Son bir neçə ayda Azərbaycan mətbuatında, sosial şəbəkələrdə hər gün mütləq ərəb turistlər barədə bir ya və ya bir neçə məlumata, hadisəyə, reaksiyaya, görüntüyə rast gəlirəm. Və mətbuatdan tutmuş sıradan “Facebook” istifadəçisinin yanaşmasına qədər doxsan doqquz faiz reaksiyaların mənfi olduğunu görürəm. Qınaq, ərəblərə yuxarıdan aşağı baxma, hətta irqçilik dərəcəsində təhqirlər-filan. Baxırsan ki, nə qədər adam qadınlı-kişili car çəkir ki, ay, bəs bu ərəblər müsəlmandılar, amma bura bazlığa gəliblər, bara gəliblər, pivə içirlər, bizim qadınlarla gəzirlər, otelə seks işçisi aparırlar-zad . Ay nə bilim pintidirlər, ay nə bilim şəhəri zibilləyirlər, ay nə bilim arvadlarına kobud davranılar.
Kənardan söhbətlərə yad adam kimi baxsan, düşünərsən ki, sanki Azərbaycan İsveçrə, özümüz sterillik, təmizlik, dürüstlük, nəzakət mücəssəməsi idik, ərəblər gəldi bizi şoka saldı.
Adama deyərlər, əvvəla, siz də müsəlmansınız. Guya siz xaricə gedəndə, ora ibadətə gedirsiz? Guya getdiyiniz ölkələrə çatan kimi məscid, pir, seyid axtarırsız ki, ziyarət edəsiniz? Siz guya getdiyiniz ölkələrə çatan kimi, harda bazlıq eləmək barədə düşünmürsüz? Gecə klubları, barlar, narkotik axtarmırsız? Oranın qadınlarına seksual obyekt kimi baxmırsız? Və ya xaricdən qayıdan dostunuzdan ilk sualınız: “Qaqa, orda birşey-mirşey eləyə bildinmi?” sualı olmur? Avropada yaşayan bir kişi dostum var, uzun illərdir burdadı, deyir: “Bura təzə gələndə elə bilirdim ki, burdakı qadınlar hamısı əxlaqsızdı, özü də mən aeroporta çatan kimi hamısı ətəyin dartıb yuxarı məni seksə dəvət edəcək”. İndi dostumuz sivil adam olub, amma deyir “Azərbaycandan gələn dost-tanış sivil insan kimi yaşamaa imkan vermir. Bura çatan kimi hamısının ilk sualı bu olur – Qaqa, burda bazlığı necə, harda eləyək? Harda yaxşı qızla tanış olmaq olar?”
Deyir ki, özü də hələ guya bura gələnlər oxumağa, təhsil almağa gələn, allah qoymasa, sivil adamlardı. Amma elə bilirlər ki, burda intim münasibətlər azaddı deyə elə kim harda gəldi, necə gəldi, kiminlə gəldi söhbətidir.
Guya siz getdiyiniz ölkələrdə çox təmizkarsız? Getdiyiniz ölkələri boş verin, öz evinizdən, öz həyətinizdən başqa haranın təmizliyinin qeydinə qalırsız? Bəs bizim ölkəmizdə sidik iyindən baş çatlayan liftləri batıran, ictimai tualetlərdə yerə oturan, unitazların üstünə çıxan, çimərlikdə süfrə açıb, zibilini ordaca qoyub gələn, asfalta hayxırıb tüpürən, divarlara nəcislə yazı yazanlar, avtobuslarda tumu çırtlayıb oturacağın üstünə tökən, ictimai nəqliyatda iy verib iylənənlər kimdir? Guya ərəb gəlməmiş belə dəhşət təmiz, steril saxlayırdıq axı şəhəri, ərəblər gəldi zibillədi. Vay-vay-vay! Dəhşət!
Ərəb gəlib ölkəmizdə seks xidmətindən istifadə edir? Puluna güvənib qız çıxarır, sizin dillə desək? Guya ərəb bura gəlməmiş, burdan Dubaya seks xidmətinə axışanlar bizim ölkədən deyildilər? Siz niyə ərəbin ölkəmizə seks turizminə gəlməsinə, ya qadınlarımızın onlarla əylənməsinə hirslənmək əvəzinə qadınlarımızı seks xidməti göstərməyə məcbur edən şərtlərə hirslənmirsiz? Axı böyük əksəriyyət bu işi imkansızlıqdan, başqa yolu olmadığından seçir. Kim, nə, hansı şərtlər, ehtiyaclar vəziyyəti o yerə gətirib ki, qadınlarımız o xidməti göstərməyə başlayıb? Bunu düşünmək, bunu soruşmaq çətindir, amma ərəbi söymək asandır axı…ona görə siz daha çox ərəbə hirslənirsiz…
Guya özünüz başqa ölkələrdə həyat yoldaşınızla belə dəhşət nəzakətli davranırsız? Bəs Rusiyada, Ukraynada arvadlarına telefon işlətməyə imkan verməyən, on il, iyrimi il rus dili öyrənməsinə imkan verməyən, evdən çölə çıxmağa qoymayan, cır-cındır içində saxlayan, amma rus, ukraynalı qızın yanında özünü səxavətli, nəzakətli, sivil adam kimi aparanlar, onlara gül bağışlayan, klublara aparan, əylənənlər kimlərdir? Hə, bir fərq var ki, ərəb arvadın üzünü bir az çox bağlayıb, siz sağ olun, beş-on santimetr açıq qoymağa icazə vermisiz. Böyük lütfdür. Allah sizdən razı olsun.
Bacılar və qardaşlar, analar və xalalar, əmilər və dayılar, turist hər yerdə turistdi. Getdiyi yerdə yenilik, əyləncə, istirahət axtarır. İnsandan insana, millətdən millətə, sosial təbəqədən təbəqəyə əyləncə anlayışları dəyişir. Kimi daha səsli əylənir, kimi daha zibilli, kimi daha iyli-qoxulu, kimi daha sakit və təmiz…Amma başqasına lağ edəndə, yuxarıdan aşağı baxanda, öz ayıblarımızı da unutmayaq, görməzdən gəlməyək. Yoxsa qıraqdan, doğrudan da, gülməli görünür.
Sonda başqa mədəniyyətlərə bir tolerantliq nümunəsi. Bu günlərdə yaşadığımız kommuna 30-40 uşaqlı ailəni yığıb iki saatlıq məsafədə yerləşən nəhəng zooparka aparmışdı. Avtobusda həm norveçlilər, həm də emiqrant ailələr vardı. Arxada iki əfqan oğlan ourub hərəsi telefonda bir səs-küylü mahnı qoyub, var səsini açmışdılar. O pıçıltı ilə danışan, telefonla qulaqcıqsız danışmayan, fərdi məkana önəm verən norveçlilər iki saat boyu nə qədər narahat olsalar da, oğlanlara dinmədilər. Və hansısa norveçli bir yazar hardasa yazsa ki, avtobusa iki əfqan oğlan özünü pis aparırdı, o dəqiqə hamı tökülüşər üstünə ki, rasistlik eləmə, özünü pis aparan adamın millətinin nə fərqi var?
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.