Vətəndaş cəmiyyətindəki problemlərin nəticəsi olaraq martın 9-da Azərbaycanın Mədən Hasilatı üzrə Şəffalıq Təşəbbüsündəki (MHŞT) fəaliyyəti dayandırıldı. Bundan sonra Azərbaycan hökuməti MHŞT-dən çıxdığını bəyan etdi.
Hüquqşünas Ənnağı Hacıbəyli ilə söhbətimizdə QHT sektorunun mövcud problemlərinin hansı amillərdən qaynaqlanması, çıxış yolları və digər mətləblərə toxunduq.
– Ənnağı bəy, vətəndaş cəmiyyəti sferasında fəaliyyətiniz görünmür. Bəyanatlara, çağırışlara qoşulmursunuz. Nə baş verib, özünüzü bu sektorda bitmiş hesab edirsiniz?
– Əvvəla, informasiyanız dəqiq deyil. Mən bəyəndiyim və mövqeyimə uyğun olan bəyanatlara imza atmışam. Siyasi məhbuslar və vətəndaş cəmiyyətilə bağlı bəyanatlarda mənim də imzam var. Fəaliyyətimizin zəifləməsi, yaxud görünməməsi iki səbəblə əlaqədardır: Birinci, 2013-cü ilin sonlarında QHT qanunvericiliyinə əlavə edilən avtoritar dəyişikliklərdən sonra müstəqil vətəndaş cəmiyyətinin fəaliyyəti əslində xeyli dərəcədə məhdudlaşdırıldı, demək olar sıfra endirildi. Bununla bağlı təşkilatımıza qarşı cinayət təqibi başlandığından fəaliyyətimizi dayandırmağa məcbur olduq. Çünki Ədliyyə Nazirliyi məni təşkilatın rəhbəri kimi qeydə almadı və nəticədə maliyyə mənbələri əldə edə bilmədiyimizdən fəaliyyətimizi dayandırdıq. İkinci səbəb səhhətimdəki problemlərdən doğur. Bu yaxınlarda əməliyyata hazırlaşıram, ona görə də fəaliyyətim bir qədər zəifdir. Amma vətəndaş cəmiyyətindən kənara çəkilməmişəm, imkan daxilində proseslərdə iştirak edirəm, gələcəkdə də daha fəal iştirak etməyi planlaşdırıram.
– Yəqin ki, 94 QHT nümayəndəsinin Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinə müraciətindən xəbərdarsınız. Onlar vətəndaş cəmiyyəti sektorunda müsbətə doğru irəliləyişin olduğunu və Azərbaycanın qurumdan çıxarılacağı təqdirdə QHT-lər üçün ciddi problemlər doğuracağını deyirlər. Siz məlum müraciətdə deyilənləri bölüşürsünüzmü?
– Sualınıza cavab vermək üçün bir az geriyə getmək lazımdır. Bayaq xatırlatdım, 2013-cü ilin dekabrında qanunvericiliyə olan avtoritar dəyişikliklər vətəndaş cəmiyyətini dilemma qarşısında qoydu. Bu əsrin əvvəllərində Azərbaycanda müstəqil media və müxalif partiyaların fəaliyyəti bir növ məhdudlaşdırılmışdı. Hakimiyyət müstəqil media və müxalifətin faəliyyətini sıfıra endirməyə nail olmuşdu, qalmışdı vətəndaş cəmiyyəti. Ona görə hökumət bütün qüvvələrini bu sektora yönəltdi. Nəticədə avtoritar dəyişikliklər qanunvericiliyə əlavə ediləndən sonra müstəqil qeyri-hökumət təşkilatları da fəaliyyətlərini dayandırmağa məcbur oldular. Açıq danışmaq lazımdır, vətəndaş cəmiyyəti dilemma qarşısındaydı və hakimiyyət də məşhur “qamçı və qoğal” siyasətindən istifadə etdi. 2014-cü ilin əvvəlində cinayət təqibinin başlanması, bəzi QHT rəhbərlərinin həbsi, vergi yoxlamaları, ölkədən çıxışa qadağalar bu sektorun fəaliyyətini iflic etdi. Bununla paralel qeyri-hökumət təşkilatlarına başqa tərəfdən mesajlar verilirdi ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının düşərgəsinə keçərsinizsə, yalnız o halda fəaliyyət göstərə bilərsiniz. Qeyri-hökumət təşkilatları həmin kapitulyasiyanı imzaladılar, böyük əksəriyyət o cəbhəyə qoşuldu. Qalan hissə ya ölkədən qaçmağa məcbur oldu, yaxud da faəliyyətini dayandırdı. Bu, onun nəticəsi idi ki, əgər müstəqil fəaliyyət göstərmək istəyirsənsə, bunun üçün maliyyə mənbələri lazımdı. Rəhbərlərin, yaxud seçkili orqanların, qrantların Ədliyyə Naizrliyində qeydə alınmaması, nəhayət, ayrı-seçkilik siyasəti onunla yekunlaşdı ki, təşkilatlar üçün normal şərait qalmadı. Bax, həmin aparılan siyasətin nəticəsində həmin 94 təşkilat bunu etdi. Hamısını bir “yorğan” altına yığmaq istəmirəm, amma mahiyyət eynidir.
