Erasmus+ Gürcüstan hakimiyyətinə maliyyəni dayandırır

Gürcüstanın Konstitusiya Məhkəməsi. Foto: Wiki

Aİ-nin Erasmus+ gənclər proqramı ölkədə davam edən siyasi geriləməyə cavab olaraq, Gürcüstan hakimiyyətinə fayda verən maliyyə vəsaitlərini artıq təmin etməyəcək.

OC Media yazır ki, yeni qadağa noyabrın 12-də yayımlanan 2026-cı il üçün rəsmi proqram bələdçisinə qeyd kimi daxil edilib. Təqdim olunan siyahıya əsasən, Gürcüstanın hakimiyyət orqanlarına “mərkəzi hökumət, yerli hakimiyyət orqanları, agentliklər və dövlət müəssisələri” daxildir.

Proqram bələdçisində deyilir ki, Gürcüstan hakimiyyət orqanları bu şərtlərə görə heç bir fəaliyyətə uyğun deyil.

Əlavə edilib ki, Gürcüstan xüsusi meyarlar və ya şərtlərə uyğun olaraq proqramın müəyyən fəaliyyətlərində iştirak edə bilər.

Erasmus+ Avropa İttifaqının Avropada təhsil, təlim, gənclər və idmana dəstək proqramıdır.

Təşkilatın 2021–2027-ci illər proqramının təxmini büdcəsi 26,2 milyard avro təşkil edir ki, bunun da təqribən 5,2 milyard avrosu 2026-cı il üçün nəzərdə tutulub. Proqram sosial inklüzivliyə, yaşıl – rəqəmsal keçidlərə və gənclərin demokratik həyatda iştirakının təşviqinə diqqət yetirir.

Bazar ertəsi Gürcüstandakı Milli Erasmus+ ofisi bildirib ki, Gürcüstandakı təhsil institutları Erasmus+ mobillik və əməkdaşlıq fəaliyyətlərində iştirak etməyə davam edəcəklər. 2025-ci ildə belə proqramlar çərçivəsində 29 gürcü tələbə Erasmus Mundus Joint Master (EMJM) təqaüdünə layiq görülüb.

Ofis həmçinin qeyd edib ki, “proqramın uyğunluq meyarları çərçivəsində tələbələr, akademik və inzibati heyət, məktəblər, peşə təhsili və təlimi təminatçıları və digər təhsil təşkilatları üçün imkanlar mövcuddur”.

“İstənilən Aİ proqramında olduğu kimi, qaydalar və uyğunluq meyarları zamanla inkişaf edə bilər”, – bəyanatda deyilir.

Bundan əvvəl ofis Erasmus+ proqramının Gürcüstanı tamamilə tərk etməyəcəyini yazaraq, Gürcüstanın “Erasmus+ proqramında fəal və dəyərli tərəfdaş olmağa davam etdiyini əlavə edib.

“Bütün planlaşdırılan və davam edən tədbirlər tam dəstəklənir və fəaliyyət göstərir. Biz qurumları, tələbələri və maraqlı tərəfləri dəqiq məlumat üçün yalnız rəsmi kanallara etibar etməyə çağırırıq”, – bəyanatda deyilir.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərErasmus+ Gürcüstan hakimiyyətinə maliyyəni dayandırır