Ən mübahisəli basketbol matçı

Amerikalılar növbəti, Monreal olimpiadasında revanş götürməyi səbirsizliklə gözləyirdilər.

Foto: Meydan Tv


Amerikalıların etirazlarına baxmayaraq, hakimlər öz qərarlarının dəyişmədilər…

Olimpiada çərçivəsində basketbol turnirinin keçirilməsi 1936-cı ildə, nasist Almaniyasının paytaxtı Berlində keçirilən oyunlarından başlandı. Bu idman növündə uzun müddət amerikalılar rəqabətsiz hegemonluq etdilər. Onlar dalbadal 7 olimpiadada qalib gələrək qızıl medal qazandılar. Bu zaman heç bir ciddi müqavimətlə rastlaşmırdılar.

Üstünlükləri o qədər böyük idi ki, bəzən sözün əsl mənasında yığma komanda göndərmirdilər. 1948-ci ildə ölkəni Kentukki ştatından universitet tələbələri təmsil edirdilər və finalda Fransanı darmadağın etdilər 65:21. Növbəti oyunlara isə Kanzas tələbələri yollandılar və ilk dəfə olimpiya oyunlarına qoşulan SSRİ-nin basketbol komandasına finalda 36:25 hesabı ilə qalib gəldilər.

Olimpiya oyunlarında uzun müddət yalnız həvəskar idmançıların iştirakına icazə verilirdi. Sosialist ölkələrində də rəsmən peşəkar idman yox idi. Amma əslində isə hamı idmanla peşəkarcasına məşğul olurdu. Bəzi idman növlərində sosialist blokuna daxil olan ölkələrin, xüsusən sovet idmançılarının qərbli həqiqi həvəskarlar üzərində üstünlük əldə etməsinin əsas səbəbi də bu idi.

Amma belə status-kvo basketbol yarışlarına təsir etmirdi, çünki ABŞ-ın tələbə basketbolçuları belə sosialist ölkələrinin kvazi-peşəkarlarından qat-qat güclü idilər. 1936-1968-ci illərdə keçirilən 7 olimpiadada amerikallar keçirdikləri 55 görüşün birini belə uduzmadılar. Növbəti, 1972-ci ildə keçirilən Münhen olimpiadasında da onların qələbə qazanacağına kimsə şübhə etmirdi.

***

Münhen olimpiadasının basketbol turnirində 16 komanda iştirak edirdi. Onlar hər birində 8 komanda olmaqla iki qrupa bölündülər. A qrupunda çıxış edən ABŞ basketbolçuları 7 rəqiblərini çətinlik çəkmədən məğlub etdilər. Onların xalları arasındakı fərq 230-a bərabər idi. Başqa sözlə, orta hesabla hər oyunda 33 xal fərqi ilə qalib gəldilər. B qrupunda SSRİ komandası da bütün rəqiblərini məğlub etdi. Burada xallar arasındakı fərq 160 idi və hər oyunda orta hesabla 23 xallıq üstünlüyü ifadə edirdi.

Hər iki qrupda ilk iki yeri tutan komandalar yarımfinala çıxdılar. Burada amerikalılar B qrupunun ikincisi olmuş İtaliyanı darmadağın etdi: 68-38. Bununla da ABŞ komandasının olimpiadalarda qələbə seriyası 63 oyuna yüksəldi. Digər yarımfinalda isə sovet idmançıları Kubaya qarşı oyunda xeyli əziyyət çəkməli oldular. İlk hissədən sonra 35:36 hesabı ilə uduzan SSRİ sonda qalib gəlməyi bacardı: 67:61.

Final oyunu öncəsi kimsə ABŞ-ın qalib gələcəyinə şübhə etmirdi. Sovet komandası da əslində gümüş medalı özünün qazana biləcəyi ən böyük nailiyyət hesab edirdi. Buna baxmayaraq, oyun başladıqda önə çıxmaları onları həvəsləndirdi. Beyinlərində "niyə də olmasın?" sualı yarandı.

Oyunun ilk dəqiqələrində sovet idmançıları irəli çıxdılar – 7:0. Sonrakı vaxt ərzində onların üstünlüyü davam edirdi: 9:3, 15:7, 21:11. Amma ilk 20 dəqiqənin sonuna qədər amerikalılar fərqi azalda bildilər – 26:21. Fasilədən sonra isə qırmızıların üstünlüyü yenidən 10 xala çatdı – 38:28.

