“Məhkəmələrin verdiyi hər qərarı bəyənmək məcburiyyətində deyilik”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsi başqanı Əkrəm İmamoğluna verilən həbs cəzası ilə bağlı açıqlama verib. Ərdoğanın fikrincə, bu müzakirənin nə onlarla, nə onun özü ilə, nə də millətlə əlaqəsi var:
“Məsələ hakimləri təhqir edən şəxsin barəsində çıxan hökmdür. Məhkəmənin qərarı elan edildikdən sonra yazılanlara baxanda həm gülürük, həm də kədərlənirik. Yalan-dolan sözlərin iddialı və inamlı şəkildə ifadə edildiyini görəndə gülürük. Bəzilərinin öz daxili çəkişmələrini, Bizans dövründəki “taxt oyunları” kimi işlərini bizim üzərimizdən aparmaq istədiklərini gördükcə gülürük”.
“Heç kim bizim demokratiyaya sadiqliyimizi şübhə altına ala bilməz”, Ərdoğan deyib.
Konstitusiyanın 138-ci maddəsinə görə hakimlərin öz vəzifələrini müstəqil və qanuna uyğun şəkildə yerinə yetirdiyini bildirən Ərdoğan, “Məhkəmələrin verdiyi hər qərarı bəyənmək məcburiyyətində deyilik. Bu, sizə məhkəmə qərarlarını təhqir etmək və ya inkar etmək hüququ vermir. Heç kim bizim demokratiyaya sadiqliyimizi və qanuni siyasət aparmağımızı şübhə altına ala bilməz”, – Türkiyə Prezidenti vurğulayıb.
“Biri məhkəmə qərarını bəhanə edərək masadakı hesabı öz xeyrinə çevirməyə çalışır”, – deyən Ərdoğan “təkpartiyalı faşizm” ifadəsini də işlədib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Mərkəzi Seçki Komissiyasının (YSK) üzvlərini “axmaq” adlandırdığı üçün mühakimə olunub. Məhkəmə İmamoğlunu 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edib və TCK-nın 53-cü maddəsinə uyğun olaraq “siyasi qadağa” müddəasını həyata keçirib. Hakim İmamoğluna verilən cəzada təqdiri azaltmayıb. Qərarın qəti olması üçün apelyasiya məhkəməsinin və Ali Məhkəmənin prosesləri də tamamlanmalıdır. Hökm təsdiq olunarsa, Əkrəm İmamoğlunun bələdiyyə sədrliyi və CHP üzvlüyü də ləğv ediləcək.