“Səfirin ikinci katibi aksiyada foto çəkir, sonra iştirakçıların Azərbaycandakı qohumlarını, yaxınlarını incidirlər”
Son aylar xarici ölkələrdəki səfirliklərdə çalışan bəzi şəxslər Azərbaycana qayıtmaqdan imtina edirlər. Onlar siyasi sığınacaq istəyib, çalışdıqları ölkədə qalmağı üstün tuturlar.
Bu yaxınlarda Azərbaycanın İsveçrədəki səfirliyində sürücü kimi çalışan Emin Baxşıyevin də siyasi sığınacaq üçün müraciət etdiyi, Azərbaycana qayıtmaq istəmədiyi barədə xəbərlər yayıldı. Emin Baxşıyev İsveçrədə qalmaq istəməsinin səbəbini ona edilən təzyiqlərlə bağlasa da, kim tərəfindən təzyiqə məruz qaldığını tam açıqlamadı. Meydan TV Emin Baxşıyevlə söhbətləşib, problemi ətraflı öyrənməyə çalışdı…
Emin bəy, səfirlikdən ayrılmağınıza səbəb nə oldu? Səfirlə və ya səfirlikdə kiminləsə hansısa probleminiz vardı?
Mənim səfirlikdən ayrılmağıma səbəb siyasi rejimə qarşı çıxmağım və bu rejimin mənim başıma gətirdikləri oyunlar olub. Səfirlikdə problemim əlbəttə ki, var idi. Əks halda nə mən siyasi sığınacaq istəyərdim, nə də siz bu gün məndən müsahibə alardınız. Səfirlik məni düşüncələrimə, siyasi baxışlarıma, hətta az qala gördüyüm yuxulara görə belə böyük basqı altına alırdı. Təsəvvür edin ki, bu psixoloji təzyiqlər o həddə çatmışdı ki, səhhətimdə ciddi problemlər yarandı. Bu gün də müalicə olunuram. Məni başda səfir Əkrəm Zeynallı olmaqla, onu kirvəsi, 2- ci katib Hamlet Əkbərov az qala özümü öldürmə həddinə çatdırmışdılar. Buna subut olaraq dəfələrlə müalicə aldığım xəstəxanadan yazılı sənədlərim də var və həmin sənədləri İsveçrə hökumətinə təqdim etmişəm.
Nəyə görə Azərbaycana qayıtmaq istəmədiz?
Azərbaycan səfirliklərində baş verən hallar boşuna deyil. Mənə qədər bir neçə səfirlik əməkdaşı geri çağırılıb və həmin əməkdaşlar Azərbaycana qayıtmaqdan imtina edərək, olduqları ölkəyə siyasi sığınacaq üçün müraciət ediblər. XİN-də belə bir yazılmamış qanun var. Əgər səni olduğun ölkədən səbəbsiz olaraq, hər hansısa bir izahat vermədən, vaxtından əvvəl geri göndərirlərsə, deməli, bu, yaxşılığa doğru deyil. Belə nümunələr bir və ya iki deyil. Artıq onlarla səfirlik əməkdaşı siyasi sığınacaq üçün müraciət edib. Mən də qəfildən Azərbaycana göndərilməyimin səbəbini səfirdən soruşanda, o, bildirdi ki, geri qayıdarsan, səndən izahat alınanda hər şeyi biləcəksən. Elə düşünürəm ki, ötən ilin dekabr ayında ölkə başçısı İlham Əliyevin İsveçrənin Bern şəhərinə səfəri zamanı və bu ilin yanvar ayında Davosa səfəri zamanı mənim bütün işlərdən kənarda qalmağım bu izahatın hansı konteksdə olduğuna açıq işarədir.
Sizin haqqınızda “Avropada qalmaqdan ötrü özü üçün hansısa hekayələr yaradıb”- deyirlər. Bu ittihamlarla bağlı nə deyə bilərsiz?
Məlum məsələdir ki, mənim siyasi sığınacaq istəməyimi, İsveçrədə qalmağımı başqa cür şərh edə bilməzdilər. Nə deyəcəkdilər? Etiraf edəcəkdilər ki, Azərbaycanda hökm sürən diktatura qayda-qanunları İsveçrədə fəaliyyət göstərən səfirliyimizdə də hökm sürür? Təbii ki, mən XİN əməkdaşıyam və 4 ilə yaxın fotoqraf kimi fəaliyyət göstərmişəm. Əgər məni normal prosedur qaydaları ilə geri göndərsəydilər, şübhəsiz ki, Azərbaycana qayıdıb yeni təyinatımı gözləyəcəkdim. Yəni demək istəyirəm ki, səfirliyə göydən gəlib düşməmişdim.