Məsələnin ciddi şəkil aldığını görən amerikalılar sürəti artırdılar və pressinq tətbiq etməyə başladılar. Nəticədə fərq tezliklə buxarlandı: 44:42. Oyunun son dəqiqəsi başlayarkən hesab 48:46 sovetlərin xeyrinə idi. Bu matçı tarixə keçirən hadisələr də məhz bu son dəqiqədə cərəyan etdi.

Öncə sovetlər cərimə atışları hüququ qazandılar və Sergey Belov onlardan yalnız birini reallaşdıra bildi – 49:46. Amerikalılara fərqi azatlmaq üçün cəmi 11 saniyə lazım gəldi – 49:48. Belə vəziyyətdə sovet basketbolçularının vəzifəsi yetərincə aydın idi. Hücuma ayrılan 30 saniyənin sonuna qədər topu saxlamaq və sonda səbətə salmaq.

Birinci vəzifənin öhdəsindən gəlindi, amma topu səbətə salmaq mümkün olmadı. Aleksandr Belovun cəhdini Makmillen blokla aldı. Amma top yenidən Aleksandr Belova düşdü. Rəqibin əli topa toxunduğundan yenidən 30 saniyəlik hücum vaxtı vardı. Matçın bitməsinə isə cəmi 6 saniyə qalırdı. Belov topu sadəcə özündə saxlamalı idi. Amma o, gözlənilmədən Sakandelidzeyə ötürmə etdi və top amerikalıların əlinə keçdi.

Daq Kollinzin topu səbətə salacağına şübhə etməyən Sakandelidze ona qarşı qaydanı pozmağı qərara aldı. Çünki cərimə zərbələrindən biri və ya hər ikisi qeyri-dəqiq ola bilərdi. Üstəlik, bu zaman vaxt dayanırdı. Amma Kollinzin hər iki atışı dəqiq oldu və amerikalılar matç boyu ilk dəfə hesabda irəli çıxdılar: 50:49. Bu zaman oyunun bitməsinə isə 3 saniyə qalırdı.

Sovet basketbolçuları topu oyuna daxil etdikdən dərhal sonra braziliyalı hakim Renato Riqetto (digər hakim isə erməni əsilli bolqar Artenik Arabaçıyan idi) sovet məşqçisinin etirazları üzündən oyunu saxladı. Məşqçi hələ son cərimə zərbəsindən öncə taym-aut istədiklərini bildirirdi və onun verilməsini tələb edirdi. Taym-aut müraciətinin həqiqətən də edilib-edilməməsi sonrakı mübahisələrin əsas mövzularından biri oldu.

Oyun zamanı hakimlər stolu arxasında gedən mübahisəyə Beynəlxalq Basketbol Federasiyasının (FİBA) Baş katibi Uilyam Cons da qarışdı. Onun təklifi ilə SSRİ komandasına taym-aut verildi və son 3 saniyə yenidən oynanılmalı idi. Oyun ikinci dəfə davam etdirildikdən sonra sovet idmançılarının hücum cəhdi uğursuz oldu və bu zaman siqnal verildi. Oyunun bitdiyini zənn edən ABŞ idmançıları və azarkeşlər meydana tökülərək sevinclərini izhar etdilər. Hətta sovet idmançıları da məğlub olduqlarını güman edirdilər.

Amma hakimlər tezliklə məsələyə aydınlıq gətirdilər. Sən demə, siqnal oyunun bitməsinə görə deyil, vaxtı ölçən cihazda problem yarandığına görə müvəqqəti dayandırılıb və nöqsan aradan qaldırıldıqdan sonra yenidən davam etdiriləcək. Amerikalıların etirazlarına baxmayaraq, hakimlər öz qərarlarının dəyişmədilər.

