“Əmlaklarımı söküb, 100 min manatlıq avadanlığımı oğurlayıblar” 

Qarabağ küçəsi 35-37, Foto: Meydan TV

Vahidə Əzizova polisin hərəkətsizliyindən də şikayət edib

“EAST Residence” MTK-nın sahibi 23-24 yaşlarında bir gəncdir. O boyda işlərin tapşırıldığı şirkət 2021-ci ilin iyulunda təsis olunub, elə həmin vaxtdan da əmlaklarımızı sökməyə başlayıb. Yüzlərlə insanın əmlaklarını heç bir təcrübəsi olmayan bir şirkətin və heç 25 yaşı tamam olmayan bir gəncin əlində oyuncaq ediblər”.

Vahidə Əzizova Meydan TV-yə danışır ki, Qarabağ küçəsi 35-37 ünvanda yerləşən qeyri-yaşayış sahəsində ümumi ərazisi 474 kvadratmetr olan üç obyekti sökülüb. O, bundan söküntüdən sonra xəbər tutub. Hadisə yerinə gələrkən əmlaklarının söküldüyünü, içərisindəki avadanlıqlarınsa oğurlandığını görüb.

Vahidə xanım deyir, əvvəllər ailəlikcə böyük gözəllik salonuna sahib olublar. 2015-ci ildə Qarabağ küçəsi 35-37 ünvanlarında ümumi sahəsi 474 kvadratmetr olan yarımzirzəmi tipli qeyri-yaşayış sahəsi alıb. Həmin sahə üç hissəyə bölünür və hər hissəyə görə ayrıca “Çıxarış” var. Əvvəllər həmin ünvanda mini-market və başqa məişət obyektləri olub. Vahidə xanımın sözlərinə görə, övladları xarici ölkələrdə olduğuna görə fəaliyyəti dayandırılan gözəllik salonunun avadanlıqlarını yeni aldıqları obyektə yığıb ki, gələcəkdə övladları həmin ünvanda gözəllik salonu, idman zalı və başqa iaşə mərkəzləri açsınlar. Daha sonra nələr baş verib, Vahidə xanımın özündən eşidək:

“2017-ci ildə gəlib dedilər ki, ərazi sökülür, mən də nəzərdə tutduğum təmirə başlamadım, gözlədik görək, axırı nə olacaq. Sonra ortaya pandemiya düşdü, beləcə, obyektləri işə sala bilmədik. Nəhayət, 2021-ci ilin mayında növbəti dəfə xəbər verdilər ki, ərazidə söküntü başlayır. Bu işləri “EAST Residense” MTK başlayırdı. Ərazidə ofis də açmışdılar”.

Vahidə Əzizova ofisə yaxınlaşaraq Köçürmə Komissiyasının sədriylə görüşüb. Ona bildirilib ki, hələlik işlərə başlanmayıb, ona görə də konkret təklifləri yoxdur. Bir neçə gündən sonra Vahidə xanım komissiyanın sədriylə əlaqə saxlayanda ona bildirilib ki, sökuntu-tikinti işlərindən vaz keçiblər, onlar bu işləri  başqa ərazidə görəcəklər. Ancaq bir həftədən sonra Vahidə  xanım xəbər tutub ki, əmlakı sökülüb:

Foto: Meydan TV

“Bir gün əraziyə gələndə gördüm ki, obyektlərimi yerlə-yeksan ediblər. Söküntüyə şirkətin sahibi dedikləri gənc oğlan özü nəzarət edir. Yaxınlaşdım, dedi, sən kimsən, mən səni tanımıram. Dedim, ay oğlum, sən kimsən nə deməkdi? Mən mülkiyyətçiyəm, mənim burda üç obyektim vardı, hanı obyektim? Hanı içərisindəki avadanlıqlarım? Dərəbəyik deyil axı, hanı mənim əmlaklarım? Bu ölkənin konstitusiyası, qanunu, qaydası var. Cəngəllikdə yaşamırıq axı…”

Vahidə Əzizovanın sözlərinə görə, sahibi olduğu yer sənəddə zirzəmi qeyd edilsə də, faktiki yarızirzəmi tipli olub. Ancaq özü demişkən, şirkət onu “yerin dibinə” göndərmək istəyir:

“Ötən il oktyabrın 24-də mənim müqavimətimə baxmayaraq, əmlaklarımı məhv etdilər. Sonra məni polisin vasitəsilə ofislərinə  aparıb 4-5 saat  “girov” saxladılar. Törətdikləri cinayət  məsuliyyətindən azad olmaq üçün heç bir hüquqi əsası olmayan  arayışlarına imza atdırdılar. Mən bundan da şikayət etmişəm. Dedilər ki, narahat olmayın, sizə elə həmin ünvanda zirzəmi təyinatlı yer verəcəyik. Dedim olsun, ancaq mənim zirzəmimə uyğun zirzəmi olsun. Bunlarsa mənə 35 pilləkən dərinlikdə yerləşən, küçə tərəfdən girişi olmayan zirzəmi təklif edirlər. Deyirəm, mən bu yeri alanda burada çörək sexi, gözəllik salonu, mini-market fəaliyyət göstərirdi. Mənim yerim vur-tut 3-4 pilləkən aşağıdaydı. Çölə açılan pəncərələri,  nəfəslikləri vardı. Bunların təklifisə mülkiyyətçini birbaşa təhqir etməkdir”. 

