Ərəb şirkətləri Azərbaycanın enerji sahəsinə sərmayə yatıracaq

İqtisadçı: “Ərəb kapitalı hələ Azərbaycan bazarını yoxlayır”

Source:


İqtisadçı: “Ərəb kapitalı hələ Azərbaycan bazarını yoxlayır”

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirəcək pilot layihələri çərçivəsində 300 mln. ABŞ dollarından artıq sərmayə yatıracaqlar.

Bu barədə

“APA-Economics”ə

Azərbaycanın Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva bildirib.

Layihələrin vaxt baxımından həyata keçirilməsini şərh edən Zəminə Əliyeva, bunun uzunmüddətli layihələr olduğunu qeyd edərək, dəqiq tarixi açıqlamayıb.

“Hazırda bu pilot layihələrdir. Pilot layihələrdən sonra hərraclar keçiriləcək. Hərraclar keçiriləndə bu şirkətlər yenidən başqa bir layihələrdə də iştirak edə bilər”, – deyə Zəminə Əliyeva əlavə edib.

Son bir neçə ildir Avropa və Amerika şirkətləri kütləvi şəkildə Azərbaycan bazarını tərk edir. İndi isə Səudiyyə Ərəbistanı Krallığına məxsus şirkətlər ölkə bazarına ayaq açır.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli bunu Azərbaycanda şəffaf oyun qaydalarının olmaması ilə əlaqələndirir. Deyir, Avropa, Amerika şirkətləri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə maraqlıdırlar. Onlar yatırımlarının güvənc altında olmasını istəyirlər. Ancaq ərəb şirkətləri belə deyil. Onlara yatırım etmək üçün tanışlıq, məmurlarla özəl danışıqlar kifayət edir:

“Burada bir iqtisadi fəlsəfi məsələyə diqqət yetirmək lazımdır. Avropa və Amerika şirkətləri, əsasən də qeyri-neft sektorunda çalışanlar yatırımlarının güvənc altında olmasını istəyirlər. Azərbaycan isə uzun müddət Ümumdünya Ticarət Təşkiltına üzv olmadı, məhkəmə sistemində irəliləyiş yoxdur. Ona görə də Qərb şirkətləri ölkədən getdi”.

İqtisadçı deyir ki, ərəb ölkələrinə məxsus şirkətlərin isə belə bir dərdi yoxdur. Onlara institusional dəstəkdən çox, şəxsi zəmanətlər lazımdır:

“Türkiyədə də, dünyanın bir çox ölkəsində də bu cür işləyirlər. Ona görə də Azərbaycan hökuməti müxtəlif görüşlərdə onlara şəxsi zəmanət verib. Onlar da ölkəyə yatırım etmək qərarına gəliblər. Göründüyü kimi yatırımın həcmi o qədər də böyük deyil. Ərəb kapitalı hələ Azərbaycan bazarını yoxlayır. Hansı şərtlərlə çalışmağın mümkünlüyünə baxır. Odur ki, hələlik, böyük həcmli investisiyalar yatırmır”.

İqtisadçı deyir ki, Qərb ölkələrinin neft sahəsində çalışan şirkətlərinin durumu qeyri-neft sektorundakılarla eyni olmadığından, onlar qalıb işləyirlər:

“Neft sektorunda tamam başqa oyun qaydalarıdır. Buradakı müqavilələr parlament tərəfindən tətbiq olunur deyə, konstitusiyaya bərabər hüquqa malik olur. İcra strukturları istəsə belə, bu qaydaları poza bilmir. Odur ki, Azərbaycanı tərk edən şirkətlərin böyük əksəriyyəti qeyri-neft sektorunda çalışanlar idi. Onlara eyni şərait yaradılmırdı“.

İqtisadçının fikrincə, ərəb ölkələrinin Azərbaycana etdiyi yatırımlara gəlincə, onlarda daha çox tanışlıq, hər hansı bir məmurlarla özəl danışıqlarla, onların güvənini qazanmaqla, işləməklə bağlı ortaq razılaşmaya gəlmək kifayət edir ki, Azərbaycanda hər hansı bir sahəyə yatırım etmək qərarı versinlər.

Bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə “ACWA Power” və “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, “ACWA Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və “Masdar” şirkətinin icraçı direktoru Məhəmməd Cameel Al Ramahi imzalayıblar. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

“ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpa olunan enerji sahəsində 8 000 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 200 MVt qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir. “Masdar” şirkəti isə bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4 000 MVt həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 mlrd. dollar məbləğində investisiya qoyuluşu həyata keçirib.

Ana səhifəXəbərlərƏrəb şirkətləri Azərbaycanın enerji sahəsinə sərmayə yatıracaq