Prezidentlərin terrora qarşı mübarizəni müzakirə etdiyi də bildirilir
Yanvarın 5-də Türkiyə və Rusiya dövlət başçıları arasında telefon danışığı olub.
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin ticarət-iqtisadi əlaqələrin, ilk növbədə enerji sektorunda daha da genişləndirilməsi vacib olan məsələləri müzakirə etdiyi bildirilib.
Bu barədə Kreml məlumat yayıb.
Tərəflər Türkiyədə regional qaz qovşağının yaradılması və “Akkuyu” AES-in tikintisi kimi strateji əhəmiyyətli birgə layihələrin həyata keçirilməsinin prioritet əhəmiyyətini qeyd ediblər.
“Söhbət zamanı Ukrayna ətrafında vəziyyətə də toxunulub. Rusiya Qərb dövlətlərinin Kiyevi silah və hərbi texnika ilə təchiz etməsini dağıdıcı rol kimi qiymətləndirib. Eyni zamanda, Ərdoğan bir daha Moskva ilə Kiyev arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib. Putin isə bir daha vurğulayıb ki, Ukrayna hakimiyyəti Rusiyanın tələblərinə əməl etmək və yeni ərazi reallıqlarını nəzərə almaq şərti ilə Moskva da ciddi dialoqa açıqdır”, – deyə Kreml əlavə edib.
Rəsmi Ankarının məlumatında isə Ərdoğanın terror təşkilatı PKK/PYD/YPG-nin Türkiyənin sərhəd bölgələrindən, xüsusilə Tel Rıfat və Mənbicdən təmizlənməsi üçün indi konkret addımların atılması lazım olduğunu vurğuladığı qeyd olunub.