Ərdoğan: Regional barışın bu bölgədəki ölkələrə gətirəcəyi ilklər var

“Harda nə, necə olur bilmir”

Source: Specify Source


Azərbaycan və Türkiyə prezidentləri Ermənistana mesaj verdilər

“Nə üçün Qarabağ münaqişəsinin həlli bu günə qədər uzadıldı? 30 il nə üçün Qarabağda bu çilə çəkdirildi? Minsk üçlüsünün işi nə idi? Bunlar – ABŞ, Rusiya, Fransa dünyanın ən güclü ölkələri idi. Niyə bu iş bu qədər uzadıldı, nədən nəticələndirilmədi? Nəticə əldə edə bilməzdilərmi? Edə bilərdilər. Bəs nə üçün uzatdılar?”

Bu sualları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Azərbaycan dövlət başçısı İlham Əliyevlə keçirdiyi mətbuat konfransında səsləndirib.


“Putinin məsələyə yanaşmasını da bir kənara qoya bilmərəm…”

Rəcəb Tayyib Ərdoğan müharibə başlayandan daha sonra müsbət mesajlar gəldiyini söyləyib:

“Bunların başında da Fransa… Davamlı şəkildə qardaşımı arayır, nəticələr əldə etməyə çalışırdılar. Zaman-zaman bizimlə də əlaqə saxlamaq istəyirdilər, doğrusu, biz cavab vermədik. Çünki bilirdik ki, dərd başqadır. Bunu da xüsusən qardaşlarımız artıq “göbəyimizi kəsəcəyik” dedilər və addımı atdılar, artıq iş həyata keçirməyə başlandı. İş həyata keçməyə başlayandan sonra da biz burada hörməli Vladimir Putinlə danışıqlar apardıq. Eyni şəkildə işin diplomatik qismini Xarici işlər nazirimiz Mövlud Çavuşoğlu həyata keçirdi. Xüsusən bu nöqtədə kəşfiyyat, müdafiə hissəsi həyata keçirildi. Bütün bu işlərlə birlikdə də hava çox fərqli formalaşmağa başladı. Mən burada Putinin məsələyə yanaşmasını da bir kənara qoya bilmərəm. Onun müsbət yanaşması da prosesin müsbət istiqamətdə davam etməsinə yardımçı oldu. İş də indiki nöqtəyə qədər gəlmiş oldu”.


“Müsbət addımlar atıldığı təqdirdə qapalı sərhədlərimizi açarıq”

Türkiyə Prezidenti 6 dövlətin iştirakı ilə bir əməkdaşlıq platforması yaradıla biləcəyini söyləyib:

“Bunu hörmətli Rusiya Prezidenti Vladimir Putin də qəbul etdi. Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edərsə, Ermənistan da bu əməkdaşlıq platformasında yer ala bilər. Beləliklə, bu platforma ilə bir regional barışı təsis edə bilərik. Regional barışın bu bölgədəki ölkələrə gətirəcəyi ilklər var. Bunun üst və alt infrastruktur, siyasi, diplomatik və digər bir çox vəzifələri ortaya çıxır. Mən bu gün də qardaşıma söylədim. Əgər bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də qapalı sərhədlərimizi açarıq. Amma yetər ki, bu müsbət addımlar atılmış olsun. Bizi də sərhədlərimizi Ermənistana bağlamaq kimi bir dərdimiz yoxdur. Biz barışın göyərçinləri olmaq, barışın addımlarını atmaq istəyirik. Qaldı ki, bizim Ermənistan xalqına da bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir. Ölkəmizdə 100 minə yaxın erməni vətəndaşımız var. Bunların içərisində vətəndaşlıq haqqını əldə edənlər də, etməyənlər də var. Amma biz onları da ölkəmizdə qonaq edirik, çünki insanlara bir kinimiz yoxdur. Məqsəd xüsusən barışa nail olmaqdır. Amma burada liderlik çox önəmlidr”.


