Ər-gor dilemması

Nəyə görə qızların xoşbəxtliyi ərə getməkdə, özü də mümkün qədər tez ərə getməkdə görülür?

Source:


Nəyə görə qızların xoşbəxtliyi ərə getməkdə, özü də mümkün qədər tez ərə getməkdə görülür?

Məşhur nağılımızda, Tıq-tıq xanım (bəzi versiyalarda Pıspısa xanım və ya Dozanqurdu düz xatun) “Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm” sözlərini Siçan bəylə qarşılaşana qədər təkrarlayır. Nağılda ər axtaran baş qəhrəmanın “ər-gor” dilemmsı adi qafiyədirmi? Əlbəttə, yox. Hətta bununla bağlı atalar sözümüz də var: Qız onbeş yaşında ya ərdə gərək, ya gorda. Azərbaycan kulturası patriarxallaşandan bəri, qadınlar üçün olum-ölüm, xoşbəxtlik-bədbəxtlik məsələləri, demək olar ki, ər-gor kimi başa düşülməkdədir. Bir vaxtlar ərə gedən qızın dalınca daş atırdılar ki, bu daş kimi düşdüyün yerdə qal, nə eləsələr döz, er evindən bir də gor evinə get. Ər-gor dilemması qadın ailə qurduqdan sonra daha da ciddiləşir; ərindən üz döndərən qadın, “gor”u gözünün qabağına gətirməlidir: “Kişi xəyanətinə səbir, qadın xəyanətinə qəbir”.

Sevgilər də bəzən elə “ər-gor” təsəvvürünə uyğunlaşdırılır. Bir neçə il qabaq Aytac adlı bir qızdan rədd cavabı alan “aşiq”, onu bu məntiqlə öldürmüşdü: “Ya mənim olmalısan, ya da torpağın”.

17 yaşlı Gülər adlı gənc qızı da bu günlərdə ər-gor dilemması qarşısında qoydular. Gülər goru seçdi…


Dini-patriarxal atalar sözlərimizdə “qız uşağı” haqqında təsəvvürlər

Nəyə görə qızların xoşbəxtliyi ərə getməkdə, özü də mümkün qədər tez ərə getməkdə görülür? Yaxud, niyə ailə qurmamış qız, ya da ailəsiz qadın bədbəxt sayılır? Bu təsəvvürün izlərini “qız uşağı” ilə bağlı atalar sözləri və deyimlərimizdə axtaraq.

Atalar sözləri və deyimlər bütün dünya xalqlarında mövcuddur. Onlar min illər boyunca bir xalqın təcrübə və biliklərini, psixologiyasını, düşüncəsini, dünyaya yanaşmasını, öyüd-nəsihətlərini, qəliblənmiş stereotiplərini ifadə edən folklor yaradıcılığıdır. Onlar kollektiv yaddaşın şifahi olaraq, ağızdan-ağıza ötürülməsi və yaşadılmasıdır. Daim zamanı əks etdirdiyinə görə daha dəyişkən və elastiki olan atalar sözləri, dastanlarımzdan və nağıllarımızdan çox fərqlidir. Gündəlik həyatda tez-tez işləndiyinə görə, dövrün ruhuna uyğun gəlməyən atalar sözləri və deyimləri arxaikləşib aradan qalxır, yeniləri yaranır. Ona görə də, hazırda bilinən atalar sözlərinin böyük bir hissəsi, patriarxal baxış bucağından baxılaraq meydana çıxıb. Bu baxış bucağının ərsəyə gəlməsində isə islam qılıncı əvəzsiz rol oynayıb. (Növbəti yazıda qız-qadın haqqında təsəvvürlərimizin, milli düşüncə tərzimizin, düyangörüşümüzün islama bulaşmayn arı-duru halını qədim nağıl və dastanlarımzda ortaya çıxaracağam.)

İndi isə baxaq görək o taylı-bu taylı Azərbaycanımızda hələ də istifadə edilən atalar sözlərində, “qız”, “qız uşağı” necə ifadə olunur.


