“Lazım gələrsə, Türkiyə Kurəcik olan radar bazasını da bağlaya bilər”
Türkiyə ABŞ-ın sanksiya təhdidlərinə cavab olaraq ABŞ-ın nüvə başlıqlarına sahib İncirlik hava bazasını bağlaya bilər, – “Al Jazeera” xəbər verir.
“Belə bir addım atmağa ehtiyac olarsa, əlbəttə ki, səlahiyyətimiz var … Lazım gələrsə, İncirliyi bağlayacağıq”, – prezident Rəcəb Tayyib Ərdoğan bazar günü “A Haber TV”-də müsahibəsi zamanı bildirib.
ABŞ senatorları keçən həftə Ankaranın Rusiyadan bu ilin əvvəlində S-400 raketdən müdafiə sisteminin alması və bu yaxınlarda Suriyanın şimalında başlatdığı hərbi əməliyyatlar ilə əlaqədar Türkiyəyə sanksiya tətbiq etməklə bağlı irəli sürülən qanunvericiliyi dəstəkləyib.
İncirlik Suriya sərhədindən təqribən 150 km məsafədə, Adana şəhərindən kənarda yerləşir və Türk Hərbi Hava Qüvvələrinin istifadə etdiyi əsas aviabazadır. 2011-ci ilin noyabr ayından bəri ABŞ hərbi hava qüvvələri bazadan pilotsuz uçuşlar həyata keçirib və bunu əsasən İŞİD silahlı qruplaşmasına qarşı hava hücumları həyata keçirmək üçün istifadə edib.
ABŞ İncirlikdə nüvə silahlarını Soyuq Müharibənin mirası olaraq saxlayıb.
“Lazım gələrsə, Türkiyə Kurəcik olan radar bazasını da bağlaya bilər”, – Ərdoğan əlavə edib. Kürəcik Türkiyənin şərqində yerləşən əsas NATO bazasıdır.
“Əgər onlar bu sanksiyaların tətbiqi ilə bizi hədələyirlərsə, təbii ki, qarşılıq olaraq cavab verəcəyik”,- Ərdoğan deyib.
Cümə günü ABŞ Senatında Birinci dünya müharibəsinin sonunda ermənilərin kütləvi qətlini “soyqırım” kimi tanıyan ayrıca qətnamənin qəbulu barədə danışan Ərdoğan qanun layihəsinin “tamamilə siyasi” olduğunu söyləyib.
O qeyd edib ki, Ankara ABŞ-ın bu addımına qarşı keçmiş əsrlərdə yerli amerikalıların öldürülməsini soyqırım kimi tanıyan parlament qətnamələri ilə cavab verə bilər.
ABŞ Senatının təsdiqlədiyi qətnamə Türkiyə tərəfindən dərhal qınanıb və qanunverici orqanın bu addımı ABŞ prezidenti Donald Trampın Ankaraya qarşı sərt siyasətinin davamı kimi qiymətləndirilib.
Tramp administrasiyası 2017-ci ildə prezidentin Rusiya ordusu ilə əməkdaşlıq edən ölkələrə maliyyə cəzaları tətbiq etməsini nəzərdə tutan sanksiya qanununu imzalamasına baxmayaraq, indiyə qədər Türkiyəyə sanksiya tətbiq etməyib.
Artıq ikitərəfli əlaqələrin gərginləşdiyi bir vaxtda Vaşinqton istehsalçısı və alıcısı olduğu ABŞ-ın F-35 gizli döyüş təyyarəsi proqramının Ankaraya tədarük edilməsini dayandırıb. ABŞ bu addımı Türkiyənin rus raket sistemini satın alması qarşılığında cəza olaraq tətbiq edib.
Şənbə günü Qətərdə bir konfransda çıxış edən Türkiyənin Xarici işlər naziri Mevlut Çavuşoğlu deyib ki, nəticənin necəliyindən asılı olmayaraq Türkiyə Rusiya ilə bağladığı S-400 müqaviləsini ləğv etməyəcək.