Enerji layihələrinə qurban verilən mətbuatın 150 illik gözyaşları

Neft və dollar. Foto: GAS-photo/shutterstock

Məqalə Azərbaycan Milli Mətbuat Gününə həsr olunur

Azərbaycan mediası hər il 22 iyul – Milli Mətbuat Gününü bahalı restoranlarda, dəbdəbəli hotel zallarında qeyd edir. Bu il də fərqlilik olmadı – 30-a yaxın jurnalistin həbsdə olduğu bir zamanda media nümayəndələri azadlıqlarını deyil, Prezidentin Sərəncamındakı “fəxri adlar” siyahısında adlarını axtarmaqla məşğul oldular.

Ümumiyyətlə, azad sözə qarşı təqiblər tarixin bütün dövrlərində acı insan hekayələri ilə yadda qalıb. Məsələn, hələ 16-cı əsrdə ilk kitabların nəşrinə başlananda İngiltərə krallığı senzura tətbiq edib. İngilis yazıçısı Uilyam Prin isə kitabına görə ömürlük həbs edilib, ağır işgəncələrə məruz qalıb.

Azərbaycan mətbuat tarixi Qərbin söz və ifadə azadlığının tarixi qədər qədim olmasa da, 150 illik tarix ərzində Uilyam Prin taleyini yaşayan neçə-neçə qələm əhlimiz var. Məhz onların adları  Azərbaycan mətbuatının tarixinə qızıl hərflərlə yazılır. Təəssüf ki, 150 illiyini qeyd etdiyimiz mətbuatın əsası Çar Rusiyası dövründə qoyulsa da, ən amansız dönəmini müstəqillik illərində yaşadı.

Mətbuat 19-cu əsrdə neft bumu ilə meydana gəldi, 21-ci əsrdə isə növbəti neft bumu ilə demək olar ki, məhv edildi. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində neftdən gələn milyonlar Azərbaycanda, tam olmasa da, nisbətən söz və ifadə azadlığının formalaşmasında rol oynadığı halda, 21-ci əsrdə neft pulları mətbuatın məzarını qazdı.

Bu yazıya belə bir girişlə başlamağım təsadüfi deyil. Azərbaycan mediasının keçdiyi yol ilə ölkənin enerji sektorunun inkişafı arasında həmişə bir korrelyasiya, bir əlaqə olub.

Jurnalistlərin qətli, həbsləri, müstəqil media orqanlarının bağlanması, vətəndaş cəmiyyətinin sıradan çıxarılması 2003-cü ildə atasından hakimiyyəti miras alan İlham Əliyevin dövründə daha sistemli və amansız xarakter alıb. Məhz ikinci neft bumunun yaşandığı həmin dövrdə.

İlham Əliyevin hakimiyyəti müddətində üç jurnalist peşə fəaliyyətinə görə qətlə yetirilib, minlərlə siyasi fəal, jurnalist, müxalifət partiyalarının rəhbərləri və üzvləri ağır işgəncələrə məruz qalıb, həbs edilib. Təəssüf ki, bütün bu amansız repressiyalar Azərbaycanın Qərblə enerji layihələrini həyata keçirməyə başlamasından sonra daha da intensiv xarakter alıb.

Petro-dövlət modeli və neftin qara üzü

Azərbaycanda böyük neft-qaz gəlirləri 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan (BTC)  neft kəmərinin işə düşməsi və “Şahdəniz” qaz-kondensat yatağının I fazasının istifadəyə verilməsindən sonra sürətlə artmağa başladı. Qısa müddətdə bu gəlirlər məmurların və hakim ailənin iqtisadi gücünü artırdı. Paralel olaraq, gəlirlərə və resurslara ictimai nəzarəti həyata keçirən təşkilatların və medianın fəaliyyətləri sistemli şəkildə məhdudlaşdırıldı. Çünki vətəndaş cəmiyyəti və müstəqil media oliqarxların necə sürətlə zənginləşdiyini, offşor şirkətləri və korrupsiya layihələrini təftiş etməyə başlamışdı. Bu səbəbdən müstəqil media İlham Əliyev və onun ətrafındakı məmur çevrəsi üçün təhlükəli görünürdü. Ona görə də, media üzərində nəzarəti gücləndirən daha repressiv siyasət işə salındı.