Topu üçüncü dəfə oyuna daxil edən İvan Yedeşko onu 30 metrlik bir ötürmə ilə Aleksandr Belova ötürdü. Top iki amerikalının əhatəsində olan Belovun düz əllərinə düşdü. Ona mane olmağa çalışan amerikalılardan biri müvazinətini saxlaya bilməyib yerə oturdu, ikincisi isə ətalət üzrə hərəkət edərək bir qədər uzaqlaşdı. Anidən tamamilə tək qalan Aleksandr rahatlıqla topu səbətə atdı və bununla eyni vaxtda səslənən siqnal SSRİ komandasının 51:50 hesablı qələbəsini qeydə aldı.

***

Amerikalılar dərhal şifahi, oyundan sonra isə yazılı şəkildə etiraz edərək oyunun yenidən keçirilməsini tələb etdilər. Müraciəti araşdıran FİBA kollegiyası 3 səs lehinə, 2 səs əleyhinə olmaqla SSRİ-nin qələbəsini təsdiq etdi. Bu zaman lehinə səs verən nümayəndələr sosialist blokunu (Kuba, Polşa, Macarıstan), əleyhinə səs verənlər isə (İtaliya, Puerto-Riko) kapitalist ölkələrini təmsil edirdilər.

Ertəsi gün keçirilən mükafatlandırma mərasimində fəxri kürsünün ikinci yeri tutan komanda üçün nəzərdə tutulan pilləsi boş qaldı: amerikalılar gümüş medalları almaqdan qətiyyətlə imtina etdilər. Onlar sonrakı illərdə də öz fikirlərindən dönmədilər. Kenni Devis isə hətta övladlarına, nəvələrinə həmin medalı almağı qadağan edən bəndi vəsiyyətnaməsinə saldığını bildirdi.

Amerikalılar növbəti, Monreal olimpiadasında revanş götürməyi səbirsizliklə gözləyirdilər. Amma SSRİ ilə üz-üzə qarşılaşmaq qismət olmadı. Sovet basketbolçuları yarımfinalda Yuqoslaviyaya uduzdular. Sonunculara finalda 95:74 hesabı ilə qalib gələn amerikalılar 8-ci dəfə olimpiya çempionu oldular.

1980-ci ildə Moskvada keçirilən olimpiadanı ABŞ SSRİ-nin Əfqanıstana hərbi təcavüzünə görə boykot etdi. Amma sovet basketbolçuları doğma meydanda uğursuz çıxış edərək yalnız üçüncü yeri tutdular. Çempion isə İtaliyanı məğlub edən (86:77) yuqoslavlar oldu.

1984-cü ildə artıq Los-Ancelesdə keçirilən olimpiya oyunlarını SSRİ boykot etdi. ABŞ idmançıları çətinlik çəkmədən çempion oldular. Onlar finalda İspaniyanı böyük fərqlə məğlub etdilər: 96:65

Beləcə, ABŞ və SSRİ komandalarının növbəti üzbəüz qarşılaşması yalnız 1988-ci ildə Seulda keçirilən olimpiada turnirinin yarımfinalında mümkün oldu. Tarixinin ən güclü heyətinə malik olan sovet komandası amerikalıların 16 ildən sonrakı revanş istəyinə imkan vermədi – 82:76. Finalda isə Yuqoslaiyanı məğlub edərək (76:63) ikinci dəfə olimpiya çempionu oldu.

Bundan sonra olimpiadaların basketbol turnirlərində peşəkarların iştirakına rəsmən icazə verildi və amerikalıların üstünlüyü daha əzici oldu. 1992-ci ilin Barselona olimpiadasında onların komandası "Dream Team" (Arzular komandası) adlandırılırdı. Onlar rəqiblərini orta hesabla 44 xal fərqi ilə məğlub etdilər. Finalda Xorvatiya üzərində üstünlük də böyük idi – 117:85

Sonrakı oyunlarda ABŞ komandası yalnız bir dəfə büdrədi: 2004-cü ildə yarımfinalda gələcək çempion Argentinaya 81:89 hesabı ilə məğlub oldu. Qalan bütün olimpiadalarda isə qalib oldu. Beləliklə, indiyə qədər 19 olimpiadada keçirilən basketbol turnirində amerikalılar 15 dəfə qalib gəliblər.


Məqalə helikopter qəzasında həyatını itirən, 2008 və 2012-ci illər olimpiya oyunlarının qalibi Kobi Brayantın xatirəsinə həsr olunur.

Ana səhifəXəbərlərƏn mübahisəli basketbol matçı