Ərəstun Oruclu: Düşünmürəm ki, Ərdoğan qalib çıxdı

Ərəstun Oruclu
Ərəstun Oruclu

”Ordunu bu dərəcədə küncə sıxıb aşağılamaq son nəticədə ciddi qiyamla nəticələnəcək”


Hazırda dünyanın siyasi gündəmində olan Türkiyədəki 15 iyul hadisələri hələ uzun zaman müzakirə predmeti olacaq və olaylara yanaşmalar da müxtılifliyiylə diqqəti çəkəcək. Ancaq proseslərin ən gərgin zamanı Türkiyədə olanların müşahidə etdikləri maraqlıdır. Bu mənada həmin günlərdə Ankarada olan Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunu suallarımızın hədəfi seçməyimiz təsadüfü deyil.


– Ərəstun bəy, 15 iyul hadisələri zamanı Türkiyədə olmusunuz. E


şitdikləriniz, oxuduqlarınız və gördükləriniz nələrdən ibarət idi?

 – Türkiyəyə səfərim iki məqsədlə baş tutmuşdu – kiçik müqavilələr üzrə bəzi işlər və artınca da istirahət. Hər iki halda da müxtəlif zümrələrlə əlaqələrim, təmaslarım olub. 15 iyulda baş verənlərə gəlincə, ordu daxilində kiçik bir qrupun əlilə, hansısa məqsədlə (amma məqsəd tam bəlli deyil) aranı qarşıdırmaq niyyəti güdülürdü. Yəni 15 iyul olaylarına “hərbi çevriliş” və yaxud “dövlət çevrilişi” demək siyasi baxımdan savadsızlıq və gülüncdür. Ona görə ki, ölkənin mövcud hərbi sisteminin cəmi 1 komandanı bu prosesə cəlb olunmuşdu. Söhbət Hərbi Hava Qüvvələri komandanı, general Öztürkün bu işə rəhbərlik etməsindən gedir. Onların da atdıqları addımlardan elə ilk dəqiqələrdə görünürdü ki, ya öz güclərinə inamlı deyildilər, ya aydın məqsədləri, hədəfləri yox idi, ya da sadəcə, məqsəd aranı qarışdırmaq idi. Bu hadisələrdə hakimiyyətin dəyərləndirmələrində də iki cür yanaşma qabarıq şəkildə müşahidə olunurdu: bunlardan birini prezident Rəcəb Tayyib Ərdoğan ortaya qoydu və öz üslubunda baş verənlərdən məharətlə istifadə edərək, 15 iyul hadisələrini “darbe-çevriliş” adlandırdı. İkinci, baş nazir Binəli Yıldırım olaya “siyasi qalkınma – üsyan” dedi. Baş verənlər isə birmənalı olaraq çevriliş kimi qiymətləndirilmədən çox uzaqdır. Görünür, 15 iyul hadisələri daha böyük proseslərin ilkin simptomları idi.

 –

Hansı proseslərin? Əgər çevriliş deyilsə, bəs nədir?






Hər şey ola bilər, daxildən və xaricdən təxribat olması da mümkündür. Daha böyük hərbi çevrilişin qarşısını almaq üçün atılan preventiv addım da ola bilər. Burada hələlik konkret nəsə söyləmək çox çətindir. Aydın olmayan məqamlar həddindən artıq çoxdur, amma nəticə etibarı ilə bunun çevriliş olması şişirdilmiş, konyuktur  dəyərləndirmədir. Ən azı ona görə ki, hərbi çevriliş olduğu halda hədəfə alınmalı olan birinci  şəxslər və dövlət obyektləri diqqətdən kənarda qalmışdı. Necə olur ki, çevriliş olur, qoşunlar Atatürk hava limanını mühasirəyə alır və bundan sonra prezidentin təyyarəsi ordan qalxır? Çevriliş olduğu halda bu, qeyri-mümkündür. Onu müşayiət edən Hərbi Hava Qüvvələrinin təyyarələri nə vurmağa, nə də endirməyə cəhd etmirlər. Hərbi qiyam olduğu halda o, mütləq zərərsizləşdirilərdi. Burda isə əksinə, tamamilə başqa hadisə baş verir – prezidentin korteji Atatürk hava limanına gəlir və həmin vaxt limanda olan zirehli texnika ordan uzaqlaşdırılır. Bax, bu cür müəmmalı məqamlar var, özü də həddindən artıq çoxdur.



– Siz “xarici qüvvələr” sözünü işlətdiniz. Bu barədə nə deyə bilərsiniz, xarici amil bu hadisıələrdə rol oynayıbmı?

