Vətəndaş cəmiyyətinin nümayəndələri müraciət hazırlayıb
İyunun 4-dən harada olduğu bəlli olmayan hüquqşünas Emin Aslanın (Aslanov) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanıldığı bildirilib. Bu barədə onun vəkili Elçin Sadıqova məlumat verilib. Lakin vəkili ilə görüşünə şərait yaradılmayıb.
İyunun 5-də vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət böyük bir qrup Emin Aslanın saxlanması ilə bağlı narahatlığını bildirib.
Müraciətdə deyilir ki, Sirakuza Universitetinin (ABŞ) hüquq fakültəsinin məzunu E.Aslan iyunun 4-də “Park-Bulvar”ın qarşısında saxlanılıb.
“Mülki geyimli üç nəfər heç bir izahat vermədən E.Aslanı 90 XG 017 nömrə nişanlı avtomobilə oturdaraq naməlum istiqamətə aparıblar. Dərhal bu barədə DİN-in 102 xidmətinə məlumat verilib. Saxlanılan zamandan bir sutka keçməsinə baxmayaraq, onu kimin saxladığı və harada saxlandığı məlum deyil. E.Aslanı yaxınları vəkil Elçin Sadıqovla müqavilə bağlasalar da, vəkil öz işinə başlaya bilmir. Vəkilin və E.Aslanın yaxınlarının hüquq-mühafizə orqanlarına, DİN-in qaynar xəttinə telefon zəngləri cavabsız qalır”.
Daha sonra müraciət müəllifləri bildiriblər ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, sözügedən avtomobil DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşına məxsusdur.
“E.Aslan bir sıra təşkilatlarda hüquqşünas işləyib, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin hazırlanmasında iştirak edib.
O, 2 il ABŞ-da magistraturada təhsil alıb, cəmi 4 gündür ki, Bakıya qayıdıb”.
Fəallar repressiyanın güclənməsindən çox narahatdırlar. Onlar ictimai fəalların küçədə oğurlanması, saxlanma yerlərinin gizlədilməsi, qapalı məhkəmə iclaslarında uydurma ittihamlarla həbs edilməsi ilə bağlı rüsvayçı praktikadan hiddətləndiklərini bildirirlər.
Müraciət müəllifləri hüquq-mühafizə orqanlarının rəhbərlərindən E.Aslanovun harada saxlanması barədə dərhal onun yaxınlarına, vəkilinə və ictimaiyyətə məlumat verilməsini, təqsirkar şəxslərin cəzalandırılmasını tələb edirlər.
“Biz Emin Aslanovu bu ölkənin peşəkar hüquqçu və bu ölkənin ən ləyaqətli gənclərindən biri kimi tanıyır, bütün məsuliyyəti ilə bildiririk ki, o, heç bir cinayət törətməyib. Bu həbsin arxasında peşə və ictimai fəaliyyətindən dolayı siyasi motivlər dayanır”, – müraciətdə deyilir.
Sənəd müəllifləri daha çox vəkili E.Aslanın müdafiəsinə qoşulmağa çağırırlar və siyasi motivli həbslərə son qoyulmasını tələb edirlər.
Müraciəti 130-a yaxın fəal, hüquq müdafiəçisi, jurnalist, bloger imzalayıb.
Onların arasında İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Samir Kazımlı, Bəşir Süleymanlı, Oqtay Gülalıyev, jurnalist Xədicə İsmayılova, Rövşən Hacıbəyli, Şahvələd Çobanoğlu, siyasətçilər İsa Qəmbər, Cəmil Həsənli, Elman Fəttah, hüquqşünaslar Erkin Qədirli, Ənnağı Hacıbəyli, Əlayif Həsənov və başqaları var.