”Əlilliyi olan tələbələr üçün xüsusi təqaüd proqramları təsis edilməlidir”

Onun sözlərinə görə, müavinətinin artımı ilə yanaşı təhsillərini də düşünmək lazımdır

Foto: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

''Dövlətin sosial qayğısı yalnız müavinətlərin artırıması ilə məhdudlaşmamalıdır''

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, Azərbaycanda sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların sayı 73 min nəfərdir. Onlar üçün sosial müavinətlər aprelin 1-dən 82 manatdan 150 manata çatdırılacaq.

Yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü veriləcək. Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait ümumilikdə 200 manat təşkil edəcək.

İqtisadçı Qubad İbadoğlu isə Azərbaycanda əlilliyi olan tələbələr üçün xüsusi təqaüd proqramlarının təsis edilməsini, bununla əlaqədar olaraq Universitetlərdə müvafiq infrastukturun yaradılmasını təklif edir.

Onun sözlərinə görə, müavinətinin artımı ilə yanaşı təhsillərini də düşünmək lazımdır:

“Çünki 73 min nəfər kiçik rəqəm deyil, çoxdur. Ölkəmiz bu göstəriciylə MDB ölkələri arasında liderdir. Hazırda ölkə əhalisinin hər 10 min nəfərinə düşən 18 yaşınadək əlilliyi olan uşaqların sayı 75 nəfərdir. Bu katastrofik dərəcədə dəhşətli statistikadır”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı bildirir ki, digər vacib məqam isə həmin uşaqların təhsili ilə bağlıdır:

“Belə uşaqlarla məktəblərdə nadir hallarda, universitetlərdə isə demək olar ki, qarşılaşmırıq. ABŞ-ın “Rutgers” Universitetində tədris etdiyim hər 3 kurs üzrə bir neçə əlilliyi olan tələbə oxuyur. Hesab edirəm ki, bu gün onlara dövlətin sosial qayğısı yalnız müavinətlərin artırıması ilə məhdudlaşmamalı, bu sahədə dövlət siyasəti həm də sağlamlıq və təhsil sahələrini də əhatə etməklə genişlənməlidir. Bu sahədə ailə və cəmiyyət də dövlətə yardımını əsirgəməməlidir”.

Q.İbadoğlu təəssüf edir ki, vaxtilə uşaqların reablitasiyası və cəmiyyətə inteqrasiyası ilə məşğul olan onlarla QHT-lərin əksəriyyəti mövcud hüquqi mühitə və tənzimləyici vasitələrin sərtləşdirilməsinə görə fəaliyyətini dayandırdırıb. Bu səbəbdən də ölkədə uşaqlar üçün vacib olan qeyri-dövlət əsaslı sosial proqramlar demək olar ki, həyata keçirilmir.

2018-ci ilin sonuna ola statistikaya görə, Azərbaycanda 620 min əlilliyi olan şəxs var. Dövlət Statistika Komitəsinin rəqəmləri göstərir ki, ölkədə əlilliyi olanların 71 min nəfəri 18 yaşına çatmayanlardır. Yeni açıqlanan statistika isə bu insanların sayının daha 2 min də artdığını göstərir.

Ana səhifəXəbərlər”Əlilliyi olan tələbələr üçün xüsusi təqaüd proqramları təsis edilməlidir”