Türkiyə Prezidenti İrandan müsbət siqnalların gəldiyini deyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən qayıdarkən yerli jurnalistlərin suallarını cavablandırıb.
“CNN Türk” xəbər verir ki, o, görüşdə müzakirə olunan bir sıra məsələlərlə bağlı açıqlama verib.
Ərdoğan bildirib ki, enerjidən müdafiə sənayesinə, ticarət xətlərindən regional əməkdaşlığa qədər hər bir sahədə addımlar mərhələli şəkildə atılacaq:
“Birgə atılan bu addımlarla iki ölkənin potensialı çox yüksək səviyyəyə çatacaq. TANAP-ın imkanlarının genişləndirilməsi və Xəzər dənizindən daha çox təbii qazın Türkiyə və Avropaya axmasına şərait yaradılması bu addımlardan biridir. Bu, hər iki ölkənin maraqlarına xidmət edəcək və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək”.
“Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatlarından sonra Zəngəzur dəhlizi ilə bağlı hansı proseslər gözlənilir?” sualına Ərdoğan belə cavab verib:
“Naxçıvan və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətləri ilə birbaşa əlaqələrin qurulması təmasları daha da gücləndirəcək. Dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır. Bu dəhliz açıldıqda Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək”.
Jurnalistin “keçən il Azərbaycandan qayıdanda dediniz ki, Zəngəzur dəhlizi məsələsinin gedişində İran Ermənistandan daha çox problem yaradır” sualına cavabında isə Ərdoğan deyib:
“Bu məsələ ilə bağlı İrandan müsbət siqnalların gəlməsi sevindirici haldır”.
“Həm Zəngəzur, həm də Laçın dəhlizlərini sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik”, – deyə Türkiyə lideri qeyd edib.
Onun sözlərinə görə, Ermənistan dəhlizə etiraz edərsə, yol İrandan keçə bilər:
“Bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Naxçıvandan Ermənistan vasitəsilə Azərbaycana gedəcək. Ermənistan açmasa, bu yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır və buna müsbət baxdığı üçün də İrandan Azərbaycana keçmək imkanı yaranacaq”.
Ərdoğan deyib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının noyabrın 3-ü Qazaxıstanda keçiriləcək növbəti Zirvə Toplantısında Şimali Kipr Türk Respublikasının da (KKTC) iştirakını istəyir:
“Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə ciddi əzmkarlığı var. Orada KKTC bayrağının dalğalanmasını istədiyini də açıqlayır”.
“KKTC-nin tanınması Kipr adasında daimi sülh və əmin-amanlığı təmin etmək istəyən bütün ölkələr üçün ən yaxşı seçimdir. Adanın reallıqları göz qabağındadır və KKTC Kiprdə bir reallıqdır”, – deyə dövlət başçısı fikrini tamamlayıb.