Sizin adınızı bundan əvvəl Azərbaycana qayıtmaqdan imtina etmiş bəzi diplomatlarla əlaqələndirirlər. Hətta Arif Məmmədovun sözü ilə bu addımı atdığınız deyilir. Bəzi mətbuat orqanlarında yayılmış karikaturada sizin Arif Məmmədovdan pul aldığınız təsvir olunurdu. Həqiqətən sizin Arif Məmmədovla hansısa əlaqəniz var idimi?
Mənim adımın XİN-in hal-hazırda fəaliyyət göstərən əməkdaşları ilə niyə hallandırılmasına rast gəlmirsiniz? Axı mənim XİN-də işlədiyim müddətdə bir çox diplomatlarla tanışlığım, salam-kəlamım olub. Az öncə dediyim kimi, mən XIN-də fotoqraf olmuşam. Niyə məhz Arif Məmmədovun adı hallandırılır? Məgər səfirlikdə mənə qarşı qeyri-insani rəftarlar Arif Məmmədovun sözü ilə olunurdu ki, onun da sözü ilə bu addımı atım? Bəzi mətbuat orqanlarının yaydığı karikaturaları mətbuatda görmüşəm, çox gülünc, ucuz metodlara əl atırlar. Ən maraqlısı odur ki, paralel olaraq Arif Məmmədov haqqında da iyrənc kampaniyalara start veriblər. Arif Məmmədovun hansı imkanı var ki, hələ mənə də pul verib bu addımı atmağa sövq edə bilsin? Bu qaragüruhdan, çirkin kampaniyadan başqa bir şey deyil. Bayaq qeyd etdiyim kimi, XİN əməkdaşı olaraq Arif Məmmədovu da başqa səfirlər, konsullar kimi tanıyıram və hər zaman xoş münasibətimiz olub. Rəhbərlik tərəfindən olan təzyiqlərə, hədə-qorxulara görə onunla olan isti münasibətimizi daima gizlətməyə çalışmışam. Belə bir şayiə də buraxıblar ki, “səriflikdə sürücü işləyən birinin hansı siyasi problemləri ola bilər ki, siyasi sığınacaq da istəsin?” O zaman sual olunur. Siyasi problemi olmaq üçün hər hansısa bir xüsusi statusa sahib olmaq lazımdı ki? Nəyə görə indiyə kimi heç bir diplomatın karikaturası hazırlanmadığı halda mənim karikaturam yayımlandı? Məlumat üçün onu da demək istəyirəm ki, mən səfirlikdə işlədiyim zaman orda ayrı-ayrı vaxtlarda 3 nəfər təmizlik işçisi olub. Onların dili ilə desəm, süpürgəçi. Onların üçü də səfirlikdə qaçaq yolla işləyiblər. Bu isə birbaşa İsveçrə qanunlarını ciddi şəkildə pozmaqdır. Dinamik inkişafdan danışan dövlət nədən öz səfirliyində təmizlik işçilərini qaçaq yolla işlədir? Nəyə görə belə həyəcan və təlaş içindəsiniz? Demək məndə kifayət qədər neqativ məlumatların olması sizi belə addımlar atmağa məcbur edir. Bu adamlar əməlləri ilə özlərini ifşa edirlər. Mənim danışmağımdan, sizi ifşa etməyimdən qorxursunuz cənablar…
İndi İsveçrədəsiz. Harada qalırsız? Orada sizə hansısa təhlükə varmı?
