir tərəfdən İsraillə hərbi tərəfdaşlıq edir və təbliğatda bunun görüntüsünü “gözə soxur”. Əslində isə Azərbaycanın Rusiya ilə hərbi əməkdaşlığı ildən-ilə artır və Qərbdə də bunu aydın görürlər, yəni faktiki imitasiya siyasəti gedir. Bilirsiniz ki, hazırda Qərb-Rusiya münasibətləri gərginlik mərhələsini yaşayır və bu mərhələ də artma istiqamətində xeyli davam edəcək. Belə şəraitdə artıq birmənalı mövqeyi olan tərəfdaşlar lazımdır. Rəsmi Bakı isə öz ənənəsindən qurtula bilmir, yalnız özünü xilas etməyə çalışır ki, ölkəni talamaqda davam etsin, amma siyasi hakimiyyət olaraq heç bir siyasi kursu və strategiyası da yoxdur. Bütün qərarlar  spontan və kortəbii qəbul olunur, gündəmlərinə uyğun, öz merkantil maraqları əsasında. Gürcüstana və hətta İrana investisiyalar yatırırlar, o biri tərəfdən İsraillə tərəfdaşlıq edirlər, həm də  Rusiyaya böyük investisiyalar qoyurlar, Azərbaycan iqtisadiyyatı isə iflas həddindədir. Sadaladıqlarım göstərir ki, hakimiyyətin xalqın mənafeyinə istiqamətlənən hansısa bir fəaliyyət göstərmək istəyi yoxdur, bunlar Azərbaycan xalqına yad bir kütlə kimi baxır və onu istismar predmeti kimi görürlər. Qərbdə də kifayət qədər vicdanlı və məsələlərə soyuq ağılla yanaşan siyasətçilər var ki, hamısı lobbiçi, pula satılan deyil. Onlar bu dinamikanın hansı təhlükəli sonluğa apardığını görürlər. Bu mənada Böyük Britaniyanın “The Guardian” qəzetində dərc olunan, OCCRP-nin araşdırmaları məni təəccübləndirmədi, orda yazılanlardan yüz qat artığını özümüz bilirik. Yuxarıda qeyd etdiyim siyasətçilər bu gedişlə Azərbaycanın başqa təsirlər altına düşəcəyini görürlər. Məsələn, ABŞ silahlı qüvvələri İraqda olsa da, bu ölkənin hakimiyyəti tam olaraq İranın təsiri altındadır və bu gün ABŞ kimi dövlət heç olmasa İraqda mövqelərini qorumaq üçün kürdlərlə əməkdaşlıq etməyə məcbur olur. Hər kəs Azərbaycanın da bu gedişlə İranın təsiri altına düşəcəyini görür. Biz bölgənin açar dövləti sayıldığımızdan rəsmi Bakıdan birmənalı mövqe, konkret, aydın strategiya, sağlam siyasi addımlar tələb edirlər. Amma məncə, bu, heç vaxt olmayacaq.


– Nə üçün elə düşünürsünüz?

– Çünki belə siyasət ciddi araşdırmalar, təhlillər və strateji planlar üzərində qurula bilər. Azərbaycan hakimiyyəti isə heç vaxt intellektualları, analitik qabiliyyəti olanları sevməyib, əksinə, onları düşmən sayıb. Mehman bəy kimi insanın qandallanması da məhz bu təfəkkürün nəticəsi idi.


– Twitter-dəki son paylaşımınızdan belə çıxır ki, İlham Əliyev ABŞ senatorlarını dolayır. Bu cümləni necə izah edərdiniz?

– Bu, konkret   olaraq sanksiya təşəbbüsü ilə çıxış edən senator Durbinə mesaj idi, yəni bu qədər sadəlöhvlük və qeyri-səmimilik etmək lazım deyil. Azərbaycanda Mehman Əliyevin azad olunması ilə problemlər öz həllini tapdımı?! Nəyi alqışlayır? Mehman Əliyevlə 14 Nardaran məhbusu azad olunub və hamısı da şərlənib həbs ediliblər. Hələ də 100-dən çox siyasi məhbus var, onlarla adama qarşı da siyasi motivli saxta ittihamlar dayandırılmır. Bir daha deyirəm, yazdığım status senator Durbinə mesaj idi və artıq bu mesaj ünvanına çatıb.


– Senatorun alqışlaması sanksiyalarla bağlı müzakirələri gündəmdən çıxarır?

– Birmənalı deyə bilmərəm. Amma onu bilirəm ki, senator Con Makkeynin tənqidi mövqeyi bu gün də çox sərtdir. O, isə ABŞ siyasətində sözünün çəkisi olan siyasətçidir, onunla hesablaşırlar.