“Bu yolları bitirin, bir Şuşaya gələk”

Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunan rayonlar haqqında da danışıb:

“Bu gün Azərbaycan Prezidenti ilə görüşdə işğaldan azad olunmuş ərazilərdə bərpa və infrastruktur məsələləri ilə bağlı müzakirələr aparılıb. Həmin yerlərdə nə varsa, dağıdıb, məhv ediblər. Məscidləri, hətta kilsələri də dağıdıblar. Bunları anlamaq mümkün deyil. 20 il əvvəl gəldiyim zamanı necə Bakı vardı, bu gün necə Bakı var, tamamilə dəyişdi! İnanıram ki, Azərbaycan hakimiyyəti işğaldan azad edilmiş əraziləri də gecikmədən 3-5 il ərzində çox fərqli bir vəziyyətə gətirəcək. Artıq Azərbaycan bu yeni yaranan durumdan sonra inanıram ki, çox ciddi alt və üst infrastrukturu bölgədə yaratmaq istiqamətində addımlar atacaq. Yeni avtomobil, dəmir yolları çəkiləcək. Zatən, bu barədə Azərbaycan Prezidenti qərar verib. Naxçıvandan Zəngilana, Zəngilandan şimala yollar çəkildikdən sonra durum dəyişəcək. Dedim ki, bu yolları bitirin, bir Şuşaya gələk, Şuşada birlikdə olaq. Şuşa bir tarix. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizi və qazilərimizin ruhunu şad edər”.


“Makron bu axşam əsəbiləşəcək”

Türkiyə dövlət başçısı Fransa Prezidenti Emmanuel Makronun ünvanına da tənqidlər səsləndirib:

“Rəhbərlik çox önəmlidir. Yəni durub Qarabağı öz parlamentindən keçirdiyin qərarla “bura artıq dövlətdir və biz buranı bu şəkildə tanıdıq” demə haqqına sahib deyilsən. Bunu heç Paşinyan belə qəbul etməyib. Sən isə durub Makron olaraq bunu parlamentdən keçirməyə meyillənirsən. Demək ki, hələ siyasəti öyrənə bilməyib. Dövlət idarəçiliyini də anlaya bilməyib. Harda nə, necə olur bilmir. Sabah, bəlkə, mənə əsəbiləşəcək, bəlkə də, elə bu axşam əsəbiləşəcək. Bu, başqa mövzudur. Ancaq belə olsa da, biz haqqı söyləməliyik”.


“Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, bu platformada yeri ola bilər”

Azərbaycan dövlət başçısı İlham Əliyev də işğaldan azad edilmiş torpaqların inkişafı ilə bağlı müzakirələr apardıqlarını təsdiqlədi:

“Bizim türk qardaşlarımızın yardımı ilə biz buna nail olacağıq. Bu gün biz artıq konkret layihələr barədə danışdıq. Yol, dəmir yolları layihələri və infrastruktur layihələrində Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcəklər. Bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcək”.

İlham Əliyev onu da vurğulayıb ki, bu tarixi zəfərdən sonrakı başlanan dövr üçün də Azərbaycan tam hazırlıqlıdır:

“Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu əməkdaşlıq formatında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər. Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran işbirliyi var. Bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz iddialarından, əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq. Müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz ədavətə son qoymalıyıq. Bunun təşəbbüskarı biz olmamışıq. Biz, sadəcə, olaraq 30 il ərzində beynəlxalq təşkilatlardan, ATƏT-in Minsk Qrupu həmsədrlərindən dəstək gözləyirdik. Gözləyirdik ki, onların qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin. Ancaq bu, olmadı. Sadəcə olaraq, nə hərb, nə sülh vəziyyəti, status-kvo davam edirdi. Biz hərbi yollarla bu status-kvonu dəyişdirdik, düşməni torpaqlarımızdan çıxardıq, onlara çox böyük zərbə vurduq, onların ordusunu məhv etdik, onların əsas ideoloji sütunlarını məhv etdik. Amma ondan sonra nə etdik? Söylədik ki, biz işbirliyinə hazırıq. Biz yeni bir əməkdaşlıq formatını təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə riskini sıfıra endirə bilərik”.

Ana səhifəSiyasətƏrdoğan: Regional barışın bu bölgədəki ölkələrə gətirəcəyi ilklər var