”Bəlkə də bank əlində olan manatı dollara çevirib, devalvasiyanı gözləyir”
Valyutadəyişmə məntəqələrinin fəaliyyəti dayandırılandan insanlar mübadilə əməliyyatları üçün banklara müraciət etməli olurlar. Bakı şəhəri, Xətai rayon sakini Elnur Qədimov deyir ki, bu baxımdan ən sərfəli bank “Əmrahbank”dır.
Ancaq son bir həftədir ki, bu bank da valyutadəyişmə əməliyyatını dayandırıb:
“Səbəbini isə açıqlamırlar. Deyirlər, pulu dəyişmək istəyirsinizsə, bankda hesab açın. Həmin pulu hesaba yatırın. Sonra manat şəklində çıxarın. Əgər bu, hansısa formada mümkündürsə, insanların vaxtını uzun proseslərlə niyə alırlar?”
“Əvvəl manatı xarici valyutaya dəyişmirdilər, indi isə əksinə olub”
Elnur Qədimov deyir ki, “Əmrahbank”ın H.Aslanov metrosu yaxınlığındakı şöbəsi evinə yaxındır. Odur ki, həmişə həmin filiala müraciət edir. Valyutadəyişmə əməliyyatı adətən 5 dəqiqəsini alır. İndi təklif edilən əməliyyat uzun çəkir, üstəlik, növbə olur:
“Bununla 2 dəfədir gedirəm, pulu dəyişə bilmirəm. Manatı xarici valyutaya dəyişməmələrini anladıq, indi isə əks vəziyyət yaranıb. Bunu anlaya bilmirəm”.
“Dedilər, valyutadəyişmə əməliyyatı işləmir”
Gülnar Səmədova isə deyir ki, “Əmrahbank”-da ümumiyyətlə, ona hesab açmaq da təklif edilməyib: “Eləcə dedilər, valyutadəyişmə əməliyyatı işləmir, dayanıb”.
Devalvasiyalardan sonra manatı dollara, avroya çevirmədə problem yaşanırdı. Ancaq xarici valyuta dəyişməmək yeni problemdir.
Manat almaqda problem nə ola bilər?
Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, hesab açmağı demələri qəribədir, çünki bunun əhəmiyyəti yoxdur. Görünən odur ki, ümumən manat satmaq istəmirlər:
“Etdikləri isə sadəcə bəhanədir. Qanuna görə, bank valyuta mübadiləsi əməliyyatı aparmağa borclu deyil. Kommersiya qurumudur, mənfəət gətirən əməliyyatlar aparmaqda özü maraqlı olmalıdır. Deməli, hazırda manat satması ona sərf etmir”.
“Bəlkə də bankların manat ehtiyatı tükənib”
Əkrəm Həsənov bunun səbəbini bankda manat ehtiyatının tükənməsi ilə izah edir. Deyir, ola bilsin ki, bank əlində olan bütün manatları dollara çevirib, devalvasiyanı gözləyir:
“Nəticədə manatı tükənib. Mərkəzi Bankdan isə kredit ala bilmir deyə belə vəziyyət yaranıb”.
“Yaxın günlərdə valyutadəyişmə əməliyyatının bərpası gözlənilmir”
Meydan TV məsələyə münasibət öyrənmək üçün “Əmrahbank”la əlaqə saxlayıb. Bank valyutadəyişmə əməliyyatının dayandırıldığını təsdiqləyib. Mübadilə etmək istəyənə bankda hesab açmasını məsləhət görüblər:
“Manat hesabı açılır və xarici valyuta həmin hesaba qoyulur. Avtomatik konvertasiya edilir və siz kassadan həmin vəsaiti manat kimi alırsız”.
Bankın müştəri xidmətindən bildirilib ki, yaxın günlərdə valyutadəyişmə əməliyyatının bərpası gözlənilmir:
“Təklif edilən əməliyyat 15 dəqiqə alır. Ancaq baxır növbəyə. Növbə çox olarsa, gözləməli olacaqsınız. İl sonuna çox az qalıb. Odur ki, bugünlərdə valyutadəyişmə əməliyyatının aktivləşməsi gözlənmir”.