Emin Millinin qayınının məhkəmə istintaqı yekunlaşdı

Bakı şəhər Baş Polis İdarəsində protokolların qeydiyyat kitanı yoxdur

Source:


Bakı şəhər Baş Polis İdarəsində protokolların qeydiyyat kitanı yoxdur

Aprelin 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV əməkdaşının məlumatına görə, məhkəmə iclasına sədrlik edən hakim Əfqan Hacıyev Nazim Ağabəyovun vəkili Adil İsmayılovun təkrar vəsatəti əsasında cinayət işinin istintaqına dair protokol və qərarların qeydiyyat kitabının təqdim edilməsi ilə bağlı 1 aprel 2016-cı il tarixli sorğuya Bakı şəhər Baş Polis İdarəsindən cavab verildiyini deyib. Belə ki, sorğuya cavab olaraq cinayət işinin istintaqına dair protokolların qeydiyyat kitabının surəti məhkəməyə təqdim edilsə də, cinayət işinin istintaqına dair protokol və qərarların qeydiyyat kitabının olmadığı bildirilib.

Bakı şəhər Baş Polis İdarəsindən sorğuya cavabı vəkil Adil İsmayılovu yenə də qane etməyib və o, narazılığını bildirib: “Necə yəni qərarlar yoxdur? Elə də şey olar? İttiham aktının 1-ci və 58-ci maddələrində qərarların adı çəkilir və tarixi də var. Necə ola bilər ki, qərarların qeydiyyatı kitabı olmasın? İstintaq hərəkətlərinin qeydiyyatı kitabı olmalıdır”.

Sədrlik edən hakim Bakı şəhər Baş Polis İdarəsindən məhkəmənin sorğusuna bu cür cavab verildiyini bildirib.

Buna cavab olaraq vəkil Adil İsmayılov deyib: “Ağıllarına gələni edirlər. Necə ola bilər ki, istintaq zamanı qəbul edilən qərarların kitabı olmasın? Qərarların qeydiyyatı kitabı olmalıdır, qeydiyyata düşməlidir. İttiham aktında 24 iyul 2015-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə barədə qərar var axı!”

Sədrlik edən hakim bildirib: “Olan budur”.

Vəkil Adil İsmayılov buna cavab olaraq deyib: “Biabırçılıqdır, belə olmaz!”

Bundan sonra vəkil Adil İsmayılov məhkəməyə sənədlər təqdim edib və həmin sənədlərin iş materiallarına əlavə edilməsini istəyib. Vəkilin verdiyi sənədlər təqsirləndirilən Nazim Ağabəyovun barəsində iş yerindən xasiyyətnamə, iş yerindən müraciət, qızının xəstəliyi ilə bağlı həkim sənədləri – Diaqnostika şöbəsindən rentgen sənədi, qızının Almaniyada müayinə və müalicəsi ilə bağlı sənədlər, eləcə də Rəssamlıq Akademiyasının Baş prokurorluğa müraciəti olub. Nazim Ağabəyovun atası, 75 yaşlı xalq rəssamı Mais Ağabəyovun da üzvü olduğu Rəssamlıq Akademiyası müraciətində işin obyektiv araşdırılmasını xahiş edib.

Hakim məhkəmə istintaqının tamamlandığını, məhkəmə çıxışlarına başlanıldığını elan edib. Dövlət ittihamçısı məhkəmə çıxışına hazırlaşmaq üçün vaxt istəyib.

Hakim növbəti məhkəmə iclasını aprelin 14-nə təyin edib.

1 aprel tarixli məhkəmə iclasında sədrlik edən hakim Bakı şəhər Baş Polis İdarəsinə qeydiyyat kitabına baxış keçirilməsi barədə 4 mart tarixli sorğu verildiyini bildirmişdi. Həmin sorğuya cavab olaraq bildirilmişdi ki, cinayət işinin materiallarının qeydiyyatı elektron sənəd dövriyyəsindədir, yəni onun kitabının təqdim edilməsi mümkün deyil. Bakı Şəhər Baş Polis İdarəsindən məhkəmə sorğusuna verilmiş cavab

vəkil Adil İsmayılovu qane etmədiyi üçün o, cinayət işinin istintaqı ilə bağlı protokol və qərarların qeydiyyat kitabının özünün verilməsi barədə təkrar sorğu ilə müraciət edilməsi üçün şifahi vəsatət vermişdi.

İT mütəxəssisi olan Nazim Ağabəyov Meydan TV-nin baş direktoru Emin Millinin qaynıdır. O, 2015-ci ilin iyulun 23-də həbs edilib. Ona qarşı

Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb.

Nazim Ağabəyov ittihamı rədd edib və narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirib. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirib.

Nazim Ağabəyov xalq rəssamı Mais Ağabəyovun oğludur.

Ana səhifəXəbərlərEmin Millinin qayınının məhkəmə istintaqı yekunlaşdı