“İqtidar indiki siyasətini davam etdirməyəcək, daha da kəskinləşdirəcək”
Avropa Parlamentinin sentyabrın 10-da yayılan qətnaməsi ölkənin siyasi dairələrində və mətbuatında geniş müzakirəyə səbəb oldu. Hakimiyyət təmsilçiləri və mediası sənədin Azərbaycana qarşı olduğunu və erməni lobbisinin hazırladığını iddia etdi. Bu müzakirələri nəzərə alıb suallarımızı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluya ünvanladıq.
– Ərəstun bəy, Avropa Parlamentinin qətnaməsini necə qiymətləndirirsiniz?
– Kifayət qədər kəskin qətnamədir və bir çox məsələləri əhatə edir. Düşünrəm ki, qətnamənin qəbulu heç də təsadüfi deyil və orada söhbət təkcə insan haqlarının pozulması, siyasi məhbusların olmasından getmir, həm də müəyyən mənada mümkün sanksiyalara eyhamlar var. Konkret olaraq, Avropa Komissiyasına çağırışlar yer alıb və bunlar məcburi xarakter daşımasa da, Avropa Komissiyasına tövsiyyə kimi göstərilib.
– Belə bkir fikir var ki, qətnamədə insan haqları, seçki, siyasi məhbuslar bəhanədir, Azərbaycan hakimiyyətinin Rusiyameylli siyasəti bu sənədi ortaya çıxarıb. Bu barədə nə düşünürsünüz?
– Mən bu amili də istisna etmirəm. Qətnamənin kəskin olmasının səbəblərindən biri də hakimiyyətin faktiki olaraq Rusiyaya doğru istiqamət götürməsi ola bilər. Amma istənilən halda, prioritet olaraq siyasi məhbuslar və siyasi xarakterli təqiblər pislənilir.
– Qətnaməni Avropa Parlamentinin liberal-demokratlar, yəni ALDE fraksiyası hazırlayıb. Bu ittifaqı daha yaxşı tanıdığınızdan sual etmək istəyirik: niyə məhz liberal-demokratlar?
– Məsələ ondadır ki, bu, liberal-demokratların hazırladığı birinci qətnamə layihəsi deyil. Liberal-Demokratlar İttifaqı Azərbaycanda insan haqlarının pozulmasını, seçkilərin saxtalaşdırılmasını, azad mətbuata təzyiqləri, siyai təqibləri pisləyən neçənci qətnamədir ki, hazırlayıb Avropa Parlamentinin müzakirəsinə təqdim edir. Bunun da müəlliflərindən biri fraksiyanın rəhbərlərindən olan Avropa Parlamentinin vitse-prezidenti Aleksandr Lambsdorf olub, ən başlıcası isə partiyanın lideri ciddi siyasətçi olan britaniyalı deputat Qraham Uotsondur. Avropa partiyaları arasında liberallar dəyərlərə daha sadiqdirlər. Avropa Birliyində sosialistlər, yaşıllar, Avropa Xalq Partiyası, yəni mühafizəkarlar da var. Liberal-demokratlar insan haqları məsələsində daha həssasdılar. Təkcə Azərbaycanla bağlı deyil, bir çox dövlətlərlə bağlı qətnamə layihələri hazırlayıb müzakirələrə təqdim edirlər və ortaq mövqeyə malik olduqlarından daim iki böyük fraksiya – solçular və mühafizəkarlar da adətən onların qətnamələrini dəstəkləyirlər.
– Hakimiyyətyönlü mətbuat manşetlərində qətnaməni Azərbaycana qarşı şəklində təqdim edib. Siz necə düşünürsünüz, qətnamə Azərbaycana qarşıdır, yoxsa hakimiyyətə…?
– Qətnamə birmənalı olaraq hakimiyyətin siyasətinə qarşıdır. Qətnamədə Azərbaycana qarşı heç nə yoxdur. Əgər hakimiyyət söz, mətbuat azadlığını boğursa, bu, Azərbaycanın xeyrinədirmi? Xeyr, belə deyil. Hesab edirəm ki, siyasi motivli həbslər Azərbaycanın maraqlarına ziddir. Kimsə hakimiyyətin bu siyasətini düzgün sayırsa, deməli, o zaman da qətnamənin Azərbaycana qarşı olduğunu hesab edir. Söhbət səmimi olaraq belə düşünənlərdən gedir. Əslində isə belə düşünənlərin əksəriyyətinin maraqları aydındır, bu, konyunktur maraqlardır və məqsədi hakimiyyətin himayəsinə nail olmaq və nəsə əldə etməkdır. Kimsə hesab edirsə ki, qətnamə Azərbaycana qarşıdır, ortaya çox ciddi arqumentlər qoymalıdır. Sübut etməlidir ki, ölkədə siyasi məhbuslar yoxdur, əgər varsa, onları düzgün edib həbsa atıblar. Bugün vətəndaş cəmiyyətinin yalnız hakimiyyətə yaxın olmayan hissəsi deyil, hakimiyyətə yaxın olanı da xeyli dərəcədə sıradan çıxarılıb. Qoy, sübut etsinlər ki, bunlar düzgündür, Azərbaycanın Konstitusiyasının, qanunlarının, ölkənin beynəlxalq öhdəkliklərinin tələblərinə cavab verir. O zaman biz də razılaşaq ki, bəli, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşıdır. Bir daha təkrar edirəm, Avropa Parlamentinin qətnaməsi Azərbaycan qarşı deyil, hakimiyyətin repressiya siyasətinə qarşıdır.