  1. Arzuolunmayan cins: oğlanla müqayisədə qızın əksildilməsi

Bu kateqoriyadan olan atalar sözlərində, doğulduqları andan qızla oğlan arasında necə kəskin fərq qoyulduğu ifadə olunur:

– Oğlan doğan öyünmə, qız doğan döyünmə.

– Oğlan doğdum öydu məni, qız doğdum söydu məni.

– Qız acı, oğul baş tacı.

– Qardaş gəlsə, yaxşı, bacı gəlsə, yaxşı, qardaşın qabağında, bacı ölsə yaxşı.

– Qız gedəridi, oğlan ürək başıdı.

– Kimin ki qızı var, belində önəlməz sızı var. Həm göydə nəһs ulduzu var.

– Qız ana kirgənəsində ip əyirür, oğul ata süfrəsini salur.

– Qız evindən oğul bucağı yaxşıdı.

– Qız əlinə qələm, oğlan əlinə qayçı yetsə, aləmi kor dutar.

– Qız gedər igid gətirər, oğlan gedər it gətirər. (Bu atalar sözündə oğlan və qıza yox, onların evləndiklərinə münasibət bildirilir. Sırf cinsiyyətlərinə görə gəlinə “it”, kürəkənə “igid” deyilir.)

– Qız ağlı, qaz ağlı.

– Qız olmadı, qızdırma oldu.

– Qız deyər: qırxım çıxmayınca məni atmasalar, daha atmazlar. (Bu atalar sözündə yeni doğulan qız uşaqlarının atılmasına və ya öldürülməsinə işarə edilir. Bu öldürülmə indi daha “mədəni” üsulla, selektiv abortlar vasitəsilə həyata keçirilir. İstənməyən qız uşaqlarının doğuşdan sonra atılması və öldürülməsi faktları da az deyil. İnişil baş verən belə hadisələrdən biri mediada gərəyincə işıqlandırıldı. Lənkəranda 6 günlük körpə qız uşağı, nənəsi tərəfindən iynələrlə deşik-deşik edilərək öldürülmüş, sonra quyuya atılmışdı. (Şəkil.1)

– Oğul düşmən çəpəridi, qadam qızın ağzına.

– Oğlan gəldin, qız gəldin? (Bu atalar sözündə “oğlan” və “qız” hansısa gözlənilən xəbərin poztiv və ya neqativ olmasını simvollaşdırır: “oğlan gəlmək” xeyir xəbərə, “qız gəlmək” bəd xəbərə işarədir.)


  1. Qızın doğulduğu gündən ər evinə hazırlanması:

– Qız doğuldu, dedi bura bizim evimiz deyil.

– Qız anadan olanda gözünü açar, deyər: – Bura bizim ev deyil.

– Qızını qoy beşiyə, cehizini qoy eşiyə.

– Qız qundaqda, cehizi sandıqda.


  1. Qız tərbiyəsi

– Qıznan qızıl – gizlin gərək.

– Qız gərək, gizli gərək.

– Qızın bələkdə, gəlinin gərdəkdə gözünün odunu almaq gərək.

– Qızsan ucuz olma, qədrini bil. (Yəni, özünü gələcəkdə baha satılmağa hazırla.)

– Qız qızıldı, qədrini bilsin gərək.

– Qız uşağı kişilərin qabağına çıxmaz.

– Qız uşağı başı aşağı olar.

– Qız uşağı oturuşuna-duruşuna fikir verər.

– Qız uşağı ağır oturar, batman gələr.

– Qız uşağı qardaşına qulluq eliyər.

– Qız uşağı oğlanlarla danışmaz.

– Qız uşağı bərkdən gülməz.

– Qız uşağının səsi çıxmaz.

– Qız oxutmaq güc olur.

– Həyalı qız gəzişinnən bəllidi.

– Qızını döyməyən, dizini döyər.


  1. Qıza qonaq, özgə və köçəri quş kimi baxılması:

– Qız evin qonağıdı, vaxt gələr, gedər

– Qız özgə çəpərinə qonar.

– Qız köçəri quşdu.

– Qız özgə çırağını yandırar.

– Qız özgə əmanətidi.

– Qız özgə yumağı böyüdəndi, oğul yurdu güdəndi.