– Məsələn, Nəsimi Məmmədli QHT-lərə Dövlət Dəstəyi Şurasından aldığı qrantdan imtina etsə də, İdarə Heyətinə göndərilən müraciətindəki imzasından imtina etmədi…
– Bilirsiniz, mətbuatdan bizə məlum olan budur ki, onların bir hissəsinin vətənpərvərlik hisslərilə oynayıblar, bir hissəsini qorxudub, yaxud ələ alıblar. Əsasən də maliyyə mənbələrinin qıt olduğu şəraitdə QHT-lərə Dövlət Dəstəyi Şurasından başqa ölkə daxilində maliyyə mənbəyi yoxdur. Beynəlxalq təşkilatların daxildə fəaliyyəti məhdudlaşdırılıb, xaricdən alınan qrantlara gəlincə, hökumətə müstəqil QHT-nin fəaliyyəti sərf etmirsə, onu qeydə almır. Bir sözlə, işləmək mümkün deyil. Belə bir şəraitdə 94 təşkilatın müraciət etməsinə təbii ki, iki yanaşma var: Birinci, Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə (MHŞT) qalması vətəndaş cəmiyyətinin və bütövlükdə ölkənin xeyrinədir. Guya, bu motivlə müraciət ediblər. Amma müraciətin mahiyyəti daha çox hakimiyyətin müdafiəsindən getdiyini göstərir. Müraciətdə QHT sektorunda müsbət işlər aparıldığı qeyd olunub, əslində, heç bir ciddi müsbət dəyişiklik olmayıb. 2013-cü ilin sonlarından müstəqil vətəndaş cəmiyyətinə qarşı təzyiq kampaniyası bu gün də davam edir, onların durumu son dərəcə məhduddur. Əksər hallarda heç bir qrant dəstəyi olmadan entuaizm hesabına fəaliyyət göstərirlər. Belə bir şəraitdə vəziyyətin müsbətə doğru dəyişdiyini iddia etmək vətəndaş cəmiyyəti ideyasına xəyanətdir.
– Ümumiyyətlə, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə (MHŞT) qalmaq, yoxsa çıxmaq lazımdır? Bu yanaşmaya münasibətiniz necədir? Bu sualı ona görə verdim ki, hakimiyyət tərəf qurumdan çıxmağın o qədər önəm kəsb etmədiyi bildirir.
– Bir tərəfdən təşkilatın mövcudluğu guya vəsaitlərin xərclənməsidir, demokratiya, korrupsiya araşdırmalarına xeyir verə bilər. Əslində, MHŞT-nin fəaliyyətində ölkədəki real duruma təsir edəcək məqam görməmişəm. Bəlkə mənim məlumatsızlığımdan irəli gəlir, amma mən görməmişəm. İkinci, qanunvericilik bazası, korrupsiyaya qarşı mübarizə, vətəndaş cəmiyyətinin durumu, ictimai rəyin hakimiyyətə təsirinin sıfır həddində olduğu zamanda güman etmirəm ki, Azərbaycanın MHŞT-da qalması xalq üçün nəsə bir şey verə bilərdi.
–
Yəqin bilirsiniz, 94 təşkilatın müraciətindən sonra QHT-lərə Dövlət Dəstəyi Şurasından hansı qurumlara qrantların verilməsi barədə xəbər yayıldı. Bu mənada vətəndaş cəmiyyətinin problemlərinin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır, qrantlarla nəsə dəyişə bilərmi?