– Mehman Əliyevlə bərabər eyni gündə bloger Aleksandr Lapşin əfv olundu və 14 nardaranlı məhbus azadlığa buraxıldı. Belə bir fikir var ki, nardaranlıların azad olunması İrana mesaj idi, Lapşinlə İsrailə mesaj verildi və elə həmin günü müdafiə naziri Zakir Həsənov Təl-Əvivə getdi. Mehman Əliyev haqda həbs-qətimkan tədbirinin dəyişilməsi isə ABŞ Senatındakı sanksiyaların gündəmə gəlməsi ilə əlaqələndirilir. Bu barədə nə deyə bilərsiniz?

– Müəyyən həqiqət var. Ancaq Nardaranda həbs olunan 14 azərbaycanlının İrana bağlanmasını qəbul etmirəm. Belə düşünmək öz vətəndaşını damğalamaq və düşmənə çevirməkdir. Amma eyni zamanda Azərbaycan hakimiyyəti məhz o cür də düşünür və məhz düşündükləri məntiqlə də onları azad edib. Lapşinə gəlincə, onun həbsi ilk gündən alver predmeti idi. Biz Azərbaycan-İsrail münasibətlərində müəyyən soyuqluğun yaranmasını görürdük, 2015-ci ildə Eldar Mahmudovun işdən azad olunmasından sonra. Biz gördük ki, israilli nazir Ermənistanda bu ölkəyə silah sata biləcəkləri haqda bəyanat verdi. Hökumətə çox yaxın bəzi saytlarda İsrailin baş naziri Benyamin Netanyahunun İranlı müğənni Ququşla müqayisəsini gördük. Bütün bunlar münasibətlərdə çox ziddiyyətli məqamların olduğunu göstərirdi. Təhlil edib müəyyən fikirləri ortaya qoymaq olar, amma bunların 100 faizlik həqiqət olduğunu demək çətindir. İstənilən halda Aleksandr Lapşinin həbsi də bununla bağlıydı, indi münasibətləri nizamlamağa ehtiyac var. Çünki ABŞ-da situasiya qeyri-müəyyəndir, vahid siyasi xətt yoxdur, administrasiya ilə Konqres arasında ciddi münaqişələr var və burda təkcə demokratlar deyil, respublikaçıların bir qismi də da bu prosesdə Ağ Evə etiraz edənlərin arasındadırr. Fikir verdinizsə, Trampın Rusiyaya müsbət münasibət göstərməsinə rəğmən Senat bu dövlətə qarşı yeni və daha sərt sanksiyaları tətbiq elədi. Yeri gəlmişkən, yaranmış situasiya səbəbindən əvvəlki ənənəvi lobbilərin də çəkisi o qədər ciddi deyil, Bakıda da bunu anlayırlar. Amma Azərbaycan hakim elitasının davranışında psixoloji problem var, düşünürlər ki, hansısa məsələdə güzəştə getmək zəiflik əlamətidir. Eyni zamanda Lapşini Vaşinqtona təsir etmək və yaxud beynəlxalq aləmdən dəstək almaq məqsədilə azad etdilər.


– Yəqin ki, son günlər sosial şəbəkələrdə, hətta hakimiyyət mətbuatında müzakirə mövzusu olan və hələ davam edən OCCRP-nin araşdırmalarına münasibət fərqlidir. Hakimiyyətin mövqeyi məlumdur, amma diqqətimi çəkən ABŞ-da yaşayan siyasi icmalçı Qorxmaz Əsgərovun bu araşdırmalarla bp ilə imzalanacaq neft müqaviləsi arasında bağlantı görməsidir. Siz bu barədə nə düşünürsünüz?

– Hər kəsin fikrinə hörmətlə yanaşıram, öz münasibətimi də deyəcəm. Həmin 2,9 milyard dollar məsələsində xüsusi canfəşanlıq edən Böyük Britaniya mətbuatı idi və yazıların yaxın günlərdə imzalanacaq müqavilədən əvvəl yayılması  təzyiq vasitəsi olması təəssüratını yaradırdı. Və bunun belə olmasını istisna etmirən də. Çünki həmin mövzuya nəinki ABŞ, hətta bir çox Avropa mətbuat orqanları da diqqət yetirmədi. Görünürdü ki, məhsul Böyük Britaniyanındır, məqsəd də təzyiqdir. Təzyiq effektini verdi, artıq mövzu gündəmdən çıxdı. Eyni zamanda, həmin hesabatlarda müəyyən siyasi çalarlar da vardı.


– Məsələn, hansı siyasi çalarlar?

