Əminə Hacıyeva: Cahangiri 6 gün gün ac və dərmansız saxladılar ki, qol çəksin…

“Cahangir dedi ki, təyyarənin yerini göstərin, mən də bilim…”

Source:
Cahangir Hcaıyev
Cahangir Hcaıyev


“Cahangir dedi ki, təyyarənin yerini göstərin, mən də bilim…”

“Mənim qardaşım 1993-cü ildən bizneslə məşğul olub. O, özünün zəhməti, savadı, alın təri ilə gəlib bu yerə çatıb”, – Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva qardaşının həyat yoldaşı Zamirə Hacıyeva barədə mediada yazılanlara münasibət bildirərkən deyib.

Böyük Britaniya mediası Z.Hacıyevanın 55 milyon dollarlıq təyyarəyə, Londonda 11.5 milyon funt-sterlinq dəyərində evə, 10 milyonluq qolf-kluba sahib olmasından, son 10 ildə təkcə bir ticarət mərkəzində 21 milyon funt xərcləməsindən yazır. Z.Hacıyeva bu vəsaitlərin mənbəyinin araşdırılması məqsədilə məhkəmə qarşısına

çıxarılıb.

Ə.Hacıyeva bildirir ki, mediada tirajlanan məlumatların əksəriyyəti yalandır. Onun sözlərinə görə, qardaşının ailəsinin şəxsi təyyarəsi olması barədə Azərbaycanda da söz-söhbət yayılmışdı: “Cahangir həbs olunanda da təyyarə söhbətini yaymışdılar, axırı nə oldu? Hardadır o təyyarə? Cahangir özü də dedi ki, o təyyarənin yerini deyin, mən də bilim. Boş sözlərdir. Ev də London bankından götürülmüş kreditlə alınıb”.

Ə.Hacıyeva düşünür ki, Britaniyada əcnəbilərin çirkli pulları leqallaşdırmaq üçün aldıqları əmlakları üzə çıxarmaq məqsədilə qəbul edilən “İzahedilməmiş Sərvət Sərəncamı” (UWO) çərçivəsində məhz Z.Hacıyeva ilə bağlı araşdırmaların başlanması təsadüfi deyil.

Ə.Hacıyeva deyir ki, qardaşı Beynəlxalq Bankın sahibi olana qədər bizneslə məşğul olurdu və kifayət qədər uğurlar əldə etmişdi. Onun korrupsiya yoluyla pul qazanmasına ehtiyac yox idi: “Cahangir həbs olunandan sonra bilirsiz ofşorlarda onunla bağlı nə qədər araşdırma apardılar? Axtarırdılar ki, orada pulu, ya başqa əmlakı varmı? Heç nə tapa bilmədilər. Çünki yox idi. Biz ziyalı ailədə böyümüşük, atam uzun illər cərrah olub, anam 45 il universitetdə dərs deyib. Bizə rüşvətxorluq, korrupsiya yox, dəyərlər öyrədiblər. Beynəlxalq Bankdan çıxan kreditlərin müəssisələrin hesabına köçürülməsi barədə konkret sübutlar var. Müəssisələr işləyirdi, kreditlər də ödənilirdi. Cahangiri həbs elədilər, bütün o müəssisələri də kor qoydular. Orada minlərlə adam işləyirdi, onların hamısını işsiz qoydular. Bunun özü də təxribatdır”.

Qardaşının hazırda haqqındakı ikinci cinayət işinin materiallarıyla tanış olduğunu deyən Ə.Hacıyevanın sözlərinə görə, bu işdə çoxlu saxtakarlıqlar var. Onun fikrincə, həmin saxtakarlıqların üzə çıxmaması üçün C.Hacıyevin materiallarla tanış olmasına imkan verilmirdi: “Cahangirin xroniki xəstəlikləri var, hər gün mütləq dərmanlar qəbul eləməlidir. Belə bir vəziyyətdə olan adamı 6 gün ac, dərmansız saxladılar. Nə yemək qəbul edirdilər, nə dərman. İstəyirdilər ki, Cahangir işlə tanış olmamış imza atsın ki, guya tanış oldu”.

Ə.Hacıyeva özünə qarşı təzyiqlərdən də danışıb. Bildirib ki, heç bir müəssisənin təsisçisi olmadığı, adına kredit açılmadığı halda, onun da ölkədən çıxışına qadağa qoyulub. Hətta anasından miras qalmış əmlakın da onun adına keçirilməsinə imkan verilmir: “Başa düşdük, anamdan Cahangirə qalmış payı vermək istəmirsiz, bəs mən? Vərəsə kimi öz payımı adıma keçirə bilmirəm. Ölkədən çıxışıma niyə “stop” qoyulub? Bu sualların cavabını verən yoxdur”.

C.Hacıyev 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri olub. O, 2015-ci ilin fevralında vəzifəsindən azad edilib, həmin ilin dekabrında isə həbs olunub. C.Hacıyev Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirləndirilərək, 15 il azadlıqdan məhrum edilib. Onun haqqında ikinci dəfə cinayət işi başlanıb və həmin iş üzrə istintaq artıq yekunlaşıb. C.Hacıyev cinayət işinin materialları ilə tanış olur.

Ana səhifəXəbərlərƏminə Hacıyeva: Cahangiri 6 gün gün ac və dərmansız saxladılar ki, qol çəksin…