Məhkəmə vəkilin vəsatətini təmin etməyib
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Proses hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib.
Meydan TV-nin məhkəmədə olan əməkdaşının məlumatına görə, iclasda hakim bildirib ki, N.Ağabəyovun vəkili Adil İsmayılovun Bakı şəhər Baş Polis İdarəsinə qeydiyyat kitabına baxış keçirilməsi və cinayət işindən ayrılmış iş materiallarının taleyi barədə sorğu ilə müraciət edilməsi haqqında vəsatəti əsasında göndərilən sorğulara cavab gəlib. Ə. Hacıyevin sözlərinə görə, Bakı şəhər Baş Polis İdarəsindən göndərilən cavabda bildirilib ki, cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə ayrılmış iş aidiyyatı üzrə 28 dekabr 2015-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bundan əlavə, sorğuda o da qeyd edilib ki, cinayət işinin materiallarının qeydiyyatı elektron sənəd formasındadır və onun kitabının təqdim edilməsi mümkün deyil.
Hakim bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə də sorğu ilə müraciət ediblər. Sorğuya cavada bildirilib ki, 23 yanvar 2016-cı il tarixdə işin icraatı dayandırılıb. Bununla bağlı qərar da mövcuddur.
Vəkil Adil İsmayılov isə bildirib ki, istintaq hərəkətinin protokolunun elektron qaydada olması dzgün deyil: “İstintaq hərəkəti protokollarının qeydiyyatı elektron verilir? Olmaz axı belə şey. Bu, mümkün deyil axı. Onlar elə yazmaqla deyil ki! Mən kitabı istəmişəm. Bu, mənim sorğuma cavab deyil. Belə çıxır ki, sorğuya cavab verilməyib”.
Bu zaman dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək bildirib ki, lazım olsa Bakı şəhər Baş Polis İdarəsinə yenidən sorğu ilə müraciət olunar.
Hakim Əfqan Hacıyev yenidən sorğu ilə müraciət edəcəklərini deyib.
Vəkil Adil İsmayılov isə bildirib ki, sorğuya cavab verəndə qeydiyyat kitabının özünü göndərsinlər. “Daha kitabdan çıxarışı göndərməsinlər”.
Prosesdə vəkil Nazim Ağabəyov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə şifahi vəsatət verib. O, bildirib ki, məhkəmə prosesləri Nazim Ağabəyovun əsassız yerə həbsdə olduğunu göstərdi.
Nazim Ağabəyov da vəkilinin vəsatəti ilə razı olduğunu bildirib.
Prokuror F. Nağıyev isə vəsatətin təmin edilməməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə prosesi aprelin 11-də davam etdiriləcək.
İT mütəxəssisi olan Nazim Ağabəyov Meydan TV-nin baş direktoru Emin Millinin qaynıdır. O, 2015-ci ilin iyulun 23-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb.
Nazim Ağabəyov ittihamla razılaşmır. Narkotik vasitənin cibinə və maşınına polislər tərəfindən atıldığını söyləyir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirib.
Nazim Ağabəyov xalq rəssamı Mais Ağabəyovun oğludur.