 – Hələlik AKP və dövlət rəhbərlərinin Gülən bəyanatından başqa buna işarə edən bir şey görünmür, amma eyni zamanda mətbuata müxtəlif məlumatlar atılır (məsələn, təyyarələrdən birinin İncirlik hərbi-hava bazasında yanacaqla təmin olunması və s.), amma ciddi faktlar görünmür hələ. Digər tərəfdən, bu olayın indiki məqamda baş verməsi Rusiya-Türkiyə münasibətlərinin müsbətə doğru inkişafına reaksiya kimi dəyərləndirilir, amma yenə də deyirəm: ortada hələlik ciddi birbaşa və ya dolayı faktlar yoxdur.


– Cümhuriyyət Xalq Partiyasının sabiq sədri, millət vəkili Dəniz Baykal isə 15 iyul olaylarını teatr adlandırıb…

– Əslində, mənim düşündüyüm də buna bənzər bir yanaşmadır və Türkiyədə sıradan insanların da əksəriyyəti belə dedi. Yəni mən də aydın olmayan məqamların çox olduğunu deyirəm. Hərbi çevrilişi o zaman çevriliş saymaq olar ki, bunun başında ordunun rəhbərləri dayansın. Hərbi Hava Qüvvələri Türkiyə ordusunun 6 qoşun növündən biridir. Necə olur ki, bir qoşun növü ölkədə çevriliş etmək istəyir? Sual olunur; hansı əsgər sayıyla? Quru qoşunları cəlb olunmadan? 15 iyul halında söhbət çox kiçik hərbi kontingentin iştirakından gedirdi. Bir daha deyirəm, ola bilər ki, belə bir təşəbbüs olub, yaxud təxribat və ya elə teatr olub, amma hələlik birmənalı fikir söyləmək çox çətindir. Lakin 15 iyuldan sonra atılan addımlardan görünən budur ki, hadisə hakimiyyətin daha da avtoritarlaşmasına və ölkəni nəzarətə götürməsinə şərait yaratdı.



Çox qəribədir, ordu daxilində belə bir qiyam hazırlanır, amma Milli İstihbarat Təşkilatının və yaxud ordu kəşfiyyatının xəbəri olmur. Bu, necə izah oluna bilər?

– Niyə ki, baş nazir Binəli jurnalistlərin suallarına cavab verərkən etiraf etdi ki, xəbərləri olub.



Bəs niyə qarşısını almayıblar?

– Deməli, qarşısını almaq lazım olmayıb.



Bu, kimin marağına uyğundur?

– 15 iyul olaylarından kim yararlandısa, onun. Görünən budur ki, AKP hökuməti artıq tam avtoritarlaşıb və ölkəni tam nəzarətə götürmək üçün bütün vasitələrə əl atır. Artıq bu əməllər kifayət qədər açıq şəkildə görünür.



Son 2 günün həbslərini izləyirsiniz, 8 min polis işdən çıxarılır, əsgərlər aşağılanır, hakimlər və prokurorlar kütləvi şəkildə həbs edilir, yaxud vəzifələrindən uzaqlaşdırılır. Hadisədən keçən 3 gündə bunların tez-tələsik baş verməsi 15 iyulun əvvəlcədən hazırlandığı ehtimalını gücləndirirmi?

– İki gün ərzində sadaladıqlarınız cəza tədbirlərinə hüquqi əsaslar və faktlar tapmaq texniki baxımdan qeyri-mümkündür. Baş verənlərdən cəzalandırılmalı olanların siyahılarının əvvəlcədən hazır olduğu görünür. Hakimiyyətə loyal olmayan, hakim elitanın iradəsini həyata keçirmək istəməyən, hüquq və məhkəmə sisteminin qanun və qaydalarına sadiq olan şəxslər kənarlaşdırılmalıydı. Yəni iki-üç gün ərzində 10 min adamı suçlamaq üçün ölkənin çox böyük kəşfiyyat, istintaq və məhkəmə resursları olmalıdır ki, bu da Türkiyədə yoxdur. Deməli, bu qədər kütləvi repressiyanın həyata keçirilməsi baş verənlərin məhz hakimiyyətin öz planına uyğun olduğunu göstərir.


– ABŞ dövlət katibi Con Kerri bildirib ki,


Türkiyədə çevriliş cəhdindən sonra kütləvi “təmizləmələr” dalğasında demokratiya prinsiplərinə əməl edilməzsə, ölkə NATO-dan çıxarıla bilər. Sizcə bu, nə deməkdir?

 – Bu, fikrimcə o deməkdir ki, Türkiyə artıq NATO-nun demokratik standartlarından uzaqlaşmaqdadır və belə bir xəbərdarlıq reallaşardısa, bu, Türkiyə üçün fəlakətli nəticələr verərdi. Ona görə də AKP hökuməti bir az hisslərinə qayıtmalı, kütləvi repressiyalardan imtina eləməli və ölkənin hüquq sisteminə, konstitusiyasına bir qədər hörmətlə yanaşmalıdır.