İlk mərhələdə redaksiyalara hücumlar və qəfil basqınlar təşkil olundu, media rəhbərləri qondarma ittihamlarla həbsə atıldı. Səyyar qəzet satışlarına maneələr yaradıldı, qəzetlərin yayımına təzyiqlər artırıldı, satış köşkləri ləğv edildi.

Artıq 2007-ci ildən jurnalistlərin həbsi artdı, tənqidi fikir səsləndirən qəzetlərin nəşrinin dayandırılmasına start verildi, baş redaktorı həbs edildi, köşə yazarı Rafiq Tağı həbs edildi və 2011-ci ildə isə qətlə yetirildi. Bundan əvvəl, 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun öldürülməsini xüsusilə qeyd etmək yerinə düşər.

Petro-dövlət modelinin möhkəmləndirilməsi fonunda 2009 və 2016-ci ildə keçirilən referendumla Konstitusiyaya dəyişikliklər edilərək prezidentlik müddətinə qoyulan məhdudiyyətlər aradan qaldırıldı, vitse-prezidentlik institutu yaradıldı və hakim ailənin təsir imkanları daha da genişləndi. İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın ən yüksək icra hakimiyyəti strukturlarında rol almasına yol açıldı.

Referendumdan sonra jurnalistlərin ictimai yerlərdə çəkiliş aparmaq imkanlarını məhdudlaşdıran hüquqi baza genişləndirildi. Ardınca, 2009-cu ildə xarici radioların FM yayımı dayandırıldı. “Azadlıq Radiosu”, BBC-nin Azərbaycan xidməti və “Amerikanın Səsi”nin FM tezliklərinə məhdudiyyətlər tətbiq olundu.

Beynəlxalq qaz layihələrinin mediada yaratdığı təzyiqlər və yeni represiya dalğası

Azərbaycanda neft hasilatının pik dövrü 2009–2011-ci illərə təsadüf edir. Həmin vaxt hasilat illik 51 milyon tona çatmışdı. Eyni zamanda “qara qızıl”ın  qiyməti isə dünya bazarında rekord həddə – 2008-ci ildə bareli 147 dollara yüksəlmişdi. Sonrakı illərdə qiymətlər dalğalansa da, büdcə xərclərinin formalaşmasında nəzərdə tutulan baza qiymətdən həmişə daha yüksək satılırdı.

Beləliklə, həm hasilatın artması, həm də “qara qızıl”ın yüksək qiyməti Azərbaycan hakimiyyətində korrupsioner oliqarxiyanı möhkəmləndirdi. Onlar isə hakimiyyət üçün təhdid hesab edilən bütün müstəqil qurumları məhv etməyə başladı.

Daha sonra “Ümid”, “Şahdəniz II”, “Azəri-Çıraq-Günəşli” və “Abşeron” qaz yataqlarının istismara verilməsi ilə yeni, genişmiqyaslı enerji layihələri reallaşdırıldı.

2014-cü il 25 fevralda Prezidentin Sərəncamı ilə “Cənub Qaz Dəhlizi” QSC yaradıldı. Azərbaycan qazının TANAP və TAP (Cənub Qaz Dəhlizi) kəmərləri vasitəsilə Avropa bazarına çıxarılması üçün həmin il Avropa İttifaqı, Dünya Bankı, Asiya İnkişaf Bankı (AİB) və digər qurumlarla maliyyə təminatı və kredit sazişləri imzalandı.

2016-cı ildə Türkiyə, Gürcüstan və Avropaya qaz tədarükü üzrə kommersiya müqavilələri təsdiqləndi. Müqavilələrə əsasən, ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulurdu.  2020-ci ildə kəmərin buraxılış gücü 16 milyard kubmetrə çatdı. 2023-cü ildə bu rəqəm 23 milyard oldu. 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bu proqnozlar artıq gerçəkləşməyə başlayıb.

Bəs qaz layihələri və Avropa ilə enerji sövdələşmələrinin sürətləndiyi illərdə media azadlığı və insan hüquqları sahəsində nələr baş verdi?

2017-ci ildə Beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) Azərbaycan hökumətindən QHT-lərin xarici maliyyə alması və iqtisadi-siyasi məsələlərdə müzakirə azadlığının təmin edilməsini tələb etdi. Hökumət bu tələbləri qəbul etmək əvəzinə EITI-dən çıxmaq qərarı verdi.

2011-ci ildə həvəslə qoşulduğu Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership – OGP) platformasını da Azərbaycan 2023-cü ildə tərk etdi.

