Emili Hobhaus – Britaniyada satqın, Afrikada qəhrəman kimi tanınan cəsur qadın

Missis Hobhaus dövlət katibiylə görüşür və düz iki saat ona əsir düşərgələrindəki vəziyyət barədə danışır

Source: meydan.tv


(Birinci hissə)


“Emili Hobhaus ən nəcib və cəsarətli qadınlardan biriydi. O, mükafat barədə düşünmədən çalışırdı…”


Mahatma Qandi

Emili Hobhaus – britaniyalı pasifist, hüquq müdafiəçisi, feminist. İkinci Bur müharibəsində Britaniyanın Cənubi Afrikadakı əsir düşərgələrini təftiş edib hökuməti “biabır edən”, buna görə məmurların və mətbuatın kəskin tənqidləriylə üzləşən, “satqın” adlandırılan, amma geri çəkilməyən və düşərgələrdəki vəziyyətlə bağlı hesabat hazırlayıb onun cəmiyyətdə və parlamentdə müzakirəsinə nail olan, Birinci dünya müharibəsində Almaniya və Britaniya arasında sülh danışıqlarının baş tutmasına və əsirlərin dəyişdirilməsinə çalışan, yaratdığı fondlar vasitəsilə minlərlə qadın və uşağın ərzaq təminatını öz üzərinə götürən, həyatını məzlumların müdafiəsinə həsr edən cəsur qadın.

****

Emili Britaniyanın Kornuoll qraflığında, anqlikan kilsəsinin rektoru Recinal Hobhausun ailəsində dünyaya gəlib (1860). 20 yaşında anasını itirib, sonrakı 14 ili xəstə atasına baxıb, o da vəfat edəndən sonra Kenterberi arxiyepiskopununu xanımı tərəfindən təşkil edilən xeyriyyəçilik səfərinə yollanıb – Amerikanın Minnesota ştatındakı mədənlərdə işləməyə getmiş kornuollulara yardım etməyə. Orda Con Karrom adlı bir şəxslə nişanlanıb, ardınca cütlük Meksikada ferma alıb, amma bir müddət sonra münasibətləri pozulub və fermanı satıblar. Bu alqı-satqıda xeyli pul itirən gənc qız İngiltərəyə qayıdıb (1898).

Emili toy üçün aldığı, amma istifadə edə bilmədiyi gəlinlik duvağını Cənubi Afrikadakı Müstəqil Narıncı Dövlətin (Bur respublikalarından biri) paytaxtı Blumfonteyndə yaradacağı Narıncı Qadınlar Cəmiyyətinin qapısından asacaqdı – qadınların həyatını yaxşılaşdırmaq işinə sədaqətinin simvolu kimi.

Bu ölkəyə də onu insanlara kömək həvəsi aparıb çıxarıb. Afrikanın cənubunda İkinci Bur müharibəsi başlayanda (1899) deputat Leonard Kortni onu prezidenti olduğu Cənubi Afrika Uzlaşma Komitəsinin qadın şöbəsinin rəhbəri vəzifəsinə dəvət edib.

Emilinin həmin dövrlə bağlı xatirələrindən:

“1990-cı ilin yayında eşitdim ki, bizim ordunun hərbi əməliyyatları nəticəsində həyatları alt-üst olmuş Bur qadınları əsir düşərgələrinə sürgün ediliblər. Onların müdafiəyə və təşkilatlanmış yardıma ehtiyacı vardı”.

Tezliklə Emili Cənubi Afrika Qadınlarına və Uşaqlarına Yardım Fondu yaradır və toplanmış vəsaiti onlara çatdırmaq üçün Kap koloniyasına yola düşür. Cənubi Afrikaya çatanda 1 yox, tam 34 əsir düşərgəsi olduğunu öyrənir, 12 ton yardımla ilk olaraq getdiyi Blumfontey düşərgəsindəki vəziyyəti görüb dəhşətə gəlir:

“Hava çox soyuq idi, güclü yağış yağırdı. Dəmir yolunun kənarları boyu ac və xəstə yüzlərlə insan yatmağa – heç bir şəraitin olmadığı, hər birinə çox sayda adamın yerləşdirildiyi çadırlara doğru gedirdi. Düşərgədə su qıtlığı problemi vardı, əsirlərə sabun da verilmirdi. Yanacaq yerinə kiçik təpələrdə bitən kollardan istifadə olunurdu, onları əsirlərin özlərinə yığdırırdılar. Yemək rasionu o qədər məhduduydu ki, əsirlər aclıq çəkirdilər”.

Uşaqların aclığı Emilini daha çox narahat edir. Üstəlik, qızılca, bronxit, pnevmoniya, dizenteriya, yatalaq kimi xəstəliklər də onların ölümünə səbəb olurdu. “Keşmişdən gələn səslər” adlı xatirə kitabında Emili onlardan biri – Lizzi van Zil haqqında daha detallı yazıb. Əvvəl Blumfonteyn düşərgəsindəki çadır-məntəqədə, sonra da düşərgədən 50 km aralıdakı xəstəxanada saxlanan qızcığaza çox az yemək verildiyini, buna görə onun bir dəri–bir sümük qaldığını, tibb bacılarının Lizziylə çox kobud davrandığını qeyd edib: “Bir gecə Lizzi anasını çağırmağa başladı, missis Bota yaxınlaşıb qızcığazı sakitləşdirmək, anasını tezliklə yenə görəcəyini demək istəyəndə tibb bacılarından biri sərt şəkildə onun sözünü kəsdi, bu “başabəla uşağa” yaxın durmamasını tələb etdi”.