 –

Prezident Ərdoğanın Amerika prezidenti Obamadan Fətullah Güləni tələb etməsinin perspektivini necə görürsünüz?

– Amerikanın siyasəti o zaman düz olardı ki, hələ bir neçə il əvvəl Güləni ölkədən çıxarardı. Ondan sonra AKP hökumətinin daha nə ilə alver edəcəyi görünərdi. Gülən amilindən həddən çox alver olunur və ifadəmə görə üzr istəyirəm, ondan “xoxan” obrazı yaradılır. Ölkədə kimi ittiham edib həbs etmək istəyirlərsə, Gülənlə əlaqələndirirlər. Bunu sezməmək üçün ya görmək istəməmək, ya da kor olmaq lazımdır. İllərboyu bu söhbətlər gedir, amma əslində Türkiyədəki məsələlər kifayət qədər mürəkkəbdir. Mürəkkəblik ondan ibarətdir ki, AKP hökuməti mərhələ-mərhələ ordunu zəiflətməkdədir. Türk ordusu cəmiyyətdə gözdən salınır, alçaldılır, küncə sıxılır, hansı ki, 70 il ərzində dövlətin əsas təminatçısı olub və bugünkü geosiyasi təlatümlər dövründə də belədir. Bütün bunlar hakimiyyətin mütləq-hakim olmaq planları fonunda və ona uyğun baş verir.  Odur ki, sabah birdən Vaşinqton Güləni Ərdoğan hökumətinə verərsə, başqa bir şey uydurmalı olacaqlar və uyduracaqlar.


– Prezident Ərdoğan 15 iyul hadisələrindən güclü çıxdımı? Onun reytinqinin artdığı bildirilir…

– Düşünmürəm ki, Ərdoğan qalib çıxdı. Təbii ki, öz əleyhdarlarını xeyli dərəcədə əzib zəiflədə bildilər və qısamüddətli qalibiyyət təmin olundu. Amma gələcək üçün daha ciddi problemlərin və qarşıdurmaların bünövrəsi qoyuldu. Hesab edirəm ki, ordu rəhbərliyində hakimiyyətdən narazı zümrə varsa, onu yaxın illərdə tam neytrallaşdırmaq mümkün olmayacaq. Söhbət ordunun ortadan yuxarı təbəqəsindəki rəhbər kadrlardan gedir ki, onları da qısa müddətdə AKP-yə daha loyal hərbçilərlə əvəzləmək mümkün deyil. Türkiyə ordusu Azərbaycan ordusu və yaxud siyasi sistemi deyil ki, 3-4 aya Akif Çovdarovdan və ya Eldar Mahmudovdan generallar düzəltsinlər.  Məncə, ordunu bu dərəcədə küncə sıxıb aşağılamaq son nəticədə ciddi qiyamla nəticələnəcək. Bu gün Türkiyə cəmiyyəti iki əlamət üzrə parçalanıb və bunu orda olanda açıq-aydın görürsən. Bu əlamətlərdən biri dindarlar və dünyəvilərdir, onlar bir-birinə qarşı aqressivdilər. İkinci isə etnik əlamət üzrədir, təəssüf ki, bu barədə Türkiyə mediası da, siyasiləri də susur. Faktiki olaraq, türk milləti siyasi hakimiyyətdən kənarlaşdırılıb, din pərdəsi altında müxtəlif milli azlıqlar icra hakimiyyətini də, parlamenti də, iqtisadiyyatı da nəzarətə götürüblər. Yeganə gücləri çatmayan sahə hələlik ordudur, ona görə də ordunu mərhələ-mərhələ gözdən salmaqla məşğuldular. Türkiyədə bu yöndə statistika aparılmır, çünki hər kəs eyni hüquqlu vətəndaş sayılır, amma bu, problemin olmadığını söyləməyə əsas vermir. Bu məsələdə ən neqativ rolu oynayanlardan biri də Milliyyətçi Hərəkat Partiyasının indiki rəhbərliyidir. Bu partiyanın millətçiliyi imitasiya edən rəhbərliyi faktiki olaraq AKP-nin “beşinci kolon”udur.



