Əli Kərimli: “Əliyev belə bir təəssürat yaratmağa çalışır, amma mümkün olmayacaq”
Yanvarın 8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhya Azərbaycana səfər edib.
Onun səfər proqramına qardaşları, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhya, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhya və oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhya daxil olub.
Azərbaycan tərəfdən isə görüşlərdə Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də iştirak edib.
O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə eyni masada əyləşib.
Hökumətyönlü media tədbirdən foto və video yayaraq, “Rəsmi ziyafətə Heydər Əliyev də qatıldı” başlığı ilə xəbərlər tirajlayır.
Hər hansı vəzifə daşımayan Heydər Əliyevin Şeyx Məhəmməd bin Zayed Əl Nəhyaya verilən ziyafətə və rəsmi görüşlərə qatılması suallar doğurub. Çünki onun tədbirdə iştiraki xüsusi olaraq qabardılır.
Adətən, hər hansı bir şəxsin vəzifəyə təyinatından öncə hökumətyönlü mediada belə təbliğat metodlarından istifadə olunur.
Bəs hakimiyyət bu təqdimatla nəyin mesajını verir?
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli hazırki situasiyanı “varislik və hakimiyyətin ötürülməsi planı” kimi görmür.
O hesab edir ki, monarxiyanın qurulması demokratiyanın qurulmasından da çətindir:
“Monarxiyanın öz qayda-qanunları var. İnanmıram ki, Azərbaycanda nə vaxtsa de-yure belə bir sistem qurula bilər. Bu, mümkünsüz görünür”.
BƏƏ Prezidentinin qardaşları və oğluyla Bakıya səfərinə gəlincə, Natiq Cəfərli deyir ki, başqa ölkələrin də siyasi həyatında belə təcrübələr olub:
“ABŞ-ın sabiq başçısı Trampın oğlu və qızı da onunla görüşlərə qatılırdı. Yəni ailə formatında kimlərinsə görüşlərdə iştirakı mümkündür. Əgər gələcəkdə Heydər Əliyevə hansısa vəzifə verilsə, yaxud ciddi vəzifələr tapşırılıb hazırlıq işlərinə start verilsə, bu zaman monarxiya təhlükəsindən danışmaq mümkün olar. İndiki halda adi protokol qaydalarına uyğun davranışdır. Çünki ABŞ və başqa ölkələrinin də belə tədbirlərdə ailə üzvləri ilə iştirakının şahidi olmuşuq. Hətta Co Bayden vitse-prezident olanda oğluyla Çinə rəsmi səfər də etmişdi. Təkrar edirəm, 8 yanvar görüşlərini ciddi hadisə kimi görmürəm, amma gələcəkdə rəsmi vəzifələr verilərsə, hakimiyyətin ötürülməsi təhlükəsindən danışmaq olar”.
Siyasi şərhçi Rauf Mirqədirov bildirib ki, BƏƏ Şərq dövlətidir, Şeyx Məhəmməd bin Zayed Əl Nəhya Prezident olmazdan əvvəl əmirliklərdən birinin şeyxidir:
“Bu tərkibdə görüş isə Azərbaycanın Şərq dövləti olduğunun və onların yanında olmaq, müəyyən mənada onlara oxşamaq istəyinin nümayişidir. Həm də mütləqiyyət ənənələrinə hörmət ifadəsidir. Düzdür, Azərbaycan tarixi ənənəsi onlara oxşar olmasa da, hakimiyyətimiz belə bir nümayişi özü üçün normal və mümkün sayır. Bu, təəssüf doğurur”.
Siyasi şərhçi düşünmür ki, 8 yanvar görüşləri hakimiyyətin ötürülməsinin uzunmüddətli planları ilə bağlıdır:
“Bununla belə istisna etmirəm ki, hakimiyyətin digər Əliyevə ötürmə istəyi var. Hazırkı anda hələlik gələcək üçün 2 namizəd haqda danışa bilərik, onun biri I Vitse-prezident Mehriban Əliyevadır. Bir qədər uzaq perspektivdə məhz Heydər Əliyev ola bilər. Əliyevlər ailəsinin digər üzvlərinin cəmiyyətə təqdim etmək planı isə baş tutmadı”.
Rauf Mirqədirov hesab edir ki, hakimiyyəti ailədə saxlamaq iqtidarın əsas məqsədlərindəndir:
“Çünki bu, iqtidarın toxunulmazlığını təmin edən vasitədir”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin fikrincə, İlham Əliyev ən azı belə bir təəssüratın yaranmasını istəyir:
“Gərək, Azərbaycan cəmiyyəti də bu işləri Əliyevin istədiyi kimi yozmasın. Çünki Əliyevin vəziyyəti o deyil ki, özündən sonra oğlunun da prezidentliyi haqda planlar qursun”.
AXCP sədri bildirib ki, İlham Əliyev hazırda 2025-ci ildən də əmin deyil:
“Baxın, Əliyev 2025-ci ildə olacaq seçkiləri gözləyə bilməyib onu növbədənkənar keçirir ki, o vaxt dünyada vəziyyət necə olacaq sualı onun üçün də məlum deyil. Ona görə də indiki keçid zamanında heç kimin, o cümlədən də, Əliyevin belə uzunmüddətli planlar qurmaq imkanı yoxdur. Sadəcə, ictimai fikirdə belə planlar qurur ki, guya hakimiyyət özünü arxayın hiss edir. Hətta belə bir təəssürat da yaradır ki, gənc oğlunu da prezidentliyə hazırlayır. Mətbuat gərək onun planlarına kömək etməsin”.
Əli Kərimli hesab edir ki, Azərbaycanda bu planı gerçəkləşdirmək mümkün olmayacaq:
“Mən bunu əminliklə deyirəm”.