Ərdoğan zəlzələnin Türkiyəyə vurduğu ziyanı açıqladı

Hatayda zəlzələdə dağılan bina. Foto: Meydan TV

Zərərin 104 milyard dollar olduğu bildirilir

Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu zərər 104 milyard dollara çatıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berlin Zəlzələ Konfransı üçün göndərdiyi videomüraciətdə deyib.

“Fevralın 6-da Kahramanmaraşda iki böyük zəlzələ ilə sarsıldıq. Əsrin fəlakəti hesab edilən bu zəlzələlərdə 50  mindən çox insan həyatını itirdi. Zəlzələnin baş verdiyi 11 vilayətdə 311 min bina yararsız hala düşüb. İş yerləri, kənd təsərrüfatı sahələri, müəssisə və fabriklərə ziyan dəyib. 14 milyon insanımız zəlzələnin mənfi təsirlərini yaşayıb”, – deyə o bildirib.

Prezident deyib ki, zəlzələdən zərərçəkənlər üçün ümumilikdə 650 min yaşayış evlərinin tikintisi nəzərdə tutulub:

Tayyib Ərdoğan. Foto: Sosial şəbəkə

“Bunlardan 319 min evin tikintisi başa çatdırılıb. Oktyabr-noyabr aylarından etibarən mərhələli şəkildə evləri təhvil veriləcək”.

Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib.

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Əlli mindən çox adamın öldüyü bildirilən təbii fəlakət Türkiyə cumhuriyyət tarixinin ən çox insan itkisinə səbəb olan zəlzələsi kimi tarixə düşüb.

Ana səhifəDünyaƏrdoğan zəlzələnin Türkiyəyə vurduğu ziyanı açıqladı