Neçə illərdir Türkiyə müxalifəti CXP və MHP seçkiləri uduzur, son hadisələrdə də mövqelərilə hakimiyyətin yanında oldular…

– Türkiyədə  müxalifət dedikdə, bu sözün altından xətt çəkilməldir. MHP rəhbərliyi, dediyim kimi, hakimiyyətin “beşinci kolonu”dur, bunu millətçilər özləri də deyir. Partiya rəhbərliyini dəyişmək cəhdləri də alınmadı. CXP-yə gəlincə, sivil və Atatürkün partiyası olaraq, cəmiyyətin hakimiyyətdən narazı elektoratını öz ətrafında toplaya bilmir. Görünür, lider və başqa problemlər var. Məsələ ondadır ki, Ərdoğan hökuməti büdcə gəlirlərini vergilər vasitəsilə artırmaqla böyük kapitalı sifarişlərlə və beləliklə də, gəlirlərlə təmin edir. Türkiyədə son 10 ildə on minlərlə mədrəsələr, dini məktəblər açılıb ki, orda da məlum ideoloji platforma həyata keçirilir. Artıq Türkiyədə dini siyasiləşmə baş verib və bu zümrənin də ictimai-siyasi proseslərə ciddi təsiri var. Nəhayət, müxalifət parçalanmış durumdadır – bir tərəfdən MHP, bir tərəfdən də CXP və bu fonda meydana gələn XDP-nin olması anti-AKP elektoratının parçalanmasıyla nəticələnib. Partiyaların hakimiyyətə dəstəyinə gəlincə, bu, təbii idi. Çünki onlar bu olayların büövlükdə ordunun deyil, çox kiçik bir qrupun hərəkəti olduğunu bilirdilər və ümumiyyətlə, heç bir partiya ölkədə hərbi rejimin olmasını istəmir. Odur ki, iyul ayının 15-də baş verənləri bütövlükdə ordu həyata keçirmiş olsaydı, biz bu gün tamamilə fərqli məsələləri müzakirə edərdik.


–  Bu cür vəziyyətlə Ərdoğan prezident üsul-idarəsini gücləndirə biləcəkmi?

– Ən azı buna cəhd edəcək və bu cəhdin baş tutma ehtimalı kifayət qədər yüksəkdir. Amma Türkiyədəki qütbləşmə və qarşıdurma getdikcə dərinləşəcək. Bu dərinləşmə fonunda prezident üsul-idarəsinin güclənməsi qütbləşmənin bir az da dərinləşməsinə xidmət edəcək. Çünki hakimiyyətin bir əldə toplanması heç hakimiyyət daxilindəki müxtəlif qruplaşmaların da marağına cavab vermir. Məsələn, Əhməd Davudoğlu baş nazir postundan istefa verdi. Halbuki, o, AKP strateqlərindən biri və bəlkə də birincisi olmuşdu. Onun istefası AKP-yə böyük bir zərbəydi.



O zaman gedişat Suriyadakı olayların Türkiyədə təkrarlanması ehtimalını gücləndirirmi?

– İnanmıram ki, Suriyadakı formada olsun. Amma 15 iyul hadisələri Türkiyəni çox gərgin mərhələyə apardı. Belə bir avantürüst addımın atılması sabitliyin uzunmüddətli təmin olunmasına şərait yarada bilməz.


– 15 iyul hadisələrinə Azərbaycandan da baxışları izlədiniz. Həm sosial şəbəkələrdə yazılanları, həm də siyasi çevrələrin mövqeyini nəzərdə tuturam. Bu barədə nə deyə bilərsiniz?

– Azərbaycan siyasi kəsiminin mövcud baxışları nöqteyi-nəzərindən tamamilə normal. Amma söhbət müasir siyasi yanaşmadan və ətraflı dərin baxışdan gedirsə, müxalif düşərgədə bir çoxu primitiv şəkildə ya Ərdoğanı dəstəkləyən, ya da onun əleyhinə olan münasibət sərgilədi. Guya, bu, qanuni hakimiyyətin qorunması məsələsidir. Ümumiyyətlə, bu cür məsələlərdə Türkiyə hakimiyyətinin Azərbaycanda kiminsə mövqeyinə ehtiyacı olduğunu düşünmürəm. Odur ki, belə mövqelər ifadə etmək özünü gülünc vəziyyətə qoymaqdan başqa bir şey deyil. Nəhayət, AKP hakimiyyətinin Azərbaycanda demokratiyanın inkişafına, seçki hüquqlarının təmin olunmasına vurduğu zərbəni bir də Rusiya vurub. Əslində, Qərb də, Rusiya da eyni dərəcədə zərbə vurub. Ancaq Azərbaycana qardaş olan dövlətin rəhbərliyinin demokratiyanın inkişafına bu qədər zərbə vurması fonunda yerli demokratların Ərdoğan hökumətinə yarınmaq cəhdi bir qədər gülünc və biabırçı görünür. Hər şeyi bir kənara qoyuram, sadə bir sual vermək istəyirəm: Son 10 ildə Ərdoğan hökumətinin Azərbaycana gələn hansı yüksək rəsmisinin müxalifət liderlərilə görüşü olub? Olubsa, bunu səsləndirsinlər, biz də bilək.

Ana səhifəVideoƏrəstun Oruclu: Düşünmürəm ki, Ərdoğan qalib çıxdı