Ərdoğan Avropanı qınadı: “Cənab Putinin münasibəti belədir ki…”

Rəcəb Tayyib Ərdoğan. Foto: Meydan TV

“Avropa, həqiqətən, əkdiyini biçir”

“Hazırkı enerji böhranında Avropanın özü günahkardır”.

Bunu sentyabrın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan turnesi öncəsi deyib.

Ərdoğan Türkiyənin təbii qazla bağlı probleminin olmadığını söyləyib:

“Bizim təbii qazla bağlı problemimiz yoxdur”.

“Avropa, həqiqətən, əkdiyini biçir. Cənab Putinin münasibəti belədir ki, siz bunu etsəniz, mən də bunu edəcəyəm. O, əlində olan bütün vasitələrdən və silahlardan istifadə edir. Onlardan ən önəmlisi təbii qazdır”, – deyə Türkiyə dövlət başçısı bildirib.

O, bu qış Avropanın ciddi problemləri olacağını deyib.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayıb. Bundan sonra Avropa Birliyi ölkələri Rusiyanın Ukraynaya hücumunu işğal və qəbuledilməz sayıb, buna görə də Rusiyaya müxtəlif sanksiyalar qoyulub.

Bütün bunlar isə hər iki tərəfin, yəni həm Rusiyanın, həm də Avropa Birliyi ölkələrinin iqtisadiyyatında zəifləmələrə, yüksəkfaizli inflyasiyaya səbəb olub.

“Qazprom” isə Almaniyaya gedən “Şimal axını” qaz kəmərinin texniki səbəblərə görə qeyri-müəyyən müddətə bağlandığını elan edib.

Federal Şəbəkə Agentliyi və axının istismarında iştirak edən Almaniyanın “Siemens Energy” şirkəti bildirib ki, bunlar qaz kəmərinin dayandırılması üçün ağlabatan səbəb deyil.

Sentyabrın 5-də “Qazprom” bəyan edib ki, “Şimal axını”nın yeganə işləyən kompressor stansiyası Portovayanın sonrakı istismarı halında yanğın və ya partlayış təhlükəsi var.

Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, Qərbin sanksiyaları aradan qaldırılana qədər “Şimal axını” ilə qaz nəqli ilə bağlı problemlər davam edəcək.

Ana səhifəDünyaƏrdoğan Avropanı qınadı: “Cənab Putinin münasibəti belədir ki…”