– Diqqət yetirdinizsə, hədəfə alınan 3 məmur, baş nazirin birinci müavini Yaqub Eyyubov, onun oğlu və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, məhz İlham Əliyevin ailəsinə yaxın adamlardır. Yaqub Eyyubovun baş nazir olacağı barədə dövriyyəyə buraxılan şayiələr də təsadüfi deyil, bu, hakim ailəyə Rusiyanın loyallığını qazanmaq üçün vacibdir. Yaqub Eyyubov Rusiyanın Azərbaycanda ən etibarlı tərəfdaşlarından biridir. Yazılarda Rusiya hərbi şirkətindən pulların köçürülməsi barədə eyham da təsadüfən ortaya atılmamışdı. Bu, artıq konkret siyasi mesaj idi. Görünür, neft müqaviləsinin ya özündə, ya da detallarında problem vardı. Bunlar aradan qalxdımı, yaxın günlərdə bilinəcək.


– Ancaq neft sahəsi üzrə ekspert İlham Şaban heç bir bağlantı görmür və deyir ki, kommersiya məsələləri bu ilin fevralında razılaşdırılıb. Memorandum isə 2015-ci ildə imzalanıb…

– Bir daha deyirəm, hər kəsin öz fikrini söyləmək hüququ var. Amma həmin müqavilələrlə bağlı prinsipial anlaşmanın 2012-ci ildən əldə olunduğunu da deyə bilərəm. Məsələ ondadır ki, nəinki ötən 5 ildə, hətta son 1 ildə də geosiyasi mənzərədə xeyli dəyişikliklər olub. Neft isə təkcə iqtisadi yox, həm də siyasi amildir.


– Ərəstun bəy, son 3-4 ildə neftin qiyməti enib, ikinci, Azərbaycan neftini Qərb şirkətlərindən başqa daha kimə sata bilər?

– Söhbət Azərbaycandan getmir. Rusiya hazırda öz qazı və nefti ilə Avropa bazarından sıxışdırılır. Belə olduğu halda Qərb dövlətlərinin Rusiyanın qonşuları ilə bu cür müqavilələr bağlaması, yaxud onların müddətini uzatması Kremli qıcıqlandırır. Rusiyanın bu maraqlara qarşı addımlar atmayacağını düşünmək sadəlövhlükdür. ABŞ Senatının sonuncu sanksiyaları ilə faktiki şimal ölkəni Avropa bazarından çıxarırlar, sanksiyalar Rusiyanın enerji sektorunu hədəfə alıb. Bu mənada Rusiyanın Azərbaycan və Mərkəzi Asiyada Qərbin enerji maraqlarına hansısa əngəllər törətməyəcəyi onun zəifliyi olardı. Bu tip problemlər vardı, güman ki, Azərbaycan hakimiyyəti də Rusiyanın təzyiqinə uymuşdu. Məhz ona görə həmin araşdırmalar gündəmə atıldı. İkinci, hesabat hərtərəfli deyil. Sual ortaya çıxır ki, niyə Britaniyanın özününün rüşvət alan siyasətçilərinin adı yoxdur. Adları açıqlanan Qərb siyasətçilərinin hamısı faktiki istefada olanlar idi.


– Ancaq hesabına 500 min avro köçürülən Kalin Mitrevin həyat yoldaşı İrina Bokova hələ də UNESCO-nun baş direktorudur…

– Bu, Bolqarıstanın təşəbbüsüdür artıq, söhbət Almaniya, Fransa və Böyük Britaniya kimi aparıcı Avropa dövlətlərindən gedir. Bilirsiniz ki, Azərbaycan hakimiyyətinin Avropada ən irimiqyaslı lobbiçilik fəaliyyəti apardığı və buna görə “çirkli pullar” ödədiyi ölkə Böyük Britaniyadır. Ən böyük məbləğdə “çirkli pullar” İngiltərədə “yuyulur”. Bunun təhqiqatı aparılacaqmı? Əvvəlcədən deyirəm, aparılmayacaq. Çünki bütün bunlar çox çirkli oyunlardır, baxmayaraq ki, pulların yuyulması danılmaz faktdır. Məsələ bundadır ki, son 25 ildə Böyük Britaniya rəsmi səviyyədə Azərbaycanda korrupsiya və insan haqlarının tapdanması barədə heç bir ciddi bəyanat verməyib.


– Böyük Britaniyanın XİN-i Mehman Əliyev həbs olunanda bəyanat yaymışdı…

– Mehman Əliyev elə çapda ictimai xadim və jurnalistdir ki, onun həbsi barədə bəyanat verməmək mümkün deyildi. Heç o bəyanat da səmimi deyildi. Sadə bir misal: hər kəsə məlumdur ki, jurnalist Əfqan Muxtarlı Tbilisidən oğurlanaraq Bakıya gətirilib. Həmin vaxt Qərb ölkələrinin Tbilisidəki səfirləri Gürcüstan hökumətindən izahat tələb edirdi, Azərbaycanda isə nəinki səsləri çıxmadı, hətta bəziləri rəsmi Bakı ilə strateji tərəfdaşlıq barədə danışmağa başladılar. Üstündən heç olmazsa, 10 gün keçməsini belə gözləmədilər. Bu, bizim cəmiyyətimizə real münasibətin təzahürüdür. Yüzlərlə belə misal gətirə bilərəm. Qərbdən gələn  bəyanatların əksəriyyəti spekulyasiya və öz maraqlarını reallaşdırmaq üçün təzyiq vasitəsidir.


