Ərdəbildə Azərbaycan Ordusuna dəstək aksiyası keçirildi, saxlanılanlar var

“Həsrətin həsrətimdir, zəfərin zəfərim, Qarabağ!” şüarı səsləndirilib

Source: Facebook

Sentyabrın 29-da İranın Ərdəbin şəhərində yaşayan azərbaycanlılar Azərbaycan Ordusunun işğal olunmuş ərazilərdə azadolma əməliyyatı keçirməsinə dəstək məqsədilə aksiya keçiriblər.

Mitinqdə BMT-nin dörd qətnaməsi əsasında Ermənistanın Azərbaycan ərazisini işğal etməsi qınanılıb və işğalçıların Qarabağ torpaqlarını tərk etməsi istənilib.

Aksiyaçıların Meydan TV-yə verdiyi məlumata görə, İran İslam Respublikasının hüquq-mühafizə orqanları dinc mitinq keçirmək istəyənlərə təzyiq göstərib və çoxlu sayıda etirazçı saxlanılıb.

“Bu mitinqdə 100-dən artıq Güney azərbaycanlı türk milli-mədəni fəallar bir yerə gəlib və plakatlar açmaqla dəstəklərini ifadə etdilər. Onlar Qarabağ savaşının bütün azərbaycanlıların savaşı olduğunu elan etdilər”, – deyə məlumatda bildirilib.

Mitinqdə qaldırılan plakatlarda “Bir millət sizin arxanızdadır, Azərbaycan əsgəri!” və “Həsrətin həsrətimdir, zəfərin zəfərim, Qarabağ!” yazılıb.

Aksiyaçılar deyir ki, Azərbaycan Ordusunu uğur qazanması xəbəri Güney azərbaycanlılar arasında böyük sevinc və coşğuya səbəb olub.

“Onlar sosial şəbəkələr vasitəsilə savaşda baş verənləri yaxından izləyib və Ermənistanın yanında duranları tarixin üzqaraları kimi xatırlayırlar”, – aksiyaçılar deyib.

İrandakı fəal azərbaycanlılar çəkdikləri videolarla İran ərazisi vasitəsilə Rusiyadan Ermənistana göndərilən hərbi yardımların və eləcə də İran hökumətinin Ermənistanı dəstəkləməsinin durdurulmasını istəyiblər.

Keçirilən mitinq zamanı saxlanılanların adları da bəlli olub:

Əsgər Əkbərzadə

Pərvin Müctaba

Pərvin Mürtəza

Pərvin Mustafa

Mehdi Huşmənd

Məhəmməd Cövlanı

Ana səhifəSosialƏrdəbildə Azərbaycan Ordusuna dəstək aksiyası keçirildi, saxlanılanlar var