Vahidə Əzizova, Foto: Meydan TV

Hər şey bununla da bitmir, xanımın deməsinə görə, əmlakları sökülərkən içərisindəki avadanlıqlar da talan edilib. O, avadanlıqların oğurlanmasıyla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə şikayət edib. Ancaq sonradan polisin hərəkətsizliyindən Bakı Şəhər Prokurorluğuna üz tutub. Bundan sonra avadanlıqların oğurlanması faktı üzrə cinayət işi başlanıb:

“Gözəllik salonumuzu bağlayanda avadanlıqları həmin obyektlərimizə yığmışdıq, o avadanlıqların ümumi dəyəri 100 min manata yaxın idi. Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi  Elnur Məmmədli bir aydan sonra dedi ki, oğrular naməlumdur və işi bağlamaq istədi. Dedim, necə yəni oğrular naməlumdur? O əmlaka özbaşına müdaxilə edən kim olubsa, oğru da onlardır. Mən ora böyük bir gözəllik salonunun İtaliya, Fransa, Almaniya istehsalı olan avadanlıqlarını yığmışdım. Həyət tərəfdən  obyektlərin üstündəki boşaldılmış evin döşəməsini torlu piltəylə kəsərək obyektlərimə girib, talan ediblər. Nərimanov Rayon Prokurorluğuna şikayətimdən sonra  işi alıb başqa müstəntiqə – Rahib Əliyevə verdilər. Bu günədək də istintaqda heç bir yenilik yoxdur”.

Qarabağ küçəsi 35-37, Foto: Meydan TV

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən fevralın 8-də Vahidə xanıma gələn məktubda qeyd olunur ki, “EAST Residence” MTK Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin əhatə etdiyi məhəllələrdə tikintiyə icazəverici sənədi olmadan tikinti-quraşdırma işləri aparır. Buna görə də şirkətə tikinti-quraşdırma işlərini dayandırması barədə qərar verilib. Qərarın surəti əraziyə nəzarətin təmin olunması məqsədilə Nərimanov Rayon Polis idarəsinə, Nərimanov Rayon İcra Hakimiyyətinə də göndərilib. Vahidə xanımsa deyir, hər şey Nərimanov Rayon İcra Hakimiyyətinin gözü qarşısında baş verir: “Mənim əşyalarımın oğurlandığı, obyektlərimin yerlə-yeksan olunduğu əraziylə Nərimanov Rayon İcra Hakimiyyəti arasında cəmi 150-200 metr məsafə var. Guya icra hakimiyyəti görmür ki, hər gün insanlar bura toplaşıb etirazlarını bildirirlər? Məgər təkcə mənəm razılaşmayan?  Görün nə dərəcədə dərəbəylikdir ki, şirkətin texnikaları ərazidə gecə saat 12-dən sonra hərəkətə gəlir. Gündüzləri gizlənirlər, gecələri səhərədək qazıntı işləri aparırlar, qanunsuzluqla məşğul olurlar, ətrafda yaşayan insanların rahatlığını pozurlar”.

Qeyd olunan ünvanda aparılan işlərdən təkcə Vahidə xanım narazılıq etmir. Həmin ünvandakı digər mülkiyyətçilər də işlərin dayandırılması üçün aidiyyəti qurumlara müraciət ediblər və hər gün ərazidə olaraq işlərin dayandırılmasını tələb edirlər. Mülkiyyətçilər Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət ediblər. Bakı Şəhər İcra Hakimiyyəti mülkiyyətçilərin narazılığını haqlı hesab edib. Qurum Nərimanov Rayon İcra Hakimiyyətinə göndərdiyi məktubda sakinlərin təhlükəsizliyini təmin olunana və sənədləşmə işləri başa çatanadək söküntü işlərinin dayandırılmasına göstəriş verib: “… 12 aprel 2021-ci il tarixli 77 nömrəli Sərəncamıyla Nərimanov rayonu, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi məqsədilə “EAST Residence” MTK-nın icarə əsasında istifadəsinə verilib. Həmin Sərəncamın 1-ci bəndində qeyd olunub ki, MTK qeyd olunan ünvanda daşınmaz əmlak mülkiyyətçiləriylə mülki münasibətləri qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimləməlidir. Ancaq qanunvericiliyin tələblərinə uyğun sənədləşmə işləri tam başa çatdırılmadan yaşayış binasının söküntüsünə başlanılıb. Sakinlərin təhlükəsizliyi təmin olunana, sənədləşmə işləri tam başa çatanadək söküntü işlərinin dayandırılması üçün aidiyyəti qurumlarla birgə zəruri addımların atılması və nəticəsi barədə Komitəyə məlumat verilsin”. 

Foto: Meydan TV

Məktubun surəti mülkiyyətçilərə göndərilib.

Meydan TV əməkdaşı “EAST Residence” MTK-dan vətəndaşın iddialarına münasibət öyrənməyə çalışsa da, mümkün olmayıb.

“EAST Residence” MTK isə söküntü işlərinin dayandırılması tələblərinə əməl etmir. Hətta köhnə binaların yerində planlaşdırdığı yeni binalardakı mənzillərin satışıyla bağlı internet üzərindən elanlar da yerləşdirib.

Ana səhifəSosial“Əmlaklarımı söküb, 100 min manatlıq avadanlığımı oğurlayıblar”