Bu qurumların hər ikisi neft və qaz gəlirlərinə ictimai nəzarəti, şəffaflığı artırmağı hədəfləyirdi və dövlətlər bu istiqamətdə üzərlərinə öhdəliklər götürürlər.

Bununla Azərbaycan 2023-cü ildən etibarən beynəlxalq səviyyədə neft və qaz gəlirlərinin şəffaflığına dair öhdəliklərdən tamamilə imtina etmiş oldu.

Azərbaycan 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə QHT-lərlə bağlı cinayət işləri açıldı. 2013–2014-cü illərdə donor və qrant qeydiyyatı qaydalarının sərtləşdirilməsi, genişmiqyaslı cinayət təhqiqatları, QHT və media rəhbərlərinin “qanunsuz sahibkarlıq”, “vergidən yayınma” kimi ittihamlarla həbsi, iri donorların ölkəni tərk etməsi və bank hesablarının dondurulması müstəqil təşkilatların maliyyə dayanıqlığını çökdürdü. Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Anar Məmmədli və digər tanınmış hüquq müdafiəçiləri həbs olundu.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (IRFS) Bakıda yerləşən ofisinə basqın edildi, araşdırmaçı jurnalist Xədicə İsmayılova saxlanıldı, Azadlıq Radiosunun Bakı bürosuna hüquq-mühafizə orqanları tərəfindən reyd keçirildi, vətəndaş cəmiyyəti və media üzərinə genişmiqyaslı repressiyalar baş verdi.

ANS TV-nin yayımı dayandırıldı, onlayn medianın bloklanması ilə bağlı qanun qəbul edildi. Həmin qanun əsasında azadliq.org, azadliq.info, meydan.tv kimi saytlar bloklandı. “Meydan TV” kollektivi Bakı ofisini bağlamağa məcbur oldu.

Bu ərəfədə “Media haqqında” qanun qəbul edildi və mətbuat Dövlət Reyestrinə salınmaqla fəaliyyət sərhədləri daha da daraldıldı. Reyestrə daxil olan jurnalist olmaq üçün müəyyən kriteriyalar tətbiq edildi. Bununla da Azərbaycanda media üzərində senzura rəsmiləşdirildi.

Senzuranı yararaq ayaqda qalmağa çalışan sonuncu mogikanlar isə 2023-cü ilin sonlarından etibarən sıradan çıxarılmağa başlanıldı. “AbzasMedia”, “Toplum TV”, “Meydan TV”, “Kanal 13” kimi qurumların əməkdaşları qondarma və ağır ittihamlarla həbs edildi və bu media orqanları Bakıda fəaliyyətlərini tamamilə dayandırdı.

Hazırda Sülh və Demokratiya İnstitutunun hazırladığı hesabatlara görə, Azərbaycanda 375 siyasi məhbus qeydə alınıb və onların təxminən 30-a yaxını media nümayəndələridir. Bu, indiyədək Azərbaycandan qeyd alınan ən yüksək saydır. Onsuz da illərlə vergi yoxlamaları, cərimələr, reklam bazarına çıxışın məhdudlaşdırılması, dövlət mülkiyyətindəki binalardan çıxarılma, lisenziya və akkreditasiya vasitəsilə nəzarət kimi rıçaqlarla iqtisadi təzyiqlər göstərilirdi. Bütün bunlara əlavə olaraq “xuliqanlıq”, “narkotik”, “qanunsuz sahibkarlıq”, “valyuta qaçaqmalçılığı” kimi qondarma ittihamlar da tətbiq olunmaqla media və vətəndaş cəmiyyəti tamamilə sıradan çıxarıldı.

Beləliklə, 2025-ci ilin 22 iyulu – Milli Mətbuat Günü. Avropa üçün cənub və şimal dəhlizlərində yaranan risklər Azərbaycan hakimiyyəti üçün fürsətə çevrildi. Qlobal siyasi böhranlar və iqtisadi maraqlar İlham Əliyevin hakimiyyətinin möhkəmlənməsinə, müstəqil medianın, ifadə və söz azadlığının tarixə qovuşmasına səbəb oldu. Bu yolda əməyi keçənlər isə böyük, bahalı salonlarda mükafatlandırılır.

Ana səhifəTövsiyəEnerji layihələrinə qurban verilən mətbuatın 150 illik gözyaşları