Marianne-Hobhouse.jpg
Emili Hobhaus

Missis Hobhaus əsirlərə paltar paylayır, hamilə qadınlar üçün döşək təşkil edir, onun çoxsaylı təkidlərindən sonra çadırların sayı artırılır, əsirlərə su qaynatmaq üçün çaydan, ara-sıra da sabun verilir.

Onun düşərgələrdən birində nümayiş etdirdiyi cəsarətlə bağlı belə bir qeyd var:

“Çadıra zəhərli ilan girdi. Gubernatordan nə qədər qorxa bilərdisə, ilandan da o qədər qorxan missis Hobhaus onu çətiriylə öldürməyə çalışdı. Sonra da çaşqınlıq içində olan britaniyalı zabitlərdən süd, paltar, dərman və sabun tələb etdi. Düşərgə komendantlarının heç biri yaxşı əlaqələri olan bu yaxşı geyimli qadının kim olduğunu tam olaraq bilmirdilər, amma qəzəblənəcəyini bildikləri üçün ona “yox” demirdilər”.

****

Sonrakı günlərdə Emili digər düşərgələrə də yardım aparmaq istəyir və bir necə cəhddən sonra bunun üçün hökumətdən icazə ala bilir.

Bir neçə əsir düçərgəsində olandan sonra Cənubi Afrika Qadınları və Uşaqlarına Yardım Fondu üçün hesabat hazırlayan (sonradan sənəd Britaniya hökumətinə də təqdim edilir) missis Hobhaus düşərgəlirin mövcud olduğu 18 ay ərzində 27927 nəfərin öldüyünü, bunlardan 24 000-inin 16 yaşına çatmamış uşaqlar və körpələr olduğunu, hər gün ortalama 50 uşağın həyatını itirdiyini bildirir.

Bəzi düşərgələrdə bir çadırda 10-12 nəfərin yaşadığını qeyd edən Emili bu praktikanı “son dərəcə qəddar sistem” olaraq dəyərləndirir. Onun hesabatı hakimiyyət mənsublarının bu məsələdəki böyük məsuliyyətsizliyini aşkara çıxarır:

“Bu düşərgələri belə vəziyyətdə saxlamaq uşaqları öldürmək deməkdir, çünki burda ən çox uşaqlar əziyyət çəkirlər. Siz və ya hökumət çox məhdud vəsaitlə mümkün olan hər şeyi etsə belə, bu, dənizdə damla olacaq. Fizki baxımdan zəif minlərlə insan dözülməz olan şəraitdə yaşayır. Onların ətrafı boş xarabalıqlardır. Əgər britaniyalılar xəyal güclərini işə salsaydılar bu acınacaqlı mənzərəni bəlkə təsəvvür edə bilərdilər. Hər şeydən əvvəl ümid etmək istərdim ki, ingilis xalqının sağlam düşüncəsi zəiflərə, qadınlara və uşaqlara sarsıdıcı zərbə vuran bu qəddar sistemin qalmasına qarşı çıxacaq.

Bəziləri hələ də iddia edirlər ki, düşərgə bir xoşbəxtlik limanıdır. Bu gün mənim olduğum düşərgənin sadəcə bir guşəsində 30 xəstəyə qulluq etmiş yarıac tibb bacısı yorğunluqdan çarpayısına yıxılıb qalmışdı. Növbəti çadırda 6 aylıq körpə anasının dizləri üstə can verirdi. Burda daha üç xəstə uşaq vardı. Səyyar çarpayıda 21 yaşlı qız can verirdi, hündür və mehriban adam olan atası onun yanında diz çöküb qalmışdı. Yan çadırdakı anası isə ölüm ayağında olan 6 yaşlı oğlunun yanında oturmuşdu. Bu adamlar artıq üç övladlarını itirmişdilər, ona görə də çadırdan çıxmaq təklifimi israrla rədd etdilər. Mən kollaps vəziyyətində olan uşaqları görməyin necə dəhşətli bir şey olduğunu sözlə ifadə etməyə çətinlik çəkirəm”.

“Cəsədlər qardaşlıq məzarına aparılırdı… İnsanların çəkdiyi əzabları gördükcə ürəyim qan ağlayırdı” – sonralar həmin günləri Emili belə xatırlayacaqdı:.

****

Həmin ilin may ayında İngiltərəyə qayıdan Emili həm Britaniya hökumətinin, həm də kütləvi informasiya vasitələrinin kəskin tənqidi və hətta düşmənçiliyi ilə qarşılaşır. İyun ayında onun Cənubi Afrika Qadınları və Uşaqlarına Yardım Fondu üçün hazırladığı hesabat dərc olunur. Emili və tərəfdarları hesabatda göstərilən faktların ictimailəşməsi üçün böyük əmək sərf edirlər. Missis Hobhaus dövlət katibiylə görüşür və düz iki saat ona əsir düşərgələrindəki vəziyyət barədə danışır. Onun qəzetlərə yazdığı israrlı məktublar sayəsində məsələ beynəlxalq qalmaqala çevrilir. İkinci Bur müharibəsində Cənubi Afrikadakı Britaniya qoşunlarının komandanı olmuş feldmarşal Herbert Kitçener onu “qanlı qadın” adlandırır.

Britaniya deputatları Emilinin dediklərinə müsbət yanaşmasalar da, hökumət Qadın Seçki Cəmiyyəti Milli Birliyinin (NUWSS) rəhbəri Millisent Fosettin rəhbərliyi altında istintaq komissiyası yaradır, növbəti il missis Fossent Emilinin hesabatındakı faktların böyük əksəriyyətinin təsdiqləndiyini bildirir.

Ana səhifəXəbərlərEmili Hobhaus – Britaniyada satqın, Afrikada qəhrəman kimi tanınan cəsur qadın