– Mən yenidən neftin qiymətinin enməsinə, alternativ enerji mənbələrinin olmasına diqqət çəkmək istərdim. Həm də hazırda 1993-cü ilin siyasi-iqtisadi riskləri yoxdur ki, Azərbaycan hakimiyyətinə təzyiqlər etsinlər?

– Alternativ enerji mənbələri hələ yeni-yeni gündəmə gəlir və 20-30 il zaman lazım olacaq ki, alternativ kimi enerji sektorunun böyük hissəsisini əhatə etsin. Söhbət günəş enerjisindən və hidrogen, daha dəqiq desək, termonüvə enerjisindən gedir. Yəqin ki, 2050-ci ilə qədər neft hələ aktual olacaq. Düzdür, ucuz olacaq, əvvəlki qiymətə olmayacaq, amma neftin maya dəyəri aşağı olduğundan istənilən halda gəlir əldə olunacaq.


– İndiki hadisələri 2018-ci il seçkilərinə hazırlıq kimi qiymətləndirənlər də var. Eks-prezident Ayaz Mütəllibovun Birinci vitse-prezident Mehriban Əliyevanın namizədliyini dəstəkləməsi, ardınca Naxçıvandan olan deputat Eldar İbrahimovun bunu normal qəbul etməsi… Sadaladıqlarımı necə şərh edərdiniz?

– Bunlar hamısı var. Amma qarşı tərəfin sərt təpki göstərdiyini də görürük. Tutalım ki, Mehman Əliyev haqda prezidentə müraciətə görə yazıçı Anar, Çingiz Abdullayev hədəfə alındı. Birdən yadlarına düşdü ki, “26” adlı kafe var imiş, onu bağlamaq lazımdır. Bunlar əks tərəfin reaksiyası idi. Heç kimə sirr deyil ki, Azərbaycanın taleyüklü məsələlərinə bu insanlar heç vaxt münasibət bildirməyiblər. Bəlkə dediklərim xoşlarına gəlməyəcək, amma reallıq belədir. Hesab edirəm ki, AYB rəhbərliyi də daxili qarşıdurmada maraqlı tərəflərdən biridir. Onlara yuxarıdan xeyir-dua verilməsəydi, kəskin bəyanat verəcəklərinə inanmırdım. Onlar adətən bu cür açıqlamalar vermirlər.


– Onlar hakimiyyətin hansı tərəfindədirlər?

– Yəqin ki, Paşayevlərin.


– Bəs bu gedişatın nəticəsi necə olacaq?

– Həlledici amil sosial-iqtisadi vəziyyətdir. 2012-13-cü illərlə müqayisədə Azərbaycanın Ümumi Daxili Məhsulunun həcmi 2 dəfə azalıb, bu, faciəvi göstəricidir. Bu şəraitdə hakimiyyət daxili intriqalarla, ölkəni talamaqla məşğuldursa, yaxın illərdə iqtisadiyyatda müsbət dinamikadan söhbət gedə bilməz. Ölkədə sosial-iqtisadi durum getdikcə ağırlaşacaq. Geosiyasi vəziyyət tədricən gərginləşir, bizi əhatə edən ölkələr birbaşa bu prosesə cəlb olunub. İran geosiyasi proseslərin mənbəyində, Rusiya və Türkiyə isə mərkəzindədir, üstəlik də daxili qarşıdurma davam edir və bunların da arxasında xarici amillər dayanır. Siyasəti bilən hər kəs bu aksiomu və onun verə biləcəyi nəticələri yaxşı anlayır.


– Azərbaycan xalqı bu proseslərə cəlb olunacaqmı?

– Yaxşı olardı Azərbaycan xalqı özü özünü siyasi fəaliyyətə cəlb edəydi, bu, kənardan  olmayaydı. Kənardan xalqı proseslərə cəlb etsələr, növbəti dəfə məğlub olacağıq. Kənardan təyin olunan yeni bir marionet hakimiyyətlə baş-başa qalacağıq və həm də ölkə öz siyasi müstəqilliyini və suverenliyini önəmli dərəcə itirəcək.

Ana səhifəXəbərlərƏrəstun Oruclu: Hakimiyyət Azərbaycan xalqına yad bir kütlə kimi baxır