– Qızın Vətəni olmaz.

– Qız gəldi, gedərdi.

Bu atalar sözlərindən çıxan nəticəyə görə, qız uşaqları “qonaq”, “köçəri quş”, “gəldi-gedər” olduqlarına görə, onlara çəkilən əziyyət mənasızdır; qızdansa oğlanın gələcəyini düşünüb ona sərmayə qoymaq, məsələn, təhsil vermək daha faydalı olardı.


  1. Qızın sevgi duyğularına münasibət

– Qızı özbaşına qoysan, ya hoqqabaza gedər, ya da aşığa.

– Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya da zurnaçıya.

– Əzizinəm qız qıza, Oğlan qıza, qız qıza, Oğlan qızsa tez sönər, Vay odur ki, qız qıza.


  1. Qızdan tez can qurtarmaq istəyi

– Qız gərək, tez gərək.

– Evdə оturanda kiçik qız, ərə gedəndə böyük qız.

– Qız onbeş yaşında ya ərdə gərək, ya gorda.

– Ər gərək, tеz gərək.

– Qız ki, kəkil çıxartdı, gərək birinə verib başından eliyəsən.

– Qız ki iydə çiçəyi iylədi, evdən iyisini kəs.

– Qız yükü, duz yükü.


  1. Elçilik. Qız evinin qısamüddətli hegemoniyası

Bu atalar sözlərində qızın satılıq mal kimi bazara çıxarıldığı dövr, ən hörmətli və urvatlı olduğu məqam – elçi gözləmə məqamından söhbət gedir.

– Qız anası elçi gözlər.

– Qız evi – şah evi.

– Qız evi – naz evi.

– Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar.

– Qız dediyin ağacdakı almadı, kim salar, o da aparar.

– Qız qapısı – şah qapısı, mini gələr, biri razı gedər.

– Qız evi bir dəyirmandır, arpada gəlir, darıda gəlir.

– Qızlı evə qırx at bağlanar.

– Qız alan alana kimi, qız verən ölənə kimi yalvarar.


  1. Qız alma şərtləri

– Qız alan gözüynən baxmasın, qulağıynan eşitsin.

– Qız alan qızara-qızara gəlmək gərək.

– Qız alanın ya bir çuval qızılı gərək, ya bir çuval yalanı.

– Qız almaq һasar almaq kibidir.

– Qız elçiliyinə gedəndə dolanışığı sənnən yaxşı olmayanın qapısına get. (Kasıb qıza ağalıq etmək daha asandır.)

– Qız kəsilməmiş qarpıza bənzər.

– Qız aparanı yuxu tutmaz.

– Qız alanda gərəklik, göz qapalı, qulaq açıq olmalı.

– Qız alırsan evdən al, eldən yox.

– Qız gəzən oğlan – ayağı uzun, əli açıq gərək, yar gəzən qız – qapıaçıq gərək.


  1. Qız vermə şərtləri:

– Qız ərə vermək bacılar işi deyil, hacılar işidi. (Razılıq qərarında nəinki ərə gedən qızın rəyi, heç ümumiyyətlə qadınların rolu olmamalıdır, bu iş sanballı kişilər, məsələn “hacılar” tərəfindən həyata keçirilməlidir.)

– Qızı verdin mala, mal getdi, qız qaldı lala.

– Qızı vermisən, özünə oğul qazanmısan. (Ancaq nə işdirsə, gəlinə qız kimi baxılmır.)


  1. Qız namus simvolu kimi

– Qısın isməti, atanın dövləti.

– Qız üz qızardar.

– Qız qızlığını şaha da verməz.

– Qız gərdəyə girər, əsli də onda bəllənər.

– Qız girər gərdəyə, kirtigi çıxar üzə. (Kirtigi: həqiqəti, iç üzü).


  1. Qız gəlin olduqdan sonra

– Ərə gedən qızların dili altında qənd gərək.

– Qaraqız gəlin oldu, ürəyi sərin oldu.

– Ərə getdi tayım-tuşum, yerdə qaldı yassar başım.

– Ərə getmək asandı, ər dоnu tikmək çətin.

– Ərsiz qız sükansız gəmidi.