Bəli, hal-hazırda İsveçrədəyəm. Harda qalmaq məsələm haqqında təhlükəsizlik baxımından şərh verməyəcəm. Tək bunu deyə bilərəm ki, İsveçrə elə bir ölkədir ki, burda insan həyatı və ona qarşı olan hər hansı bir riskə böyük həssaslıqla yanaşırlar. O ki qaldı təhlükə məsələsinə, İsveçrə polisi tək mənim yox, bütün İsveçrə vətəndaşlarının, burada müvəqqəti və ya daimi yaşayan əcnəbilərin təhlükəsizliyini yüksək səviyyədə qoruyur. Hər hansısa təhlükənin ola bilməsi haqqında sizə tək bir misal deyim. Yəqin ki, məlumatınız var, 6 fevral 2016-cı il tarixində İsveçrədə yaşayan mühacirlər Bern şəhərində Azərbaycan hökumətinə qarşı “Xalqın yanında, hakimiyyətin qarşısındayıq” etiraz aksiyası zamanı mitinq iştirakçılarının fotolarını çəkən şəxsin foto və videosunu facebookda yayımlamışdılar. Həmin “eynəkli” şəxs Azərbaycan Respublikasının İsveçrədəki səfirliyinin ikinci katibi Hamlet Əkbərov idi. Bilirsiniz o fotoları niyə çəkirdilər? Həmin fotolar dərhal Azərbaycana, DTX və DİN-ə göndərilir. Mitinqin təşkilatçıları və iştirakçılarının şəxsiyyətini müəyyən edib, sonra onların Azərbaycanda yaşayan yaxınlarını və ailə üzvlərini incitmək üçün istifadə olunur. Eyni zamanda həmin şəxslərə qarşı fiziki və mənəvi terror hazırlamaq üçün Bakıdan göstərişlər alırlar. Səfirlik öz diplomatik missiyasını yerinə yetirmək əvəzinə, İsveçrədə daha çox azərbaycanlı mühacirlərə qarşı şpionajla məşğuldu. Həmin şəxslər haqqında hər bir məlumat onlar üçün olduqca maraqlıdır. Kimliyi, kiminlə dost olması, hansı məkanlara tez-tez gəlib- getməsi, yaşadıqları ünvan, telefon nömrələri, e-mail ünvanları, psixoloji portretləri, zəif cəhətləri, bir sözlə, bütün mümkün informasiyaları toplayırlar. Hər biri haqqında NKVD və KQB metodu ilə “qovluq” açırlar. Bu istiqamətdə aparılan “şpionaj” işi digər Avropa ölkələrindən fərqli olaraq İsveçrədə xüsusi qaydada aparılır. Hətta İsveçrədə aktiv fəaliyyət göstərən bir neçə siyasi mühacirin “xüsusi nəzarətə” götürülməsi haqqında da məlumatım var. Səfirliyin dəhlizlərində çox “təhlükəli oyunların” anonslarını eşitmişəm. Bu haqda ayrıca danışacam. Mən dərhal həmin videonu öz səhifəmdə paylaşdım və həmin şəxsləri xəbərdar etdim. Bəli, burda mənə qarşı da hər hansısa təhlükə ola bilər. Həmin təhlükə yalnız və yalnız Azərbaycan səfirliyinin əməkdaşları, səfirliklə gizlin əməkdaşlıq edən bəzi “soydaşlarımız” tərəfindən ola bilər. O soydaşlarımızdan danışıram ki, onların həm səfirlik, həm də SOCAR ilə gizli əməkdaşlıqları var. Bütün bu riskləri nəzərə alaraq, bir neçə nəfər istisna olmaqla heç bir azərbaycanlı ilə əlaqə saxlamıram, hər hansısa əlaqəyə girmirəm.
Kiməsə mesajınız varmı?
Son olaraq onu demək istəyərdim ki, mənim və digər belə bir addım atmağa məcbur olan insanların haqqında sifarişli yazılar yazan, şər-böhtan kampaniyası aparan, jurnalistika adına ləkə gətirən “jurnalist”lər papaqlarını qarşılarına qoyub yaxşı-yaxşı fikirləşsinlər. Rusların belə bir məsəli var: “Heç vaxt, heç vaxt demə”. Sabah belə bir haqsızlıq onların da başına gələ bilər. Hər bir vətəndaşın qarantı dövlət olmalıdır. Çox təəssüflər olsun ki, bizim dövlət, bizim ölkə mafiya qruplaşmasının əlindədir. O mafiya qruplaşması ki, böyük Məhəmməd Əmin Rəsulzadənin fotosunu facebook profilimdə paylaşdığım üçün mənə az qala “vətən xaini” damğasını vurmağa çalışdılar. Səfirliyin digər əməkdaşlarının uşaqları mənim uşaqlarıma “sənin atan müxalifətçidir” deyib mənəvi terror edirdilər. Amma İsveçrədə oğurluqla, dövləti talamaqla aldıqları mülk və qurduqları biznesi “halal” hesab edirlər. Danışılası, deyiləsi çox şeylər var…