25 431 müəllimin əməkhaqqısı artırılıb
Bu tədris ilində Azərbaycanın 12 şəhər və rayonu üzrə diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimin (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) əməkhaqqısı artırılıb.
Təhsil Nazirliyindən “Report”a verilən xəbərə görə, prezident İlham Əliyevin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları bu ilin aprelin 1-dən orta hesabla 10 faiz artırılıb.
Nazirlikdən bildirilib ki, Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan, əvvəllər sınaq imtahanlarında iştirak etməyən və iştirak edib aşağı bal toplayan, eləcə də Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib.
İmtahanlar proqram təminatı əsasında kompüterlər vasitəsilə keçirilib. Diaqnostik qiymətləndirmə Azərbaycan Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına və təhsil nazirinin müvafiq əmrinə əsasən aparılıb.
Azərbaycanın 12 şəhər və rayonu üzrə diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimin (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) əməkhaqqısı artırılıb.
Müəllimlərin dərs yükünə, pedaqoji fəaliyyət üzrə stajına, ali və ya orta ixtisas təhsilli olmasına, sinif rəhbəri və fəxri adının olub-olmamasına və digər bir neçə meyara uyğun olaraq, əməkhaqları 30-40 faiz artırılıb.