Enrikenin qucağına atlayan qız

O qız azərbaycanlı olsa nə olardı?

Source:
Kəmalə Musazadə
Kəmalə Musazadə

Formula 1-in heç şübhəsiz ən çox müzakirə edilən mövzusu Enrike İqlesiasın qucağına atlayan qız oldu. Bəzi insanlar üçün bundan gözəl müzakirə mövzusu tapılmazdı. Günlərlə sosial şəbəkələrdə müzakirələrə səbəb olan qızın əcnəbi olduğu anlaşıldıqdan sonra qızğın mübahisələr bitdi. Azərbaycanın “namusu təmizləndi”, qız-qadınların üstündə dolaşan qara buludlar çəkildi, qınaq yağışı biraz da olsun, səngidi.

Tutaq ki, bu qız azərbaycanlı olsa, nə olardı?

Yəqin ki, onun gələcək həyatı heç də yaxşı olmayacaqdı. O qız qohumun, qonşunun barmaqla göstərdiyi ən aciz insan fiquruna çevriləcəkdi. Azərbaycan qadınının öz sevdiyi müğənniyə sarılması bağışlanmaz bir şeydir. Devalvasiyadan sonra insanların işsiz qalması, Formula 1 yarışına xərclənən milyonlar, havaya sovrulan pullar bağışlana bilərdi, ancaq bunu bağışlamaq olmazdı.

Bu günahı Azərbaycan kişisinin bir qadına bağışlaması elə özü böyük günah sayılardı. Bu qızı qınamayanları dost-tanışlar qınayacaqdı. Bəlkə də “biz axı müsəlmanıq, qız avropalıların içində bizi biabr etdi, sən də bir status yazıb, namusumuzu təmizləmədin” deyəcəkdilər bir-birlərinə. Bu qınaqdan qurtulmaq üçün Azərbaycan kişisinə bir yol qalırdı. Sözügedən qadını “ifşa” edib, digər Azərbaycan qadınının gələcəkdə belə səhvə yol verməsinin qarşısını almaq.

Qınamayın kişilərimizi, ya da özünü əsl evdar xanım kimi göstərmək istəyən, bunun üçün də bir qızcığazı qınaq atəşinə tutan xanımlarımızı. Axı onların başqa çıxışı yolu yox idi. Onlar namusumuzun keşiyində dayanan, sadəlöhv, vətənsevər xalqdır. Bizdə axı müsəlmançılıqdı, mentalitet var, ana-bacı var. Bizə bu ayıb yaraşmazdı.

Nə isə, yanılmışıq. Haqqında danışılan qız əcnəbi imiş. Azərbaycan qadını bu səhvə yol verməzdi. O illərdir ki, “birdən mənə pis baxar” deyib həyat yoldaşına qarşı olan hisslərini belə bastıra bilib. Bir qadın kimi bütün arzu-istəklərini ürəyinin dərinliklərində saxlayıb. İndi yad, əcnəbi kişinin qucağına atlamaq kimi bir ayıbı bizim qadınlarımız etməzdi. Bəli, Azərbaycan qadını öz istəklərini, arzularını, hisslərini gizlətməkdə mahirdir. İllərdir, mentalitetimizlə onları hədələyərək buna nail ola bilmişik. Müsəlmanlar demiş, şükür Allaha.

Hansı ölkədən olduğu geniş müzakirələrə səbəb olan əcnəbi qadın isə sosial şəbəkələrdə öz şəklini paylaşdı, rahatlaşdıq. Bu namus elə bir bəladır ki, adam onun ağrısına dözə bilmir. Nə isə ki, bizə ehtiyac qalmadan namusumuz öz-özünə təmizləndi. Enrikeni qucaqlayan qadın isə avropalıdır, iranlıdır-turanlıdır, fərqi yoxdur. Özü bilər. Ruslar demiş, onlar üçün hər şey “palojnudur”. Təki müsəlman Azərbaycan qadını bunu etməsin.

Haqqında söhbət etdiyimiz xanım sadəcə sevdiyi müğənniyə sarılmışdı və bununla öz arzusunu gerçəkləşdirə bilmişdi. Öz sevincini də sosial şəbəkədə bölüşdü. Bizim qadınımız buna cəsarət edə bilərdimi? Yəqin ki, yox. Bu arzuya görə bu qədər insanın tənqidinə tuş gələcəyini bilə-bilə hansı Azərbaycan qadını bunu edərdi? Yəqin ki, heç biri.

Arzular, arzular… Bəli, adi, həyata keçməyən, ürəklərdə qalan arzular Azərbaycan qadınına xasdır. İllərdir qadınımıza “ağır ol, anasan, bacısan, həyat yoldaşısan” deyib onları məhdudlaşdırmağı bacarmışıq. Öz ərlərinə belə cəmiyyət içərisində ürəkdən sarıla bilməyən, sarılsa belə bunu qıraqdan “yüngüllük” kimi qəbul edən bir cəmiyyətdə yaşayan bir qadın necə yad kişiyə sarılmağa cəsarət edə bilər? İstədikləri kimi yaşamaq bizim qadınlara yaramaz.

Ana səhifəMənim FikrimcəEnrikenin qucağına atlayan qız