Ərəbistanda müəllimə “Twitterdə”ki paylaşımlarına görə edam hökmü çıxarılıb

Mənbə: middleeasteye.net

“Human Rights Watch” Səudiyyə Ərəbistanı hakimiyyətinə edamı dayandırmağa çağırış edib

Səudiyyə Ərəbistanı məhkəməsinin təqaüddə olan 54 yaşlı müəllim Məhəmməd əl-Həmdini “Twitterdə”ki (hazırda bu sosial şəbəkə “X” adlanır) paylaşımlarına görə edam cəzasına məhkum etdiyi bildirilir.

“Human Rights Watch” beynəlxalq hüquq müdafiəsi təşkilatının saytında yer alan məlumatda qeyd olunur ki, hökm 2023-cü il iyulun 10-da çıxarılıb.

Məhəmməd əl-Həmdi hökm çıxarılana qədər bir il həbsdə olub.

Onun 2022-ci il iyunun 11-dən etibarən Məkkədə təkadamlıq kameraya salındığı, daim sorğu-sual edildiyi və vəkil xidmətlərindən istifadəsinə imkan verilmədiyi qeyd edilir.

Məhəmməd əl-Həmdi vəkillə birbaşa məhkəmə qarşısında görüşüb.

Məhkəmə keçmiş müəllimi bir sıra maddələr, o cümlədən kralı və vəliəhdi təhqir etməkdə təqsirli bilib.

Ölüm hökmü əl-Həmdinin “tweet” və “retweet”ləri  və “YouTube”dakı hərəkətləri əsasında çıxarılıb.

Əh-Həmdinin “twitter”də cəmi 8 abunəçisi olduğu bildirilir.

O, əsasən “retweet”lər yayıb, özü nəsə yazmayıb.

Məhəmməd əl-Həmdinin qardaşı Səid bin Nasser əl-Həmdi Böyük Britaniyada mühacirətdə yaşayan müxalifət lideridir.

Səid bin Nasser əl-Həmdi hesab edir ki, qardaşının cinayət məsuliyyətinə cəlb edilməsi ilk növbədə, onun qohumu olması ilə bağlıdır.

“Human Rights Watch” qeyd edir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti son illər xaricdə yaşayan müxalifətçilər və dissidentləri ölkəyə qayıtmağa məcbur etmək üçün onların ailə üzvlərini hədəfə alır.

Səudiyyə Ərəbistanında bu ilin əvvəlindən bəri 92 məhbusun edam edildiyi bildirilir.

2022-ci ildə 147 nəfər edam edilib ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur. 

Ana səhifəXəbərlərƏrəbistanda müəllimə “Twitterdə”ki paylaşımlarına görə edam hökmü çıxarılıb