18 nəfərin torpağı “Crocus Group” tərəfindən əllərindən alınıb
Avropa İnsan Haqları Məhkəməsi fevralın 18-də Fatma Qəniyeva və daha 17 nəfərin şikayəti əsasında Azərbaycanı 234 min avro (yarım milyon manata yaxın) cərimələyib. Məhkəmə ərizəçilərin hər birinə maddi ziyana görə 10 min, mənəvi ziyana görə 3 min avro kompensasiya ödənilməsinə qərar verib.
18 nəfər şikayətçi Sabunçu rayonu ərazisində torpaq sahələrinin “Crocus Group” tərəfindən əllərindən alındığını, bu prosesdə dövlət orqanlarının da şirkətə yardım etdiyini bildirirlər. Sözügedən torpaq sahələri Nardaranda, Xəzər dənizinin sahilində yerləşib. Şirkət orada istirahət mərkəzi inşa etdirib. Şikayətçilərin sözlərinə görə, həmin ərazilərə görə onlara kompensasiya ödənilməyib.
Yerli məhkəmələr vətəndaşların şikayətlərini təmin etməyib. Avropa Məhkəməsi isə şikayətlərin əsaslı olduğu nəticəsinə gəlib, onların mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu təsdiqləyib.
Torpaqların “Crocus Group” tərəfindən vətəndaşlardan alınması 2007-ci ildə baş verib. İki il yerli məhkəmələrə şikayətlərdən sonra şikayətçilər 2009-cu ildə Avropa Məhkəməsinə üz tutub.
“Crocus Group”un rəhbəri Prezident İlham Əliyevin qudası, şirkətin vitse-prezidenti isə dövlət başçısının qızı Leyla Əliyevanın keçmiş həyat yoldaşı Emin Ağalarovdur. Onlar 2006-cı ildə nikah bağlayıblar və bu nikahdan əkiz oğulları dünyaya gəlib.