Ərdoğan: “Türkiyə Finlandiyaya elə bir mesaj verər ki, İsveç şoka düşər”

Rəcəb Tayyib Ərdoğan. Foto: Meydan TV

Türkiyə Prezidenti Finlandiyanı İsveç kimi səhv etməməyə çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib ki, Ankara Finlandiyanın İsveçdən daha tez NATO-ya üzvlüyünün nəzərdən keçirilməsinə razılıq verə bilər.

Prezident bu açıqlamanı Stokholmla artan gərginlik fonunda səsləndirib.

Bildirib ki, Türkiyə Finlandiyaya NATO-ya üzvlüklə bağlı fərqli bir mesaj verə bilər:

“Elə bir mesaj ki, İsveç bu mesajdan şoka düşər. Lakin Finlandiya İsveçin etdiyi səhvi etməməlidir”.

İsveç və Finlandiya 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra NATO-ya üzv olmaq üçün müraciət edib.

Üzv olmaq üçün bütün üzv ölkələrin icazəsi lazımdır.

Türkiyə və Macarıstan hələ Şimali Avropa ölkələrinin üzvlüyünü ratifikasiya etməyiblər.

Ankara deyir ki, İsveç1984-cü ildə Türkiyə dövlətinə qarşı silaha sarılan qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına sığınacaq verir.

“Biz İsveçə 120 nəfərin siyahısını verdik, bu terrorçuları ekstradisiya etmələrini istədik. Onları təhvil verməsəniz, onda buna görə təəssüf edərik”, – Ərdoğan Türkiyənin İsveç və Finlandiyayla NATO ilə bağlı ötən ilin iyununda əldə etdiyi razılaşmaya toxunaraq deyib.

Ötən həftə Stokholmda ifrat sağçı siyasətçinin Quranın nüsxəsini yandırdığı etiraz aksiyasından sonra Türkiyə İsveç və Finlandiya ilə NATO danışıqlarını dayandırıb.

İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin Türkiyə ilə NATO dialoqunu bərpa etmək istədiyini desə də, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu cümə axşamı danışıqların yenidən başlamasının mənasız olduğunu bildirib.

Çavuşoğlu həmçinin bildirib ki, “İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ayrı ayrılıqda qiymətləndirmək təklifi yoxdur”.

Ana səhifəDünyaƏrdoğan: “Türkiyə Finlandiyaya elə bir mesaj verər ki, İsveç şoka düşər”