– Qətnamənin XXI bəndində qeyilir: Avropa Parlamenti Avropa Ittifaqına üzv dövlətləri, həmçinin Avropa Xarici Siyasət Idarəsini Azərbaycandakı seçkini müşahidə etməkdən çəkinməyə çağırır. Çünki ölkə hazırkı şərtlər altında istənilən müşahidə missiyası mənasızdır və çox ciddi qüsurları olan seçki ortamının legitimləşdirilməsinə xidmət etməkdən başqa bir şey olmayacaq. Bu bənd seçkiləri boykot edən siyasi qüvvələrə dəstək deyilmi?
– Mən belə düşünməzdim. XXI bənd daha böyük miqyaslı məsələdir və Azərbaycanın daxili siyasi konfiqurasiyasına hesablanmayıb və əmin edirəm ki, heç onlar kimin seçkiyə gedib-getməməsini önəmli də hesab etmirlər. Sadəcə, yaranmış ictimai-siyasi durumda seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsini ifadə edə bilməz. Bu baxımdan seçkiləri müşahidə etməyə dəyməz. Qətnamədə deyilən budur.
– O zaman Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov söyləməzmi ki, o bir müddət əvvəl yazdıqlarında haqlıdır, yəni avropalıların seçkiyə rəyi hazırdır, sadəcə, imza və tarix qoyulacaq…
– Novruz Məmmədov belə deyə bilər, amma qətnamədə seçkilərin tanınmaması barədə heç nə deyilmir, onu nəticə göstərəcək. Lakin seçkilər müşahidə olunmursa, deməli, bu, həm də tanınmır deməkdir. Cənab Məmmədov bir növ qabaqdangəlmişlik edir, təmsil etdiyi hakimiyyətin yaratdığı seçki mühiti göz önündədir. Novruz Məmmədov bundan sonra 50 bəyanat versə də, heç nə dəyişmir, çünki ortada görünən reallıqlar var: ölkədə siyasi təqiblər, siyasi motivli həbslər davam edir, siyasi məhbuslar var, sərbəst toplaşmaq azadlığı təmin olunmur. O zaman seçki üçün mövcud olan zəruri şərait nədən ibarətdir?
– Sualım sizə aid olmasa da, cavabınızı bilmək istərdim, XXI bənddə deyilir ki, Avropa Xarici Siyasət Idarəsini Azərbaycandakı seçkini müşahidə etməkdən çəkinsin, çünki ölkə hazırkı şərtlər altında istənilən müşahidə missiyası mənasızdır və çox ciddi qüsurları olan seçki ortamının legitimləşdirilməsinə xidmət etməkdən başqa bir şey olmayacaq. Bu baxımdan ALDE üzvü Müsavat Partiyasının seçkiyə qatılmasını necə qiymətləndirirsiniz?
– Bu, partiyanın öz işi olduğundan qiymət vermək istəmirəm. Mən şəxsən həmişə prosesdə iştirakın tərəfdarı olmuşam. Hətta ən qeyri-real şəraitdə belə seçkilərdə iştirak etmək lazımdır və iddia eləmək ki, guya, iştirak etmək seçkiyə legitimlik gətirir, məncə siyasi yanaşmadan xəbər vermir. Vaxtilə müxalifət tam şəkildə də boykot edib, məgər seçki tanınmayıb? Boykot güclü müxalifətin missiyasıdır, əgər müxalifətin cəmiyyətdə səsi eşidilmirsə, onun boykot edib-etməməyinin nə əhəmiyyəti var?! Bir daha deyirəm, istənilən halda prosesdə iştirak etmək lazımdır. ən azı 4 dəqiqəlik çıxışlarla cəmiyyətdə qalmış çox az və zəif mübariz təbəqəyə göstərmək lazımdır ki, az da olsa müqavimət var.
– Amma avropalılar hesab edir ki, seçkidə iştirak çox ciddi qüsurları olan seçki ortamının legitimləşdirilməsinə xidmət etməkdən başqa bir şey deyil…
– Bu da bir mövqe ola bilər. Avropalılar hökmən həmişə həqiqəti demir ki. Avropalılar bizim reallığı Qərbdən baxıb görürlər, Azərbaycan reallığı isə deyir ki, seçki prosesi mütləq iştirak üçün istifadə olunmalıdır. Partiyalar seçkiyə getmirsə, xarici siyasətlə bağlı olaylara münasibət bildirmirsə, sosial-iqtisadi problemlərlə bağlı elementar dəyirmi masalar keçirmirsə, cəmiyyətə mesajlar vermirsə, o zaman partiyalar ümumiyyətlə nəyə lazımdır?!
–
Avropa Parlamentinin bu, qətnaməsindən sonra hakimiyyət indiyə qədər olan siyasətini davam etdirəcəkmi?
– Xeyr, davam etdirməyəcək, daha da kəskinləşdirəcək.