“Ən böyük biabırçılıq odur ki, bu qanun Konstitusiya ilə ziddiyyət təşkil edir”

Müzəffər Baxışov “Vətəndaşlıq haqqında” qanuna dəyişiklikləri şərh edib

Source:

Müzəffər Baxışov “Vətəndaşlıq haqqında” qanuna dəyişiklikləri şərh edib

“Hüquqi Dövlət” Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışov “Turan İA”-a bildirib ki, “Vətəndaşlıq haqqında” qanuna dəyişikliklər son aylarda Rusiyada vətəndaşlığa qəbulun asanlaşdırılması ilə bağlı qərar qəbul edilməsinə görə edilib: “Rusiyanın qərarından sonra Azərbaycanda təşviş keçirməyə başladılar. Bununla bağlı 1998-ci il 30 sentyabrda qəbul edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik edilib və bu, Azərbaycan Konstitusiyası ilə tam ziddiyyət təşkil edir”.

Qanunun 10-cu maddəsinə yeni əlavəyə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Bu, çox böyük bir biabırçılıqdır. Azərbaycan vətəndaşının başqa dövlətin vətəndaşlığını qəbul etməsi ilə bağlı Azərbaycanın prezidenti tərəfindən müəyyən ediləcək müvafiq icra orqanına məlumat verməməsi hansı ictimai təhlükəli əmələ aid edilə bilər? Burada hansı ictimai təhlükəli əməldən söhbət gedə bilər ki, həmin şəxs cinayət məsuliyyəti daşısın? Başqa bir misal, qanunda yazılır ki, valideynləri Azərbaycan vətəndaşı olmayan və Azərbaycanda doğulmuş uşaq Azərbaycan vətəndaşı deyildir. Bu, necə ola bilər? Azərbaycan Konstitusiyasında birbaşa təsdiq edilib ki, Azərbaycan ərazisində doğulan şəxs Azərbaycan vətəndaşıdır”, deyə o qeyd edib.

Ekspert hesab edir ki, qanunun 18-ci maddəsinə vətəndaşlığın itirilməsi ilə bağlı edilmiş dəyişiklik də qanunvericiliklə ziddiyyət təşkil edir: “Başqa ölkənin vətəndaşlığını qəbul edən şəxs müvafiq icra hakimiyyəti orqanına məlumat vermirsə, vətəndaşlığını itirir. Axı sən kimsən ki, qanuna belə dəyişiklik edib, Konstitusiyanın 53-cü maddəsini kobud pozursan? Konstitusiyada göstərilir ki, heç kəs vətəndaşlıqdan məhrum edilə bilməz. Və yaxud başqa dövlətdə dövlət qulluğunda çalışan və ya hərbi hissədə qulluq edən şəxslərin vətəndaşlığını itirməsi. Bütün bunlar Konstitusiya ilə ziddiyyət təşkil edir”.

Müzəffər Baxışov hesab edir ki, parlament qanuna əlavə və dəyişiklikləri etsə də, konstitusiyanın 149-cu maddəsinə görə heç bir hüquqi qüvvəsi yoxdur. “Konstitusiyanın 151-ci maddəsində birbaşa göstərilir ki, qəbul olunmuş qanunlar konstitusiya müddəaları istisna edilməklə beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil edirsə, tətbiq edilə bilməz. Bunlar nəinki beynəlxalq öhdəlikləri, heç Azərbaycan Konstitusiyasını saymırlar, ona əməl etmirlər. Ən böyük biabırçılıq odur ki, bu qanun konstitusiya ilə ziddiyyət təşkil edir”.

M.Baxışov bildirib ki, beynəlxalq konvensiyaların tələblərinə görə, dövlət vətəndaşsızlıq hallarının azaldılmasına çalışmalıdır. “Amma bu əlavə və dəyişikliklərlə ölkədə vətəndaşsızlıq hallarının artırılmasına şərait yaradırlar”, deyə o qeyd edib.

O, indiyədək yüz minlərlə xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarının hüquqi durumunun necə olacağı ilə bağlı  deyib ki, konstitusiyaya görə qanunun geriyə hüquqi qüvvəsi yoxdur. “Amma bura Azərbaycandır. Bura qanunların tətbiqi ilə bağlı çox bədbəxt bir vəziyyətdədir. Düşünürəm ki, yeni əlavə və dəyişikliyi geriyə də tətbiq edəcəklər”, deyə o qeyd edib.

Ana səhifəXəbərlər“Ən böyük biabırçılıq odur ki, bu qanun Konstitusiya ilə ziddiyyət təşkil edir”