Onun ölümünə səbəb orqan çatışmazlığı olub
Ənvər paşanın nəvəsi, Osman Mayatepek 31 oktyabrda vəfat edib. Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Ölümünə səbəb orqan çatışmazlığı olub. O 10 gün idi ki, Ankaradakı Gülhanə Tibb Akademiyasında müalicə alırdı. Onun 66 yaşı vardı.
Ənvər paşanın nəvəsi son müsahibələrinin birində Azərbaycanın Türkiyədəki səfirliyindən gileylənirdi. Osman Mayatepek bildirirdi ki, onu tədbirlərə dəvət etmirlər və müraciətlərinə cavab gəlmir.
“Təsəllim odur ki, 5-10 il sonra həmin səfirin adını belə yada salan olmayacaq. Amma ulu babalarım olan Nuru, Ənvər və Xəlil paşaların əziz xatirəsi qardaş Azərbaycan xalqının qəlbində və beynində əbədiyyən yaşayacaq”.
Osman Mayatepek Türkiyənin hərbi naziri olmuş Ənvər paşanın nəvəsiydi. 1918-ci ildə Ənvər paşanın qardaşı Nuru paşanın başçılığı ilə Qafqaz İslam Ordusu Bakını bolşevik və daşnaklardan azad edib.