– Xeyr, qrantlarla problemlər aradan qalxmayacaq. Lap bu gün qrant verilməsi üçün şərait yaradılsa da, 2013-cü ilin dekabrında qanunvericiliyə edilən avtoritar dəyişikliklər Azərbaycanda QHT-lərin normal və müstəqil fəaliyyətinə imkan vermir. İlk növbədə, qanunvericilik sıfır variantına, yəni 2013-cü ilin 17 dekabrdan əvvəlki zamanına qaytarılmalıdır. Hərçənd ki, həmin variant da müstəqil vətəndaş cəmiyyətinin azad fəaliyyətinə imkan vermirdi. Amma indiki durumla müqayisədə ozamankı faəliyyət imkanları dözülməz deyildi, işləmək mümkün idi. İkincisi, QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasını əvvəldən doğru addım saymamışıq. Çünki hər şeyin bir hakimiyyətin, yaxud qrupun nəzarətində olması demokratiyayla bir araya sığmır. Dövlət QHT-lərə qrant verir, fəaliyyətlərinə nəzarət edir, məsuliyyətə cəlb edir, şirnikdirir, cəzalandırır və s. Belə bir şəraitdə müstəqillikdən söhbət gedə bilməz. Ona görə QHT-lərə daxildən və xaricdən dəstək olmalıdır, yəni alternativ maliyyə mənbələri olmalıdır, o, dövlət büdcəsindən dövlətin nəzarətində olan qurum tərəfindən bölüşdürülməməlidir. Normal, mədəni inkişaf etmiş ölkələrdə ayrı-ayrı kommersiya qurumları da QHT-lərə qrantlar verirlər. Nəticədə alternativ mənbələrin olması vətəndaş cəmiyyətinin fəaliyyəti üçün ilkin baza rolu oynayır. Bilirsiniz, bir nəfər qrantı verirsə, istər-istəməz monopoliya yaranır.
– Ötən ay siyasi hadisələr içərisində Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi müzakirə predmetinə çevrildi. Bununla bağlı aparılan müzakirələrdə “Turan” İA-nin direktoru Mehman Əliyev Azərbaycanda islahatların başlayacağı haqda açıqlamalar verdi. Siz məlum sərəncamdan sonra islahatların olacağına inanırsınızmı?
– Bir neçə beynəlxalq tədbirdə Mehman Əliyevin belə açıqlamalarını eşitmişəm. Mehman Əliyev nə dərəcədə səmimidir, deyə bilmərəm. Amma son illər onun yaydığı dezinformasiya xarakteri daşıyır, çünki o, hətta ötən il də “lap bu yaxınlarda islahatlar başlayacaq”- deyə bəyanat verirdi. Ancaq bu bəyanatlar doğru çıxmır. Düşünmürəm ki, islahatların başlanacağı kiminsə vitse-prezident, yaxud kimincə hansısa vəzifəyə təyinatıyla bağlı ola bilər. Bu, mümkün deyil. İslahatların aparılması üçün siyasi iradə lazımdır, siyasi iradə də kiminsə təyinatı ilə bağlı deyil. Ölkədə qanunvericilik, idarəçilik prosesinin bir nəfərin iradəsinə tabe edildiyini göstərir. Əgər islahatlar aparılacaqsa, bunun üçün siyasi iradə lazımdır, hələ o siyasi iradə görünmür. Güman etmirəm ki, hansısa kardinal dəyişikliklərdən söhbət gedə bilər. Azərbaycanda mövcud idarəçilik üsulu məhz avtoritarizm prinsiplərinə söykənir. Belə bir şəraitdə hər hansı kardinal dəyişikliklərdən söhbət gedə bilməz. Azad, ədalətli seçkilər, real hakimiyyətlər bölgüsü, müstəqil məhkəmə yoxdursa, hansısa islahatın aparılması mümkünsüzdür. Təsəvvür edin, Konstitusiyanın 7-ci maddəsi hakimiyyətlərin bölgüsünü elan edir, amma hakimiyyət real olaraq bir nəfərin əlindədir. Qanunvericilik prosesində də Milli Məclisin fəaliyyəti nominal xarakter daşıyır, yalnız Prezident Administrasiyasaından göndərilən qanunların təsdiqindən ibarətdir. Belə bir şəraitdə ölkədə insan haqları, məhkəmə, qanunvericilik hakimiyyətinə yeni baxış olmasa, hər hansı islahat gözləmək mənasızdır.
–
Siz mənzərəni əhatəli təsvir etdiniz. Yekun olaraq bugünlərdə “Facebook”da fransız yazıçısı Viktor Hüqonun “Notrdam kilsəsi” əsəri əsasında yazdığınız məqalənin yaratdığı nəticəyə toxunmaq istəyirəm. Qvazimodanın vəziyyətinə salınan Azərbaycan cəmiyyəti bir damla su, bir az ədalətlə dikələ biləcəkmi?
– Cavab vermək çətindir. Əslində, durum çox ağırdır. Əgər biz kiminsə islahat aparacağını gözləsək, heç nəyə nail ola bilməyəcəyik. Siyasi partiyaların aktiv fəaliyyətinin olmadığı şəraitdə, medianın, vətəndaş cəmiyyətinin ələ alındığı zamanda çətin ki, bir damla su, bir az ədalət bizi vəziyyətdən çıxartsın. Mütləq ya yuxarıdan, ya aşağıdan islahatlar getməlidir, uzun müddət belə davam edə bilməz. Azad və ədalətli seçkilər keçirilməlidir, real hakimiyyətlər bölgüsü olmalıdır, demokratiya və insan haqlarına hörmət edilməlidir. Vəziyyət dəyişməyəcəksə, çətin ki, bir az ədalət nəyisə dəyişsin.