“Əqli qüsurlu birinə naxır tapşırılıb, heyvanlar ölüb, ortada mən məhkəməyə verilmişəm”

Kənd sakini: “Məktəb direktorunun məndən zəhləsi gedir deyə zərərçəkmişlərə ödədiyi pulu məndən almaq istəyir”
“Təmraz əqli qüsurludur, mən ona yardım etmək üçün heyvanların yanındaydım, hardan biləydim ki, bu heyvanlar öləcək və illərdir, mənimlə qərəzi olan məktəb direktorunun əlinə məni “cəzalandırmaq” üçün fürsət düşəcək?..”
Şəkinin Göybulaq kənd sakini Fərrux Süleymanov Meydan TV-yə danışır ki, əqli cəhətdən poblemləri olan həmkəndlisinə heyvanların otarılmasında yardımçı olması onu məhkəmə yollarında qoyub. Onun sözlərinə görə, 2020-ci ilin 19 noyabrında kənd sakini Məhəmməd Əyyubov öz naxır növbəsində ona tapşırılmış heyvanları əqli problemləri olan digər kənd sakini Təmraz Qeybullayevə tapşırıb. Fərrux Süleymanov günün ikinci yarısı heyvanların otarıldığı ərazidən təsadüfən keçəndə heyvanların Təmraz Qeybullayev tərəfindən otarıldığını görərək ayaq saxlayıb və ona yardımçı olmaq istəyib. Həmin gün heyvanlardan biri elə naxırdaca ölüb, digəri isə naxırdan qayıdarkən yolda avtomobillə vurulub. İki heyvanın ayrı-ayrı sahibləri zərərin ödənilməsi üçün məhkəməyə müraciət ediblər. Şəki Rayon Məhkəməsi Məhəmməd Əyyubovdan iki heyvana görə ümumilikdə 2 min manat tutularaq heyvan sahiblərinə ödənilməsi barədə Qətnamə çıxarıb. Məhəmməd Əyyubov zərəri ödəyib, ancaq sonra həmin məbləğin və məhkəmə xərcləri olaraq 60 manatın Fərrux Süleymanovdan tutularaq ona ödənilməsi üçün məhkəmədə iddia qaldırıb. Şəki Rayon Məhkəməsi Fərrux Süleymanova qarşı 2360 manatlıq iddianı təmin edib. Ancaq Fərrux Süleymanov Qətnaməylə razılaşmayaraq Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib.
“Zərəri ödəyəndən sonra məni məhkəməyə verib”
Fərrux Süleymanov danışır:
“Məhkəmə ilk növbədə Məhəmməd Əyyubovun əqli qüsurlu olan birinə naxır tapşırmasını, üstəlik, bunu əmək müqaviləsi olmadan etməsini araşdırmalı, hüquqi qiymət verməliydi, ancaq hakim bunun üstündən sükutla keçib. Əgər mən naxır vaxtı heyvanlar tapşırılan birinin yanında dayanmışamsa, mənim o naxıra yaxından-uzaqdan aidiyyətim yoxdursa, o heyvanların başına gələnlərə cavabdehlik daşıyırammı? Məhkəmə buna da hüquqi qiymət verməyib. Əvvəlki məhkəmə həmin zərərin ödənilməsini Məhəmməd Eyyubovun üzərinə qoyub, o da zərəri ödəyib, yəni məhkəmənin çıxardığı Qətnaməylə razılaşıb. Razı deyildisə, ödəməzdi, apelyasiya şikayəti verərdi, bunu etməyib. Ancaq sonradan qərara gəlib ki, mənimlə olan qərəzini məndən bu yolla çıxsın. Zərəri ödəyəndən sonra məni məhkəməyə verib”.
“Mənə məktəbin qapısını göstərir”
Fərrux Süleymanov deyir ki, o, Məhəmməd Əyyubovun direktoru olduğu Göybulaq kənd orta məktəbində gecə gözətçisi işləyir. İş növbəsinin gecə saatları olmasına baxmayaraq, direktor onu gündüzlər də işə çıxmağa məcbur edir:
“O, məni gündüz növbəsində adı gedib, özü işə gəlməyən adamın yerinə işlədir. Uzun müddətdir ki, buna görə aramızda narazılıq yaranıb. Hər dəfə ona “öz növbəmdən əlavə heç kimin yerinə işləməyəcəm” deyəndə, mənə məktəbin qapısını göstərir, “heç kimi burda zorla tutmuram, qapı açıqdır”, – deyir. Bundan başqa, mənim həyat yoldaşım da həmin məktəbdə işləyir, direktorla daha bir neçə mübahisəm həyat yoldaşımın məvacibini kəsməsinə görə olub. Bir sözlə, məktəb direktorunun məndən zəhləsi gedir, heyvan tələfinə görə zərərçəkmişlərə ödədiyi pulu məndən almaqda məqsədi də bu qərəzdəndir”.
Fərrux Süleymanov tələb edir ki, Məhəmməd Eyyubovun həm əmək müqaviləsi bağlamadan əqli qüsurlu şəxsi naxıra göndərməsi, həm də məktəbdəki direktor fəaliyyəti araşdırılsın, hüquqi qiymət verilsin.
“Dediklərinin hamısı yalandır”
Məhəmməd Eyyubov da məsələyə münasibət bildirib:
“Dediklərinin hamısı yalandır. Fərruxa 30 manat verib naxıra göndərmişəm. O əqli qüsurlu adamı isə Fərrux özü cəlb edib, mənim bundan xəbərim olmayıb. Məhkəmədə hakim mənə dedi ki, həmin gün naxıra cavabdeh sən olduğuna görə zərəri sən ödəməlisən. Mən də zərəri ödəyəndən sonra Fərruxa qarşı məhkəmə iddiası açdım. Çünki o zərərə düşməyimin səbəbkarı Fərrux olub”.
Direktor iddia olunan qərəz məsələsinə də münasibət bildirib:
“Fərrux Süleymanov gecə yox, gündüz növbəsində gözətçi işləyir. İş vaxtı bitdikdən sonra heç vaxt işdə əlavə qalmasına məcburiyyət olmayıb. Əmək haqqı vaxtında hesablanaraq maaş kartına yüklənib. Həyat yoldaşı hazırda məktəbdə işləmir. Buna görə də aramızda hər hansı qərəz ola bilməz”.
Fərrux Süleymanovun Şəki Rayon Məhkəməsinin ona qarşı 2630 manatlıq iddianı təmin edən Qətnaməsindən Şəki Apelyasiya Məhkəməsinə verdiyi şikayət üzrə martın 16-da növbəti məhkəmə iclası keçiriləcək.

Ana səhifəXəbərlər“Əqli qüsurlu birinə naxır tapşırılıb, heyvanlar ölüb, ortada mən məhkəməyə verilmişəm”