Həbsdə olan keçmiş diplomatın məhkəməsi başlayıb
Həbsdə olan keçmiş diplomat – 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində katib, 2016-2019-cu illərdə isə Uruqvaydakı Diplomatik Nümayəndəliyində işlər vəkili vəzifəsində çalışmış Emin İbrahimovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Quliyevin sədrliyilə, Aytən Əliyeva və Elmin Rüstəmovdan ibarət hakimlər kollegiyası baxır.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən sabiq diplomatın anket məlumatları, ittiham aktını, məhkəmə bildirişini alıb-almadığı dəqiqləşdirilib.
Daha sonra onun vəkilləri Aqil Layıc və Fəxrəddin Mehdiyev cinayət işinə xitam verilməsi, bu təmin olunmasa, ev dustaqlığına buraxılması, məhkəmə prosesində videoçəkilişə icazə verilməsi və Emin İbrahimova müdafiəçilərinin yanında əyləşməyə şərait yaradılması barədə vəsatətlər qaldırıblar.
Vəkillər bildirib ki, Emin İbrahimovun haqqındakı cinayət işi əsassızdır, ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə irəli sürülmüş ittihamların heç bir əsası yoxdur. Onun Kamal Şükürova bıçaqla xəsarət yetirməsini təsdiqləyən heç bir mötəbər sübut ortaya qoyulmayıb. Ərazidə olan videokameraların görüntüləri alınmayıb və s.
Müdafiəçilər deyib ki, Emin İbrahimovu həbsdə saxlamadan da məhkəmə prosesini davam etdirmək olar.
Vəkillər E.İbrahimovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılması barədə vəsatət qaldırıblar. Onlar bildirib ki, bu, həm də beynəlxalq hüquq normalarına uyğun deyil, həm də vəkillərinin yanında əyləşərsə, hüquqi məsləhətləşmələr baxımından faydalı olar.
Qaldırılan vəsatətlərdən yalnız Emin İbrahimovun vəkillərin yanında əyləşməsi təmin olunub. Növbəti məhkəmə iclasından o, vəkillərinin yanında əyləşəcək. Digər vəsatətlər isə rədd edilib.
Emin İbrahimov bildirib ki, məhkəmədən gözləntisi yoxdur. Çünki qərarı verənlər hakimlər deyil. Keçmiş diplomatın sözlərinə görə, baxmayaraq ki, heç bir cinayət törətməyib, onun 8 il azadlıqdan məhrum ediləcəyi barədə hökm çıxarılacaq:
“Bunların heç bir səlahiyyəti yoxdur, deyiləni eləməyə məhkumdular. Gərək eləməsinlər, amma eləyirlər. Ekspertlər heç vaxt üzünü görmədiyim, əlim dəyməyən bıçaqdan əl izimi çıxarıblar. Bunlar necə yaşayırlar? Belə yaşamaq olar?”
Emin İbrahimov əlavə edib ki, hakimlərin qarşısındakı cinayət işi uydurmadır və o, siyasi fikirlərinə görə cəzalandırılıb.
Sabiq diplomatla bağlı iş məhkəmə baxışına verilib. Məhkəmə baxışı fevralın 12-nə təyin edilib.
Keçmiş diplomat 2024-cü il iyulun 22-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. O, Kamal Şükürov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Lakin Emin İbrahimov ümumiyyətlə, əlində bıçaq olmadığını, şərlənərək həbs edildiyini bildirir.
“Mən diktatura rejiminin qurbanıyam”, – Emin İbrahimov barəsində həbs qərarı verilən məhkəmədə belə deyib.
Keçmiş diplomat bildirib ki, iyulun 22-də “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında mənzilinin təmiri ilə əlaqədar evinə gedəndə bir nəfər qəfildən onun üstünə gəlib və paltarlarını cırmağa başlayıb. Bundan dərhal sonra həmin yerdə mülki geyimli polislər peyda olub və onu saxlayıb, Nizami rayonu, 24-cü polis bölməsinə aparıblar. Orada iddia olunub ki, Emin İbrahimov Kamal Şükürov adlı şəxsi bıçaqlayıb.
Azərbaycanda son illərdə bir sıra fəallar bıçaqla kiməsə xəsarət yetirməkdə təqsirləndirilərək həbs olunsalar da, onlar ittihamı qəbul etmirlər. Deyirlər ki, bıçaqlandığı iddia olunan şəxslərə nəinki xəsarət yetirmək, hətta toxunmayıblar. Onlar əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.
Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş, ölkəyə qayıdandan az sonra həbs olunmuş Samir Aşurov, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.
Onlar tələb ediblər ki, hadisənin baş verdiyi iddia olunan ərazidəki kameraların görüntülərinə baxılsın. Lakin bu işlərin heç birində kamera görüntülərinə baxılmayıb.