Əqli çatışmazlığı olduğu deyilən əsgərə 3 illik həbs cəzası verilib

Əsgərin ailəsi yeni vəkillə müqavilə bağlayıb və hökmdən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verməyə hazırlaşır.

Source: meydan tv

Əsgər anası deyir, pulsuzluqdan xəstə övladının hərbi xidmətə aparılmasına mane ola bilməyib, sonra da eyni səbəbdən onu həbsdən qurtara biməyib

“Andiçmədən əvvəl və sonra hərbi hissədən zəng vurub deyirdilər ki, bu uşağı bura niyə yollayıblar? Niyə mane olmamısız? Gedin, Müdafiə Nazirliyi ilə danışın, uşağı yoxlasınlar, bu uşaqda əqli çatışmazlıq var. Burda ona çox çətin olacaq”.

Xızıdakı N saylı hərbi hissənin keçmiş əsgəri, bu il fevralın 14-də Bakı Hərbi Məhkəməsinin hökmüylə 3 illik həbsə məhkum edilmiş 18 yaşlı Hüseyn Hüseynovun anası Məhsəti Çobanzadə Meydan TV-yə müraciət edib. O, bildirib ki, əqli çatışmazlığı olan Hüseyni rüşvət vermədiyi üçün hərbi xidmətə aparıblar. Hər şey də bundan sonra başlayıb.


“Yaş artdıqca, əqli gerilik də artır”

Hüseyn Goranboyun Faxralı kəndindəndir. Kənd sakinləri onu fağır, əqli cəhətdən zəifliyi olan birisi kimi tanıyır. Demələrinə görə, bu, Hüseyndə genetikdir, əmiləri də ruhi xəstəlikdən əziyyət çəkir. Şəraitsiz bir komada sətəlcəm də tutub. Hətta bir dəfə öldüyünü zənn ediblər. Uşaqlıqda müxtəlif xəstəlilklər keçirən Hüseyn uzun müddət Azərbaycanda və Rusiyada müalicə olunub. Bir dəfə özünü yandırıb, anasının deməsinə görə, bədəninin əlli faizi yanığa məruz qalıb. Məktəbə getməyib, hərf tanımır. Danışanda kəkələyir. 16 yaşından sonra əqli gerilik özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb. Hərbi xidmətə aparıldığı ilk günlərdən hərbi hissədən anaya zənglər gəlməyə başlayıb. Məhsəti xanım danışır:

“Ötən ilin aprelində Xızıda – Sitalçayda xidmətə başlamışdı. Bir neçə gün sonra Müdafiə Nazirliyinin nümayəndəsi zəng vurdu. Dedi ki, məni həmin hərbi hissəyə təzə gələn əsgərlərlə söhbət etməyə göndəriblər. Əsgərlərdən biri oğlunuz Hüseyndir. O uşaqla söhbət elədim, hərbi hissədə ona çox çətin olacaq, çünki bura onun yeri deyil, əqli çatışmazlığı var. Çalışın, uşağı tərxis elətdirin. Mayın 10-da andiçmə mərasimi oldu, ondan sonra hərbi hissənin təlim-tərbiyə işləri üzrə komandir müavini də zəng elədi. O da eyni sözləri dedi, eyni məsləhətləri verdi. Dedim, axı gücümüz çatmır, pulumuz yoxdur, uşağı necə tərxis elətdirək? Dedi, biz də öz tərəfimizdən Müdafiə Nazirliyinə yazırıq ki, bu uşaq hərbi xidmətə yararsızdır, siz də öz tərəfinizdən hərəkət eləyin, yazıqdır, məhv olacaq ortalıqda…”

image_from_ios.jpg
Əsgər evi


“Psixoloji testlərdən keçə bilməyib”

Ananın sözlərinə görə, bir dəfə də Müdafiə Nazirliyindən hərbi hissəyə gedən psixoloq ona zəng vurub və təxminən eyni sözləri deyib. Bildirib ki, Hüseyn psixoloji testlərdən keçə bilməyib:

“Psixoloq da dedi ki, bu uşağın əqli geriliyi var, hərbi xidmətə yaramır. Mən də bildirdim ki, uşaqda bu, genetikdir, əmiləri də ruhi xəstədir, əmisi oğlanları kəkələyir, Hüseyn də kəkələyir. Bir də görürsən çoxdan ölüb-getmiş yaxınlarla saatlarla danışır, ağlayır, gülür… Hüseyni Bakıya – Mərkəzi Hospitala göndərdilər, orda da şifahi təsdiqlədilər ki, bu uşaq hərbi xidmətə yararsızdır, sənədi vermək üçün pul istədilər, dedim, məktəbdə xadimə işləyirəm, bir tikə çörəyə görə onun-bunun evini yığışdırıram, məndə pul nə gəzir? Uşaq xəstədir, yazın xəstədir, verin, aparım evə. Bir də eşitdim ki, sağlam kimi hərbi hissəyə qaytarıblar”.

