"Bu platformanın lider ölkələri Rusiya, Türkiyə, Azərbaycan və İrandır"
“Türkiyə Azərbaycana 10 ədəd öz istehsalı olan minatəmizləmə qurğusu verib. Yaxın gələcəkdə daha 10 ədəd də verməyi düşünür”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda jurnalistlərə
açıqlaması
nda belə deyib.
O, Qarabağ mövzusundan, minaların təmizlənməsindən, keçmiş müharibədən danışıb.
Ərdoğan deyib ki, Ermənistanın Azərbaycanın Qarabağ zəfəri gerçəyini qəbul etməsi, bölgənin önündə açılan bu yeni dönəmi doğru oxuması vacibdir. Eyni zamanda, Ermənistan güvənartırıcı addımlar atmağa başlamalıdır: “İşğaldan azad edilmiş ərazilərə döşədiyi minaların xəritələrini Azərbaycanla bölüşməlidir. Bu, önəmli bir ilk addım sayılar. Müharibə zamanı olduğu kimi bu dönəmdə də yenidənqurma işlərindən, minalı ərazilərin təmizlənməsinə qədər hər addımda, bütün imkanlarımızla Azərbaycanın yanında olacağıq”.
Prezident bildirib ki, Türkiyə hazırda mina təmizləmə mövzusunda biçici alətlərə bənzəyən bir vasitə istehsal edir. Bu, uzaqdan idarə olunan bir vasitədir və hazırda Azərbaycana bundan 10 ədəd verilib: “İlk fürsətdə onun sayını 20-yə çatdıracağıq. Sonrakı mərhələlərdə isə bundan ard-arda Azərbaycana göndərməyi düşünürük. Bu vasitənin ən böyük özəlliyi çoxsaylı minanı birdən biçə bilməsidir. Uzaqdan idarə edilir, minanı partladır və yoluna davam edir. Bu alət mina partlatma sayında da çox öndədir. Onun işi detektorla mina axtarmağa bənzəmir, biçərək irəliləyir. Bu vasitələrdən biz özümüz də terror bölgələrində istifadə etməyə başlamışıq. İnanıram ki, bu alət həm bizdə, həm də Azərbaycanda çox iş görəcək”.
Ərdoğan qaz və neft axtarılması və çıxarılması mövzusunda da Azərbaycanın irəli bir mövqedə olduğunu bildirib.
Qara Dəniz və başqa bölgələrdə bu mövzuda Azərbaycanla ortaqlığa gəlincə, prezident bildirib ki, hazırda sırf bu mövzuda Azərbaycanla Türkiyənin TANAP və TAP-dan gələn bir həmrəyliyi var.
Bundan əlavə, o, yeni bir mərhələyə də addım ata biləcəklərini deyib: “Bu nə ola bilər? Məsələn, TAP-da, TANAP-da necə birlikdəyiksə, belə bir addımı Liviyada da ata bilərik. Onların bu məsələlərdə bəlli bir təcrübəsi var. Eyni bilik və təcrübəyə sahib olduğumuz üçün bəzi addımlar atmaq da mümkündür. Mən İlham Əliyevə bunu bu təklifi etdim. O da belə bir şeydən məmnun qalacağını və özlərinin də belə bir addım ata biləcəklərini söylədi. Ümid edirəm ki, bu addımları birlikdə ataraq nəinki Avropaya açılmaq, həm də öz ölkəmizdə olduğu kimi digər ölkələrə də genişlənmək fürsəti tapacağıq”.
Prezident Zəngəzur dəhlizi ilə bağlı suallara da cavab verib.
Onun sözlərinə görə, Azərbaycanın Zəngəzur proyekti çox önəmlidir və bu layihəni dəstəkləyir: “Orada açılacaq bir dəhliz bütün bölgə üçün çox önəmli bir imkan olacaq. Bununla bağlı hazırda Rusiya tərəfi ilə bir fikir ayrılığı, yaxud bu işi gecikdirmə niyyətlərinin olduğunu düşünmürəm. Əksinə, Rusiya burada kömək etmək niyyətindədir”.
Ərdoğan deyib ki, İlham Əliyevin bununla bağlı görüşmələri var, yaxın zamanda lazım gəlsə, o da Putinlə bu barədə görüşə bilər: “Hazırda vacib olan bir şey var. O da 5 illik müqavilədir. Bu platformanın lider ölkələri Rusiya, Türkiyə, Azərbaycan və İrandır. Ancaq biz çox istəyirik ki, işin içində Gürcüstan və Ermənistan da olsun. Rusiya da bunun olmasını istəyir. Bu yaxınlarda Gürcüstanın baş naziri ilə bu barədə danışdıq. Bu məsələləri ona konkret olaraq bildirdim və dedi ki, bunun üzərində işləyə bilərlər. Onları bu şəkildə yola saldıq. Bu platformaya müsbət dəstək versələr, bölgənin çox sürətlə sakitləşəcəyini düşünürəm”.
Marşurta gəlincə, Ərdoğan hesab edir ki, bu, Azərbaycan üçün böyük imkanlar yaradacaq, eyni zamanda, Ermənistana böyük üstünlüklər verəcək: “Rusiyanın da bu məsələyə müsbət baxışı var. Çünki bu vacib bir dəhliz, vacib bir xətdir. Ümid edirəm ki, bölgənin əkinçiliyinə çox ciddi bir sərvət qatacaq. Başqa sözlə, buranın kənd təsərrüfatı dəhlizi kimi nəfəs alacağına inanırıq”.
Ərdoğan bildirib ki, hazırda əsas iş sərhədlərin müəyyənləşdirilməsi, qaranti altına alınmasıdır: “Burada xüsusilə İlham Əliyevin Putin ilə gerçəkləşdirəcəyi ara görüşmələr bu işi fərqli bir şəkildə irəlilədə bilər”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycana gəlib.
Səfəri zamanı o, Füzuli və Şuşada olub.
İki dövlət arasında müttəfiqliklə bağlı Şuşa Bəyannaməsi imzalanıb.