Zəlzələni işıqlandıran jurnalist polis təzyiqi ilə üzləşib
Fevralın 7-də kürd jurnalist Mir Əli Köçər Türkiyənin Diyarbəkir şəhərində polis məntəqəsinə çağırılıb. Köçər fevralın əvvəlində bölgənin böyük bir hissəsinin dağılmasına səbəb olmuş zəlzələnin nəticələrini işıqlandırırdı. Polis jurnalisti dezinformasiyada günahlandırıb, ittiham üçün əsas onun reportajları olub.
“Codastory” yazır ki, iki ay sonra Köçər hələ də istintaq və dezinformasiya haqqında qanun əsasında – bu qanun yalançı və ya yanlış fikir yaradan məlumatın yayılmasına görə cinayət məsuliyyətini nəzərdə tutur – məhkəmə qarşısına çıxıb-çıxmayacağını bilmir. Əgər Köçər günahkar sayılarsa, onu üç ilədək həbs cəzası gözləyir.
Ekspertlər hesab edir ki, 2022-ci ilin oktyabrında qəbul olunmuş “Dezinformasiya haqqında” qanun Rəcəb Tayyib Ərdoğanın iyirmi ildən artıq prezidentliyi dövründə Türkiyədə demokratiya azadlığının tədricən məhv olmasının daha bir nümunəsidir.
Jurnalistləri zəlzələnin nəticələri barədə susmağa məcbur edən qanun indi də mayın 14-ü keçiriləcək prezident seçkilərində söz azadlığına təhlükə doğurur. Türkiyənin bəzi sakinləri gələcək seçkiləri ölkə tarixində ən mühüm seçkilər hesab edir.
“Seçki günü dövlət bu qanundan seçki məntəqələrində baş verənlərin işıqlandırılmasına mane olmaq, saxlanılmalara və həbslərə haqq qazandırmaq üçün istifadə edəcək”, – Türkiyədə jurnalistlərə hüquqi kömək göstərən “KİV və hüququn tədqiqi assosiasiyası”nın, qeyri-kommersiya təşkilatının direktoralarından biri Barış Altıntaş əmindir.
“Böyük ehtimalla internet söndürüləcək, saytlar və “Twitter”də akkauntlar bloklanacaq”, – Altıntaş əlavə edir.
“Dezinformasiya haqqında” qanunda ən mübahisəli dəyişikliklərdən biri Türkiyənin Cinayət Məcəlləsinin 217-ci maddəsinə düzəliş olub. Düzəlişdə deyilir ki, ölkənin daxili və xarici təhlükəsizliyinə aid olan saxta məlumatın yayılmasına görə, adamlara üç ilədək həbs cəzası verilə bilər. Qanun dəqiqləşdirir ki, yalançı məlumat cinayət tərkibli sayılması üçün “daxili və xarici təhlükəsizliklə, ölkədə ictimai asayiş və ümumi vəziyyətlə” bağlı olmalıdır.
Bu cür yayğın formul, yəqin ki, təsadüfi seçilməyib. İstər “LGBT-təbliğat” və ya “silahlı qüvvələrin diskreditasiyası” haqda qanunlar olsun, bütün dünyada avtokratlar öz hakimiyyətlərinin möhkəmlənməsi və repressiya siyasəti yürütmək üçün bu cür abstrakt formullardan faydalanırlar.
“Türkiyə kontekstində xarici və ya milli təhlükəsizlik haqda xülasə nəyə desən aid ola bilər”, – İstanbulun Bilgi universitetinin hüquq professoru Yaman Akdəniz deyir.
Qanunda həmçinin deyilir ki, ictimai sakitliyi pozan, əhali arasında həyəcan, qorxu və təlaş yaradan məlumatlar da dezinformasiya sayılır. Akdənizin izah etdiyinə görə, qanunda həyəcan, qorxu və ya təlaşın təyini verilmir və yozum prokurorlarla hakimlərin ixtiyarına buraxılır. Üstəlik Türkiyədə məhkəmə orqanlarının bir çoxu müstəqil deyil, hakimlərin çoxunu prezident və parlament təyin edir. Parlamentdə isə üstünlüyü Ərdoğanın partiyası və müttəfiq partiyaların koalisiyası təşkil edir.