“Zərərçəkmişlər şikayətçi deyildi”

Hüseyn Hüseynova qarşı Cinayət Məcəlləsinin dörd maddəsinin müxtəlif hissələriylə ittihamlar irəli sürülüb. Zərərçəkmiş qismində biri tağım komandiri olmaqla dörd əsgər yoldaşı tanınıb. Hüseyn Hüseynov onları təhqir etməkdə, xəsarət yetirməkdə təqsirli bilinib.

image_from_ios (2).jpg
Hüseyn Hüseynov

Hökm sənədində göstərilir ki, ötən ilin mayından Hüseyn Hüseynov hərbi hissənin maddi-texniki təminat bölüyünün təminat tağımının aşpazı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etməyə başlayıb. Ona verilən ittihama görə, hərbi xidmətdən boyun qaçırmaq məqsədilə üç dəfə – şüşə qırıntısı və ülgüclə qollarını kəsib. Bu, bir dəfə iyunda, iki dəfə sentyabrda təkrarlanıb. Daha bir ittihama görə, iyulun 12-də və 16-da tağım komandiri Sərvər Rəhimovun əmrinə tabe olmayıb, naryada çıxmaqdan imtina edib, hərbi intizamı pozub, tağım komandirinin nüfuzunu sonuncunun tabeliyindəki başqa əsgərlərin yanında aşağılayıb. Avqustun 5-də əsgər Anar Quluzadəni söyüb, əsgər Elmar İsmayılovu yumruqla vurub, onlar qaçmaq istədikdə arxalarınca bıçaq atıb. Oktyabrın 17-də əsgər yoldaşı Davud Davudovu söyüb, yumruqla vurub. Zərərçəkmişlər məhkəmə ifadələrində bildiriblər ki, Hüseyn Hüseynovdan şikayətçi deyillər və aralarında barışıq olub. Hüseynin anası deyir, zərərçəkmişlər və şahidlər də onun anlaqsız, əqli cəhətdən geri qalmış olduğunu deyiblər:

“Məhkəmədə deyirdilər ki, bu uşağın yerini də biz yığırdıq, bilirdik ki, yığa bilmir, əqli çatışmazlığı var. Ona hər şeyə güzəştə gedirdik. Biz ondan ilk gündən şikayətçi olmamışıq, xəstə uşaqdır. Bununla belə, zərərçəkmişlərin, şahidlərin dedikləri protokola salınmadı. Prokuror Hüseynə 5 il iş istədi, hakim 3 il həbs cəzası kəsdi”.


“20 gün ruhi xəstəxanada yatıb”

Ana deyir, hələ məhkəmədən əvvəl – oktyabr ayında Hüseyn Maştağadakı 1 saylı Psixatriya Xəstəxanasına göndərilib. 20 gün xəstəxanada stasionar müalicə olunub:

image_from_ios (4).jpg
Hüseyn Hüseynov

“Mənə dedilər ki, bu uşaq hərbi xidmətə yararsızdır, özümüz hansı sənədlər lazımdırsa, hazırlayıb göndərəcəyik. 20 gündən sonra uşağa “sağlamdır, “hərbi xidmətə yararlıdır” rəyi veriblər, uşağı hərbi hissəyə qaytarıblar. Xəstəxanadan bunun səbəbi ilə maraqlananda dedilər ki, başqa cür yazmaq mümkün deyildi, Mərkəzi Hospitaldan və Hərbi Prokuroluqdan təzyiq oldu, dedilər, uşağa hərbi hospitalda “hərbi xidmətə yararlı” rəyi verilib, indi buna “yararsızdır” yazsanız, hərbi hospitalın yalanının üstü açılacaq. Beləcə, bir-birlərinin sözünü tutdular”.

Əsgərin ailəsi yeni vəkillə müqavilə bağlayıb və hökmdən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verməyə hazırlaşır.

Ana səhifəBölgəƏqli çatışmazlığı olduğu deyilən əsgərə 3 illik həbs cəzası verilib