– Ərsiz qız sоlan çiçəyə bənzər.

– Gəlin anasına həm ağlar, həm də “gedirəm” deyər. (Toy günü gəlinin tərəddüdündən bəhs edilir)

– Gəlin aş bişirdi, gözündə yaş bişirdi.

– Gəlin atda, qisməti yadda. (Zorla verilən qızın toy günü istəklisinə qoşulub qaçması nəzərdə tutulur.)

– Gəlin atlandı, gör kimə düşdü.

– Qızı ata mindirdilər, dedi: – Ya nəsib!

– Gəlin gəlin deyil, gəldiyi yer gəlindi. (Gəlinin müqəddəratının özündə deyil, düşdüyü evdən asılı olması)

– Gəlin getdik, ün gətirdik, umu-küsülü gün gətirdik. (Burada ərə gedən qızın küskün, depressiv həyat tərzindən söhbət gedir.)

– Gəlin sındıran qabın səsi çıxmaz. (Gəlinin nəinki özünün, hətta sındırdığı qabın da səsi eşidilməz.)

– Gəlindən qız olmaz. (Ancaq o biri atalar sözlərində kürəkənə oğul kimi baxılır.)

– Gəlini gərdəkdə, uşağı bələkdə gözünün odunu almaq gərək.

– Qız evlərdə tanınar, ipək dəzgahda.

– Qızın yeyi ər evində, qaynananın yeyi gor evində. (yeyi: yaxşısı).

– Evdən çıxan qız cıqqadan baxar. (Qızın ər evində dustaq hala salınması)

– Evlərə gedən qızın başı qоvğalı оlar.

– Evlərə gedən qızın dili altında qənd gərək.

– Evlərə gedən qızın qulaqları kar, dili lal, gözləri kоr gərək.

– Qız ərə gedəndə yeddi köynək əti vardı, ər evində o qədər zingədanlıq elədi ki, bir köynək əti qaldı.

– Qız idim sultan idim, nişanlandım, xan oldum, gəlin oldum, qul oldum, ayağlara çul oldum.

– Qız idim, geydirdilər əbr-vəfa köynəyini, nişanlıydım, geydirdilər zövqü-səfa köynəyini. Gəlin oldum, geydirdilər cövrü-cəfa köynəyini.

– Ərə gеdən gоra gеdər.

Əlbəttə, “qız uşağı” haqqında matriarxal keçmişimzdən qalan, qızı-qadını yüksək dəyərləndirən atalar sözləri və deyimlərimiz də var. Ancaq günümüzün maskulin ab-havasında onlar təsəlli kimi görünürlər. Gerçəkliyə uyğun olanlar isə yuxarıda verilən atalar sözləri və deyimlərimizdir. “Qız kimi”liyin və “arvad kimi”liyin söyüş yerinə işlədildiyi hazırkı zamanda həmin atalar sözlərindən belə ümumiləşdirmələr ortaya çıxır: Qızın oğlandan dəyərsiz olması, qız doğulduğu andan onu qul, qulluqçu kimi ər evinə hazırlamaq, gəldi-gedər oluğuna görə “ona sərmayə qoymağı” mənasız saymaq, məsələn, təhsil almasına imkan verməmək, onu gizli saxlamaq, küçəyə-bayıra qoymamaq, onu daim nəzarət altında saxlamaq, güdmək, ona sevməyi qadağan etmək, sevərsə də həmin hissləri “qızmışlıq” saymaq və “namussuz” hərəkətlər edər, ”başıaşağılıq” gətirər deyə, ondan mümkün qədər tez yaxa qurtarmaq, ona satılıq mal kimi yanaşmaq, onu bir təhər ərə verib rahat nəfəs almaq. Ancaq maraqlıdır ki, atalar sözlərimizdə “ərə getmək” qızların həyatının əsas qayəsi kimi verilsə də, yenə də elə atalar sözlərimizdən məlum olur ki, toydan sonra “ər” evinin “gor evi”ndən elə də fərqi yox imiş.

Görünür, Gülər bunları bilirmiş…

(ardı var)

Ana səhifəMənim FikrimcəƏr-gor dilemması