“KİV və hüququn tədqiqi assosiasyası”nın dərc olunmamış araşdırması göstərir ki, altı jurnalist zəlzələnin nəticələrini işıqlandırdığına görə 217-ci maddə ilə saxlanılıb. “Jurnalistlərin müdafiəsi üzrə Komitə”nin məlumatına görə, Türkiyə həbs edilmiş jurnalistlərin sayına görə reytinqdə dördüncü yeri tutur (ondan əvvəldə İran, Çin və Myanma gəlir). Reytinqdə beşinci yerdə Belarusdur.
Fevralda baş vermiş zəlzələ nəticəsində təkcə Türkiyədə 45 000-dən artıq insan həlak olub və 214 000-ə yaxın bina dağılıb ki, bu da seçki öncəsi Ərdoğanın partiyasına böyük təzyiqə səbəb olub. Partiyanı inşaat zamanı normaların pozulmasında ittiham edirlər. Belə ki, düzgün tikilməmiş binalar zəlzələnin nəticələrini ağırlaşdırıb. Üstəlik hakimiyyət təbii fəlakətə nizamsız reaksiyasına görə də tənqid olunur.
Jurnalist Mir Əli Köçərin sözlərinə görə, zəlzələdən zərər görmüş bölgədən reportaj zamanı polis əməkdaşları ona iki dəfə mane olmağa çalışıb (hadisələrdən biri kameraya çəkilib). Jurnalisti polis məntəqəsinə çağıranda ona xəbər veriblər ki, sosial şəbəkələrdə yerləşdirdiyi reportajlara görə dezinformasiya yaymaqda ittiham edilir. Polislərin fikrincə, Köçərin cəsəd qoxusu hiss etməsi barədə cümləsi dezinformasiya daşıyır.
Köçər deyir ki, o sadəcə zəlzələdən sağ qalanlardan aldığı məlumatı yayır, hökumət həmin məlumatları yaymaqdan boyun qaçırır. Bəzən Köçərə deputatlar və polis məntəqəsindəki mənbələr də məlumat verir. O deyib ki, istənilən xəbəri foto, video və ya müsahibə ilə əsaslandırır. “Dezinformasiya haqqında” qanunu senzura adlandıran Köçər hesab edir ki, polis sadəcə onu qorxutmağa çalışıb. Buna baxmayaraq, hətta həbsxanaya düşsə belə, o, jurnalist fəaliyyətini davam etdirməyi planlaşdırır.
“Dezinformasiya haqqında” qanunun jurnalistlərə qarşı tətbiq edilməsinin digər halı fevralda baş verib. İki jurnalist, Əli və İbrahim İmat qardaşları “feyk xəbərləri yaydıqlarına” görə bir neçə həftə məhkəmə prosesini gözləməli olublar. Qardaşlar deyirdilər ki, Türkiyə hakimiyyəti Osmaniyyə əyalətində zəlzələ nəticəsində evsiz-eşiksiz qalmış insanlara çadır vermir.
Qanun təkcə jurnalistlərə tətbiq olunmur. Türkiyə hakimiyyəti yüzlərlə insana qarşı cinayət işi açıb, onlarla vətəndaş zəlzələ haqqında “provokasiya” xarakterli xəbərlər yaydığına görə polis tərəfindən saxlanılıb.
“217-ci maddə jurnalistlərdən daha çox qeyri-hökumət təşkilatları, alimlər və sadə vətəndaşlar üçün təhlükəlidir, belə ki, media işçiləri dövlətlə münasibətdə daha təcrübəlidir və hakimiyyət tərəfindən müxtəlif qanunlarla illərlə təqibə məruz qalıb”, – Barış Altıntaş deyir.
“Dezinformasiya haqqında qanunsa “Twitter”də nəsə yazan hər kəsə qarşı istifadə oluna bilər”.
Türkiyə “Dezinfortmasiya haqqında” qanun qəbul olunanadək də öz tənqidçiləri ilə mübarizə üçün geniş hüquqi alət dəstindən istifadə edib. Bu cür qanunlardan biri – terrorizmlə mübarizə qanunu onlarla jurnalist və dissidenti ölkədən qaçmağa məcbur edib, bir çoxu isə həbs olunub.