Vaşinqton bildirib ki, Rusiyanın S-400 müdafiə sistemi NATO hava müdafiə sisteminə inteqrasiya edilə bilməz
Prezident Rəcəp Tayyip Ərdoğan Türkiyənin Amerika Birləşmiş Ştatlarının təzyiqlərinə baxmayaraq, Rusiyadan S-400 hava müdafiə sistemini alacağına dair planını həyata keçirəcəyini bəyan edib.
“Biz Rusiya ilə S-400 razılaşmasını həyata keçirdik, belə ki, geri dönmək artıq sual deyil”, – Ərdoğan fevralın 16-da paytaxt Ankarada jurnalistlərə açıqlaması zamanı belə deyib.
Amerika rəsmiləri NATO müttəfiqi Türkiyəyə Rusiyanın təklifinə rəqib olaraq Amerikanın 3.5 milyard dollarlıq hava müdafiə sistemi almağı təklif etmişdi. Ankaranın təkliflə bağlı fikir bildirmək üçün son tarix 15 fevral idi.
Ərdoğan qeyd edib ki, Türkiyə hələ də Amerikanın təklifinə açıqdır, lakin Vaşinqton Ankaranın Moskvayla müqavilə bağlayacağı təqdirdə təklifini geri çəkəcəyini bəyan edib.
Vaşinqton bildirib ki, Rusiyanın S-400 müdafiə sistemi NATO hava müdafiə sisteminə inteqrasiya edilə bilməz.
“Biz iyul ayında S-400-ün çatdırması üçün işləyirik,”- Ərdoğan deyib.
Fevralın 6-da Rusiyanın “Kommersant” qəzetinə müsahibə vermiş Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin rəhbəri Dmitri Şugayev bildirib ki, Rusiya Türkiyəylə razılaşmanı 2019-cu ilin payızına qədər tamamlamağı düşünür.
Mətbuatın qeydlərinə görə, Türkiyə Rusiyadan S-400 müdafiə sistemini 2,5 milyard dollara alacaq.